Ermənistan ATƏT-in Minsk qrupunun prinsipləri ilə razılaşıb

1 Dekabr 2012 07:46 (UTC+04:00)

"Ermənistan ATƏT-in Minsk qrupunun prinsipləri ilə razılaşıb". Bunu SalamNews-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan münaqişənin həll prosesinin mərhələli şəkildə baxılmasını istəyir. Yalnız bundan sonra sülh prosesinin həyata keçməsindən söz açmaq olar. O deyib: "Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov media vasitəsilə bəyan etdi ki, Ermənistan ATƏT-in Minsk qrupunun prinsiplərilə razılaşıbsa, onda belə nəticəyə gəlmək olar, sülh sazişinin imzalanmasının vaxtı gəlib çatıb. Azərbaycan öz növbəsində bu sülh sazişinin detalları üzərində işləməyə hazırdır. Təbii ki, bu konteksdən yanaşsaq, Ermənistan, ilk növbədə, işğal etdiyi ərazilərdən geri çəkilməlidir. Azərbaycan bunu daim bəyan edib. Hətta həmsədrlər danışıqlar masası üzərində Azərbaycanın bu mövqeyini Ermənistana dəfələrlə bildiriblər".

E.Abdullayev Ermənistan tərəfinin mərhələli həll proseninə başlamamasının səbəbini rəsmi İrəvanda siyasi iradənin olmaması ilə izah edib: "Azərbaycan yenə də ümidvardır ki, əgər Ermənistan həmsədrlərin səsləndirdikləri prinsiplərlə razıdırsa, deməli, danışıqlar davam etdirilməlidir. Rəsmi İrəvan, ilk növbədə "öz qoşunlarını işğal etdikləri Azərbaycan torpaqlarından geri çəkməyəcəyik" fikrindən daşınmalıdır. İndi konkret addımların atılmasının zamanı gəlib və əvvəlcə ermənilər qoşunlarını geri çəkməlidirlər.

XİN rəsmisi bildirib ki, bu yöndə həmsədrlərin mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Azərbaycanı hazırda narahat edən digər məsələ Ermənistanın Xocalı aeroportunun işə salınmasına etdiyi cəhddir. Azərbaycan bu məsələ ilə bağlı dəfələrlə bəyan edib ki, bu aeroportdan hava uçuşlarının həyata keçirilməsi qeyri-qanunidir, çünki Azərbaycan bu hava məkanını rəsmən bağlı elan edib. Ermənistanın həmin hava məkanında hər hansı uçuşu həyata keçirməsi Azərbaycana təcavüz kimi qiymətləndiriləcək.