AXCP-Müsavat qarşıdurması böyüyür

2 Aprel 2016 09:45 (UTC+04:00)

Müsavat Partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası arasındakı gərginlik səngimək bilmir. Münasibətlədə bir müddət durğunluq yaşansa da, hansısa biri yenidən "atəşkəsi" pozur. Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu ötən günlərdə Müsavat Partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası arasında münasibətlərin normallaşmasının çətin göründüyünü bildirib. O bildirib ki, buna səbəb iki partiya arasındakı böyük uçurumun olmasıdır: "Xeyli ziddiyyətlər var".

Digər siyasilər də bu faktı təsdiqləməklə yanaşı, yaranmış duruma təsir edən bəlli səbəblərin olduğunu qeyd edirlər. Proqnozlar ziddiyyətlərin daha da artacağını deyir.

Politoloq Elşən Manafov ilk olaraq onu bildirdi ki, Azərbaycan iqtidarına münasibətdə müxalif cərgədə duran hər iki siyasi partiyanın konyuktur maraqları olmamış deyil: "Bu maraqlar hər iki partiyanı elektoral məkana təsir imkanlarını artırılmasına, qarşıdakı seçkilər ərəfəsində ictimai rəyə təsir imkanlarını artırılması ilə bağlı məsələləri özündə ehtiva edir. Hər iki partiya ana müxalifət roluna iddialıdırlar. Amma sırf Azərbaycanın ictimai siyasi kontektsindən yanaşsaq, bu partiyaların son seçkilərdə iştirakı cəmiyyətdə birmənalı suallar doğurdu.

Hər iki partiyadan fərqli olaraq ictimai rəyə kifayət qədər ciddi təsir imkanları olan müxalifət partiyalar da var. Həmin partiyalar da seçicilərin müəyyən hissəsinin etimadını qazanaraq qanunverici orqanda təmsil olunublar".

Elşən Manafov hesab edir ki, bu partiyalara məxsus qəzetlərin fəaliyyətini çıxsaq, hər iki partiyanın gündəmdə olub-olmaması ilə bağlı məsələlər ciddi sual doğuracaq: "AXCP və Müsavatın elektoral məkanı daralmaqdadır. Son zamanlar ictimai rəyə təsir imkanları heçə yaxınlaşmaqdadır. Onlar bunu özləri də anlayırlar. Ona görə də ana müxalifət mövqelərində olmaqlarının və bu mövqeyin məhz ictimai rəy tərəfindən qəbul edilməsinin həsrətindədirlər. Yəni, hər ikisi Mirzə Cəlilin "bəlkə də qaytardılar" reallıqları ilə yaşayır. Amma iqtidarın siyasəti hətta manatın kəskin devalvasiyası şəriatində ölkədə ciddi etirazlar doğurmadı və cəmiyyət Prezidentin sosial iqtisadi kursuna dəstək verdi".

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sabiq sədri Məmməd Əlizadə də hesab edir ki, bu gün Azərbaycanda ciddi müxalifətə ehtiyac var: "Güclü müxlifətin olması ölkəni bəzi neqativ əməllərdən qurtara bilər. Onlar vətəndaşların təəssübkeşi kimi çıxış edə bilərlər. Amma üzü milli azadlıq hərəkatından bəri iki yerə parçalanmış, konfliktlər, iddialar üzərində siyasiləşən təşkilatlar bu gün də qalmaqdadır. Onlar da məhz AXCP və Müsavat Partiyasıdır. Baxmayaraq ki, hakimiyyətə AXC kimi gəlmişdilər. Amma sonradan hakimiyyət daxilində onlar iki yerə parçalandılar.

Bir-birini lider kimi qəbul etməmələri bütün dövrlərdə onların siravi üzvlərinin də başının bəlalar çəkməsinə zəmin yaradıb. Birlikdə xeyr, ayrılıqda əzab var. Bunlar dərk etmirlər ki, birlik yaradarlarsa, güclü olacaqlar. Bir masa arxasında otursalar da hər zaman bir-birilərini qəbul etməmək iddiaları bu iki partiyanın indiki vəziyyətə gəlib düşməsinə səbəb olub. Konfliktlər bundan sonra onları daha da zəiflədəcək".