Qarabağ münaqişəsinin həllində BMT vasitəçiliyi

1 Dekabr 2012 07:39 (UTC+04:00)

Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə ümidlər getdikcə tükənməkdədir. Vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətlərinin hansısa yeniliyə, dəyişikliyə gətirib çıxaracağı qətiyyən inandırıcı görünmür. Bu fonda isə danışıqlarda vasitəçilik missiyasının başqa quruma, məsələn, BMT Təhlükəsizlik Şurasına həvalə edilməsi yenidən gündəmə gəlib.

Məsələyə münasibət bildirən politoloq Cümşüd Nuriyev xatırladır ki, BMT Dağlıq Qarabağ münaqişəsilə ilgili 4 qətnamə qəbul edib: "Bundan başqa BMT-nin Baş Assambleyasında Ermənistanı işğalçı dövlət kimi qəbul ediblər. Bu müzakirələr də dəfələrlə aparılıb. Lakin bu günə qədər BMT qəbul etdiyi qətnamələrin icrasında beynəlxalq qurum kimi hansısa bir addım atmayıb. Əslində, BMT ABŞ-ın dünya siyasətini həyata keçirən bir qurumdur. Ona ABŞ Dövlət Departamentinin 5-ci şöbəsi desək, daha düzgün olar. Adətən də bura elə insanları baş katib qoyurlar ki, həmin adamlar bu və ya digər dərəcədə hara iləsə bağlı olsunlar. Məsələn, indiki baş katib Pan Gi Mun Cənubi Koreyada "bumçular"la bağlıdır var ki, onlar da budduzumlə məşğul olan bir təşkilatdır. Yəni, bu insanın Cənubi Koreyaın özündə belə sözü o qədər keçmirdi. İndi gəlib, BMT-dəmi sözü keçəcək?

Ona görə də Qarabağ münaqişəsinin ATƏT-dən çıxarılıb, BMT-yə verilməsində də bir fayda olmayacaq. Çünki, burada əsasən iki böyük dövlətin - Rusiya və ABŞ-ın marağı var. O maraqlarda da ki, Azərbaycanın xeyrinə heç nə yoxdur. Biri Qafqazda möhkəmlənmək istəyir, o biri də Qafqaza girmək istəyir. Hər ikisində də "açar dövlət" Azərbaycandır.

Azərbaycan əslində, ATƏT-in vasitəçiliyindən tam imtina etməlidir və beynəlxalq hüquq müstəvisində də bu addımı atmalıdır".

Digər politoloq Qabil Hüseynli isə bildirir ki, ATƏT-in indiyə qədər olan fəaliyyəti onu göstərir ki, bu təşkilat ümumiyyətlə, problemi həll etmək iqtidarında deyil: "Həmişə bu xəttin tərəfdarı olmuşam ki, məsələ BMT müstəvisində həll edilməlidir. Yəni, məsələnin çözülməsi ATƏT-dən alınıb BMT-yə verilməlidir. Bu, məsələnin həllində irəliyə doğru atılmış bir addım olar. Çünki, biz BMT Təhlükəsizlik Şurasının keçici də olsa, üzvüyük. İkincisi, BMT-də kifayət qədər tərəfdarlarımız var. Məsələn, Ermənistan ilə müqayisədə Azərbaycanı dəstəkləyən dövlətlərin sayı BMT-də daha çoxdur. Bundan başqa BMT-nin münaqişələrin həll prinsipində öz müqəddaratını təyin etmə prinsipi yoxdur. Dövlətlər hansı ərazi ilə BMT-ə daxil olublarsa, həmin ərazi ilə də BMT tərəfindən müdaifə olunurlar. ATƏT münaqişənin həllində qocalmış kommunistlərdən qalma hesab edilən öz müqəddarıtın təyin etmə hüququnu gətirib həll variantını daxil edib. Bu isə ciddi problemlər yaratdı, faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü sual altına qoydu. Amma BMT-də öz müqəddaratını təyinetmə prinsipi həm yoxdur, həm də onu ora gətirməyə çalışsalar da ərazi bütövlüyü məsələsi BMT-də beynəlxalq hüququn birinci yerdə duran normasıdır. Bu nöqteyi-nəzərdən həm BMT-də həll variantları Azərbaycanın istəklərinə uyğundur, həm də oradakı mühit əlverişlidir. Məsələn, BMT Azərbaycan haqqında 4 qətnamə qəbul edib. Yeri gələndə biz həmin qətnamələri yerinə yetirmək üçün BMT-dən Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb edə bilərik. Bir sözlə, BMT-də diplomatiyamız uğurla çalışsa və ciddi lobbiçilik fəaliyyəti həyata keçirə bilsə, ATƏT-lə müqayisədə bizim üçün BMT daha yaxşı siyasi müstəvi ola bilər. Problemin həllini ATƏT-in inhisarından çıxarmaqla əslində onu ermənipərəst dövlətlərin inhisarından çıxarmış oluruq. Bu nöqteyi-nəzərdən BMT variantı uğurlu ola bilər.