Bakı və Vaşinton arasında çoxvektorlu münasibətlər genişlənməyə başlayır

2 Aprel 2016 08:00 (UTC+04:00)

Prezident İlham Əliyevin ABŞ-a məlum səfərinin nəticələri geniş müzakirə predmetinə çevrilməkdədir. Ekspertlər bütövlükə səfəri ölkəmiz üçün müsbət qarşılayırlar. Səfər iki ölkə arasındakı siyasi, iqtisadi, enerji münasibətlərində yeni mərhələ kimi dəyərləndirilir.

Politoloq Şahin Cəfərli bildirir ki, dövlət başçısının ABŞ-a səfəri və orada keçirdiyi yüksək səviyyəli görüşlər Azərbaycan dövlətinin ali mənafelərinə və strateji məqsədlərinə tam uyğundur: "Bu səfər Azərbaycan-Qərb münasibətlərində böhrana son qoydu və qarşılıqlı əlaqələrdə yeni səhifə açdı. Son aylara qədər Azərbaycanın Rusiyaya meylləndiyi və şimal qonşumuzla yaxınlaşdığı barədə fikirlər səslənirdi. Bəzi şərhçilər bundan uzağa gedən nəticələr çıxararaq Azərbaycanın Qərblə körpüləri yandırdığını və birmənalı şəkildə Rusiyanın xeyrinə seçim etdiyini iddia edirdilər. Lakin bu ilin yanvarında ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Çarlz Kapçanın Bakıya səfərindən sonra Azərbaycan-Qərb münasibətlərində yenidən istiləşmə müşahidə olunmağa başladı.

Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasının keçirilməsi və Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerininin orada iştirakı, Azərbaycan rəhbərliyi ilə görüşləri, bir qədər sonra Avropa Komissiyasının TANAP-ın davamı olan TAP qaz kəmərinin tikintisi layihəsini təsdiqləməsi Azərbaycan-Qərb münasibətlərində yeni mərhələnin başlamasını şərtləndirən əhəmiyyətli hadisələr idi. Azərbaycan Avroatlantik inteqrasiya siyasətini gücləndirməlidir".

Politoloq hesab edir ki, Qərblə yaxınlaşma Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə də təsir edə bilər: "Biz Vaşinqtonun həll prosesinə daha yaxından cəlb olunmasına və məsələyə daha fəal müdaxilə etməsinə nail olmalıyıq. Bu gün ATƏT-in Minsk qrupunun hər 3 həmsədrinin bərabər hüquq və vəzifələrə malik olmalarına rəğmən, sirr deyil ki, münaqişənin həlli Moskvanın inhisarındadır. Azərbaycan bu vəziyyəti dəyişdirməyə çalışmalıdır və bunun yeganə yolu ABŞ-ın nizamlanma prosesində daha fəal və təşəbbüskar şəkildə iştirakından ibarətdir. Son vaxtlar ABŞ və Rusiya arasında məhsuldar dialoq qurulub. Tərəflər Suriya kimi olduqca mürəkkəb bir məsələnin həllində öz maraqlarını uzlaşdıra biliblər. ABŞ-ın əlində Rusiyaya, konkret prezident Vladimir Putinə qarşı ciddi təzyiq alətlərinin olması konspiroloji nəzəriyyə yox, faktdır. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti bu dialoqda Dağlıq Qarabağ münaqişəsinin də gündəmə gəlməsinə çalışmalıdır. Yalnız bu halda mövcud "status-kvo"nun dəyişməsinə və "buz"un əriməsinə ümid etmək olar. ABŞ-ın vitse-prezidenti Co Baydenin Azərbaycanın ərazi bütövlüyünə birmənalı və qətiyyətli dəstək ifadə etməsi önəmli və qiymətlidir. Vaşinqton bu bəyanatdan irəli gələn real siyasət yeritməyə başlayarsa, Qarabağ münaqişəsinin həll prosesində müsbətə doğru dəyişiklik baş verə bilər".

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev hesab edir ki, ABŞ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq getdikcə artmaqdadır: "Tərəflər arasında "Əsrin müqaviləsi" çərçivəsində, ondan sonrakı dövrlərdə də enerji sektorunda geniş əməkdaşlıq baş verib. Həmçinin bu əmkdaşlıq çərçivəsində bir sıra ABŞ şirkətləri, transmilli korporasiyaları Azərbaycanda geniş şəkildə fəaliyyət göstərirlər. Bu əməkdaşlığın son zamanlar genişlənməsi yalnız enerji sektorunu deyil, həm də qeyri-neft sektorunu əhatə edir.

Eyni zamanda Azərbaycandakı ABŞ şirkətləri tərəfindən böyük layihələr həyata keçirilməkdədir. Məsələn, ölkə başçısının ilin əvvəlində Nazirlər Kabinetinin yığıncağındakı qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı ilə bağlı məlum məsələlərri qeyd etdikdən sonra ABŞ şirkətləri kənd təsərrüfatının inkişafı ilə bağlı olaraq təkliflərin yığılması üzrə elan verdi. Sırf kənd təsərrüfatının inkişafında ABŞ şirkətlərinin təşəbbüsləri yarandı. Artıq hiss olunur ki, ABŞ Azərabycan ilə qeyri-neft sektorunda əməkdaşlıqda daha çox maraqlıdır".