Gənclər və İdman Nazirliyi nekroloq imzaladı

1 Aprel 2016 17:40 (UTC+04:00)

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi İdman Şöbəsinin müdiri Mirkamil Rəhimovun rəhmətə getməsi ilə əlaqədar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları tərəfindən nekroloq imzalanmışdır.


Movqe.az goal.az-a istinadən nekroloqu təqdim edir:


Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi İdman Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü, Respublikanın əməkdar bədən tərbiyəsi və idman xadimi Mirkamil Rəhimov uz


un sürən xəstəlikdən sonra, 31 mart 2016-cı il tarixdə ömrünün 60-cı ilində vəfat etmişdir.

Rəhimov Mirkamil Pirəli oğlu 18 iyun 1956-cı ildə Bakı şəhərində anadan olub.

1970-ci ildən başlayaraq idmanın sərbəst güləş növü ilə məşğul olub və idman ustalığına namizəd normasını yerinə yetirib, Respublika çempionatlarının və müxtəlif turnirlərin qalib və mükafatçısı olmuşdur. 1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunun pedaqoji fakultəsinə daxil olub və institutda ictimai əsaslarla qrup komsomol katibi vəzifəsində çalışıb.

1977-ci ildə İnstitutu müvəffəqiyyətlə bitirdikdən sonra, Rusiyanın Xabarovsk vilayətinin Svobodnıy şəhərində bir il hərbi xidmət keçib.

Hələ tələbəlik illərində Azərbaycan SSRİ Avtomobil Nazirliyinin 2708 nömrəli avtomobil dəstəsində istehsalat gimnastikası üzrə təlimatçı vəzifəsində əmək fəaliyyətinə başlayıb. Ordu sıralarında xidmətini bitirdikdən sonra 1977-1992-ci illərdə Həmkarlar İttifaqları İdman Cəmiyyətinin Bakı şəhər Şurasında baş təlimatçıdan rəis müavininə qədər müxtəlif vəzifələrdə çalışmışdır.

1992-ci ildə Azərbaycan Respublikası Dövlət İdman Komitəsində Kütləvi Bədən Tərbiyəsi və Sağlamlıq İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

31 mart 2016-cı il tarixinə qədər Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri vəzifəsində çalışırdı.

"Bədən tərbiyəsi və idman əlaçısı" adına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2006-cı il tarixli Sərəncamı ilə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 02 mart 2015-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görüıüb.

Tanınmış idman xadimi, bacarıqlı xeyirxah insan Rəhimov Mirkamil Pirəli oğlunun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollektivi