Son zamanlar manatın möhkəmlənməsi fonunda milli valyuta ilə kredit almağa tələb artmağa başlayıb. İnsanlar indi daha çox krediti manatla almağa üstünlük verirlər. Amma məsələ ondadır ki, banklardan manatla kredit almaq hələ də asan deyil. Onların bir çoxu yenə krediti xarici valyutada təklif edirlər. Amma vətəndaşlar da bunu istəmir. Belə olan vəziyyətdə mövcud situasiyaya adekvat cavab vermək üçün banklar əllərində olan dolları manata çevirmək istəyinə gələ bilərlərmi? Yaxud da Mərkəzi Bankdan manat alışına keçə bilərlərmi?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bankların milli valyuta ilə kredit vermələrinin daha məqsədəuyğun olduğunu söylədi: "Dollar kreditlərinin manata konvertasiya edilməsi məsələsi artıq banklar tərəfindən müzakirə olunur. Bankların bir qismi artıq bu kreditlərin konvertasiyasını həyata keçirirlər. Təbii ki, həmin addımla banklar dollar kreditləşməsinin ödəmə qabiliyyətinin bərpa edilməsinə çalışırlar. Ona görə də bankların əllərində olan dolları manata çevirmək məsələsi məqsədəuyğundur. Belə bir konvertasiya imkan verəcək ki, vətəndaşların ödəmə qabiliyyəti bərpa olunsun. Həmçinin imkan yaradacaq ki, artıq manat olduğundan valyuta risqlərindən vətəndaşlar sığortalana bilsinlər. O baxımdan kreditlərin manata konvertasiya edilməsinə ehtiyac var.
Mərkəzi Bank da bu zaman təşviqedici metodlardan istifadə etməlidir. Mərkəzi Bank çalışmalıdır ki, mərkəzləşmiş kreditlərin həcmini artırsın. Bunu artırmaqla banklara imkan versin ki, onlar milli valyuta ilə daha çox kredit verməkdə həvəsli olsunlar. Milli valyutada kreditlərin həcminin artması əslində, valyuta məzənnəsi dəyişən zaman insanlara təsirləri minimumlaşdıracaq. Ona görə bankların da milli valyuta ilə daha çox kredit verməsi vacibdir. Mərkəzi Bank mərkəzləşmiş kreditlərin həcmini artırmaqla bankların milli valyuta ilə daha çox kredit verməsinə nail ola bilər".
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev də manat kreditləşmənin indiki mərhələdə payının artırılmasını vacib bildi: "Manatla kreditləşmənin olması çox vacibdir. O baxımdan ki, dollarla kredit almaqda vətəndaşlar indi maraqlı deyillər. Səbəb də aydındır. Baş verən iki devalvasiya nəticəsində dollarla kredit alanların xərcləri artıb. Ona görə də indi onlar dollara yaxın durmaq istəmir. Banklar isə indi əsasən dollar kreditlərinə üstünlük verir. Nəticədə kreditləşmə prosesinin getdikcə azaldığı müşahidə edilir. Belə davam edərsə, bunun zərbəsi banklara da dəyəcək. Çünki onlar kredit verə bilməməklə qazanc da əldə etməyəcəklər. Deməli. onlar həm də götürdükləri əmanətin faizlərini qaytarmaqda çətinlik çəkəcəklər. Yəni, manatla kreditləşmənin zəif olması fonunda həm vətəndaş, sahibkarın özü, həm də bank itirir. Bu baxımdan çıxış yolu kimi manat kreditlərinin indiki mərhələdə payı artırılmalıdır. Ancaq banklar manat tapa bilmir. Səbəb də onunla bağlıdır ki, Mərkəzi Bank manatla verilən pul kütləsini məhdudlaşdırıb. Ümumi daxili məhsulda onun təminat səviyyəsi 15-16 faizdir ki, bu da həddən artıq aşağı göstəricidir. Həmin göstərici iki dəfəyə qədər artırılmalıdır".