Coğrafiya İnstitutu: Azərbaycan dağıdıcı proseslərin baş verdiyi fəal dağlıq qurşaqda yerləşir

1 Aprel 2016 17:30 (UTC+04:00)

Azərbaycan inkişaf edən dağıdıcı proseslərin baş verdiyi fəal dağlıq qurşaqda yerləşir. Bu amillərin qarşılıqlı təsirinin ildən-ilə fəallaşması nəticəsində sel, daşqın, zəlzələ, sürüşmə, quraqlıq, yanğın və digər bu kimi təbii dağıdıcı hadisə və proseslərin ekoloji mühitə təsiri artır.


AMEA Coğrafiya İnstitutundan Movqe.az-a verilən məlumata görə, bunu institutun direktoru, akademik Ramiz Məmmədov "Azərbaycan Respublikasının Fövqəladə Hallar Atlası"nın hazırlanması ilə bağlı keçirilən iclasda deyib.


Akademik bildirib ki, bu baxımdan Azərbaycan Respublikasının Fövqəladə Hallar Atlasının yaranması zəruridir.


R.Məmmədov əlavə edib ki, ilk dəfə olaraq 2008-ci ildə Azərbaycan Respublikasının Fövqəladə Hallar Atlasının yaradılması barədə təşəbbüs qaldırmış, onun tərtib etdiyi layihə dəfələrlə müxtəlif səviyyələrdə müzakirə olunmuşdur. Azərbaycanda bu Atlasının yaradılması istiqamətində işlər iki il əvvəl başlamış və prezidentin məlum sərəncamından sonra sürətlənmişdir.


R.Məmmədov atlasın hazırlanması üçün 200-dən artıq xəritənin tərtibinə ehtiyac olduğunu diqqətə çatdırıb.


İclasda hazırlanacaq xəritələrin sahələr üzrə bölgüsü aparılıb.