Araşdırmalar göstərir ki, Azərbaycanda əhalinin əlində kifayət qədər böyük məbləğdə pul vəsaiti var. Azərbaycanın inkişaf etməsi, ölkədə biznes mühiti üçün əlverişli şəraitin yaradılması əhalinin pul toplamasına imkan yaradıb. Lakin ölkə əhalisi həmin vəsaitlərini ancaq kağız əskinası şəklində saxlamağa üstünlük verir. Bu da indiki şəraitdə olduqca risklidir.
Belə ki, Avropanı bürüyən maliyyə böhranı, avronun məzənnədən düşməsi son nəticədə gətirib pulun qüvvədən düşməsilə sonuclanıb. Belə bir təhlükəni nəzərə alan Ukrayna hökuməti əhalisinə məsləhət görüb ki, əllərində olan vəsaitləri qızıla yatırsınlar. Çünki qızılın dəyəri daim artdığından kağız puldan fərqli olaraq o, həmişə öz yüksək qiymətini saxlamaqdadır. Görəsən, anoloji addımı əllərində kifayət qədər vəsaiti olan Azərbaycan əhalisi də ata bilərmi?
Müstəqil iqtisadçı ekspert Cümşüd Nuriyev bildirdi ki, imkanları geniş olan ölkə əhalisi onsuz da pulunu qızıla yatırır: "Azərbaycan əhalisi onsuz da həddən çox qızıl sevər millətdir. Digər tərəfdən, ölkə əhalisinin əlinin altında indi azı 5-6 milyard manat pul vardır. Bunu gizlətməyə ehtiyac da yoxdur. Ölkəmizdə imkanları geniş olanlar təbii ki, indinin özündə belə pullarını qızıla yatırmağa üstünlük verirlər. Ona görə də paytaxtımızın əksər iri mağazaları qızıl satmaq üzrə ixtisaslaşıb. Bu mənada ölkə əhalisinin əllərindəki pulu qızıla qoyması mümkün variantdır. Amma məsələ ondadır ki, hazırda ölkədə saxta qızıl alveri çoxalıb. Bu amilə qarşı mübarizə aparılsa da, hələ ki, prosesin qarşısını almaq mümkünsüzdür. Xaricdən bir sıra hallarda ölkəmizə qızıl suyuna çəkilmiş aşağı keyfiyyətli qızıl gətirirlər. Təəssüf ki, əhali də onu kütləvi şəkildə alır. Belədə yaxşı olar ki, vətəndaşlar öz pullarını banklara yatırsın. Digər tərəfdən, banklar Rusiyadan keyfiyyəti yüksək olan 99 faizlik təmiz qızıl külçələr gətirərək onu depozit saxlamaq şərtilə əhalidən o miqdarda vəsait ala bilərlər. Amma məsələ ondadır ki, ölkəmizdə əhalinin banklara etibarı yüksək olmadığından prosesin bu cür həlli də bir qədər qəlizdir".
Digər ekspert Akif Nəsirli əhalinin əllərində olan pul vəsaitini qızıla yatırmasını indiki zamanda çıxış yolu saymır: "Bu çıxış yolu deyil. Əhalinin əllərindəki vəsaitləri kütləvi şəkildə qızıla yatırması müəyyən fəsadlar verə bilər. Qızıl ən etibarlı dəfinə vasitəsidir. Digər tərəfdən, Azərbaycanda Ukrayna ilə müqayisədə valyuta sabitliyi hökm sürür. Ukraynada pulun qızıla çevrilməsi həmin ölkənin tam şəkildə Avropaya inteqrasiya etməsilə əlaqədar olaraq aktualdır. Belədə Avropada olan inflyasiya onları da təhdid edir. Azərbaycanda isə yaxın gələcəkdə ciddi inflyasiya və maliyyə çətinliyi də gözlənilmir. Hazırda əhalinin ümumiyyətlə hansısa dəfinəyə müraciət etməsi o qədər də vacib deyil. İndi insanlar əllərindəki vəsaiti müəyyən işlər üçün yatıra bilər. Ölkəmizdə pulun hansı valyuta və ya qızılda ilə saxlanılması sahəsində problem yoxdur".
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev isə qeyd edir: "2011-ci ildə Azərbaycanda əhalinin gəlirləri 32 milyard manat olub. Hər il də bu rəqəm artır. Həmin xərclərin 60 faizi gündəlik xərclərə, 15 faizi vergi və sosial xərclərə gedir. Belədə insanların əlində həmin vəsaitin hardasa 20 faizə qədəri qalır. Bu da 7-8 milyard manat deməkdir. Onun da 4 milyarda əmanətlərin payına düşür. Deməli əhali 4 milyard manatı "yastıq altında" saxlamaqda davam edir. Həmin pul iqtisadiyyata yönəldilmir, ya da qeyri-rəsmi iqtisadiyyata gedir. Hazırda ölkəmizdə Ukraynadan fərqli olaraq milli valyutanın ucuzlaşması tendensiyası yoxdur. Əksinə, manat sabit olaraq qalır. Dollara münasibətdə cüzi bahalaşma da var. Azərbaycanda əhali arasında tarixən qızıla meyllilik olub. İnsanlar pulunu daha çox müxtəlif zinət əşyalarına verir və dara düşəndə onu satır. Əllərdəki pulu banklara yatırmaq ən etibarlı vasitədir. Banklara qoymaqla vətəndaş illik 10 faiz gəlir əldə edə bilər. Qızıl da faydalı olar. Amma insanların heç də hamısının iqtisadi biliyi yoxdur ki, qızılın qiymətini izləsinlər. Sabah qızılıq qiymətinin düşməsilə onun dəyəri itir. Qızılın pula çevrilməsi proseduru bir qədər uzun çəkir. Millətimiz isə nağd pulu xoşlayır".