Uşaqları yedirdərkən bu səhvləri etməyin

2 Aprel 2016 10:00 (UTC+04:00)

Uşaqların immunitet sisteminin inkişafı və sağlamlıqları baxımından düzgün qidalanmaları çox əhəmiyyətlidir. Bəzən valideynlərin uşağın qidalanmasında "sağlam olsun", "immuniteti güclənsin" deyə etdiyi bəzi yaxşı niyyətli davranışlar fayda yerinə zərərə səbəb ola bilər. Bu səhvlər uşaqların qidalanma vərdişlərini pozduğu kimi, lazımsız və boş kalorilərlə iştahlarının kəsilməsinə də yol aça bilər. Bundan başqa, körpəlik və uşaqlıq dövründə həddindən artıq kalori qəbulu piylənməyə zəmin hazırlayaraq, uşağın erkən yaşda diabet, yüksək təzyiq, ürək və damar xəstəliklərinə tutulmasına səbəb olur. Xüsusilə ilk üç yaşda uşaqların fiziki və zehni inkişaflarını ən yaxşı formada təmin etmək üçün zülal, dəmir, vitamin və minerallarla zəngin qidalara üstünlük vermək lazımdır.

Aile.lent.az uşaqların qidalanmasında valideynlərin ən çox yol verdiyi 10 səhvi təqdim edir.


1. Nə qədər çox süd içərsə, sümükləri bir o qədər inkişaf edər. Bu, səhvdir. Xüsusilə 1 yaşından böyük uşaqlara gündə 500 ml-dən çox süd içirtmək ən çox rast gəlinən qidalanma səhvidir. Həddindən artıq süd qəbulu uşaqda həm iştahsızlığa səbəb olur, həm də dəmir çatışmazlığına bağlı qansızlıq və qəbizliyə gətirib çıxarır. Süd qəbulu 500 ml-dən çox olmamalı və süd stəkanla verilməlidir. Ən geci 2 yaşından etibarən uşağa yatmazdan ən az 1,5 saat əvvəl yeyib-içməmək vərdişi qazandırılmalıdır. Beləliklə də, uşaq səhərlər ac olaraq oyanacaq və səhər yeməyini doyunca yeyəcək.


2. Ət və sümük suyunun tez-tez verilməsi faydalıdır! Əhəmiyyətli bir səhv da anaların ət suyu və sümük suyunun çox faydalı olduğunu düşünərək ətin özü yerinə suyunu uşaqlara vermələridir. İstifadə edilməsi lazım olan ətin özüdür. İlk olaraq qıyma və ya başqa formada tərəvəz pürelərinə əlavə olunaraq yedirtmək olar. Eyni formada tez-tez biskvit verilməsinin də körpə qidalanmasında heç bir xeyri yoxdur. Biskvit yüksək faizdə yağ və şəkər ehtiva etdiyindən körpə qidalanması üçün uyğun deyil. Bəzi qidalar gündə bir-iki dənə verilə bilər, amma tez-tez və çox olmamaq şərtilə.


3. İştahsız uşaqları televizor qarşısında yedirtmək səhvdir. Uşaqlar şüurlu formada qidalanmalı, yediyindən zövq və dad almalıdır. Televiziya qarşısındakı uşaq yemək yediyinin fərqində olmur. Bu, o an üçün bir çarə kimi görünsə də, uşağın iştahını açmır, asılılıq yaradır və anti-ictimai olmasına səbəb olur.


4. Analar qoz, badam, fındıq və fıstıq kimi qidaları körpələrinin səhər yeməyinə əlavə etməyi çox sevirlər. Amma bu qidalar bəzi körpələrdə allergik reaksiyalara yol aça bilər. Bu səbəbdən də körpə 6 ayından sonra əlavə qidalara keçəndə hər bir qida ilk 3 gün tək formada verilməlidir. Yəni qidanın yanında başqa qidalar olmamalıdır. Beləliklə də, uşağın hər hansı qidaya allergiyası olub-olmadığı aydınlaşar. Bundan başqa, quru qidalar 3 yaşından balaca uşaqların tənəffüs yollarında problem yarada bilər. 3 yaşından balaca uşaqlara quru qida vermək istəyirsinizsə, onu əzərək toz halına gətirib verməlisiniz. Bununla yanaşı, portağal, naringi və qreypfrut kimi sitrus meyvələr, çiyələk və tropik meyvələr də 1 yaşdan balaca uşaqlarda allergiyaya səbəb ola biləcəyi üçün verilməməlidir. 1 yaşından tez verilməməsi lazım olan digər bir qida da baldır. Bir növ zəhərlənməyə yol aça biləcəyi üçün uşaqlara 1 yaşından tez bal vermək olmaz.


5. Ev yeməklərinin suyu vitamindir. Bu da səhv fikirdir. Körpələrə 1 yaşından tez böyüklər üçün hazırlanan yağlı, turşulu, duzlu qidaların verilməsi fayda yerinə zərər gətirir. Bu qidalarda olan həddindən artıq duz böyrəklər üçün natrium yükü meydana gətirir və gələcəkdə yüksək təzyiq, şəkər və piylənmə riskini artırır.


6. Meyvə yerinə meyvə suyu içirmək xeyirlidir. Daha bir səhv fikir. Meyvə suları analar üçün əhəmiyyətlidir və çox sağlam olduğunu düşünürlər. Halbuki uşağın 1 stəkan portağal suyu yerinə 1 portağalı yeməsi çox daha sağlamdır. Beləcə həzm sistemi üçün faydalı olan meyvənin posasını da qəbul etmiş olacaq və çox şəkər qəbulundan çəkinmiş olacaq. Meyvə suları həmçinin diş çürüməsi riskini də artırır.


7. Bir çox ana-atanın etdiyi bir səhv də uşaqları yemək yeyən zaman qazlı içkilər və ya hazır meyvə sularından az da olsa içməsinə göz yummasıdır. Üstəlik, valideynlər uşaqlarının yanında özləri də bu içkiləri içir. Bu da səhvdir. Uşaqların qidalanmasında bu içkilərə yer vermək qəti olmaz. Buna oxşar daha bir səhv uşaq yeməyini yedikdən sonra mükafat olaraq şəkər, konfet, şirniyyat verilməsidir. Şəkərin sağlamlıq baxımından son dərəcə zərərli olması bir çox elmi araşdırmalarda sübut edilib.


8. Qidaların qarışdırılıb verilməsi düzgün deyil. Xüsusilə səhər yeməyində uşaqlara biskvit, süd, çay, pendir, qoz, zeytun, yumurta kimi bir çox qidanın qarışdırılıb yedizdirilməsi analar arasında çox məşhurdur. Bu cür qidalanma həddindən artıq kalori yüklüdür və uşağın daha sonrakı yemək vaxtlarında iştahının azalmasına səbəb olur. Bundan başqa, bütün qidaların dadları bir-birinə qarışdığı üçün uşağın fərqli dadları qəbul etməsinə də mane olur. Bu məntiqlə körpələrə fərqli dadlara alışması üçün 5-6-cı aydan tez hər şeydən daddırmaq inancı da səhvdir.


9. Ağlayırsa, ana südü kifayət deyil fikri səhvdir. Unutmaq olmaz ki, körpələr təkcə ac olduqları üçün ağlamırlar. Onların ağlamaq üçün bir çox başqa səbəbləri də ola bilər. Buna görə də hər dəfə uşağın ağlaması aclıqla əlaqələndirilməməlidir. Əgər körpə ilk üç ayda ən az 600 qr, yəni həftədə 150 ​​qr çəki alırsa, demək, ana südü kifayətdir. Ona görə də ağlamasının digər səbəbləri araşdırılmalıdır. Körpə hər ağladıqda ona yemək verilməməlidir. Körpənin çəkili, kök olması da onun sağlam olmasının göstəricisi deyil. Körpəlik çağında piylənmənin gələcəkdə sağlamlıq baxımından risk meydana gətirdiyi yaxşı məlumdur. Ona görə də hətta ana südü ilə qidalanma da körpələrdə piylənməyə səbəb ola bilər. Gecə tez-tez oyanması da körpənin aç olması demək deyil. Buna görə də aylıq böyümə sürəti normal olan körpəyə gecə hər dəfə tez oyandıqda əlavə qida vermək səhv addımdır.


10. Hər qidanı yeməlidir, boşqabındakı yeməyi bitirməlidir. Bu, kökündən yanlış fikirdir. Böyüklər kimi uşaqların da sevmədiyi qidaların olması normaldır. Uşaqların da qidalanmasına hörmətlə yanaşmaq lazımdır. Təməl qida qruplarından bəzilərini yeməsi kifayətdir. Məsələn, pendir yemirsə, yerinə süd və qatıq yeyə bilər. Ət yemirsə, yumurta yeyə bilər və ya əksinə. Bundan başqa, uşağın boşqabını həddindən artıq doldurmayın. Məsələn, yeməkdə şorba, tərəvəz yeməyi, plov və qatıq varsa, bunların hərəsindən 3-4 qaşıq yeməsi kifayətdir./ailelent.az/