Azərbaycanın mövqeyini dəstəkləyənlər müxalifətin düşməninə çevrilirlər

2 Dekabr 2012 12:37 (UTC+04:00)

Azərbaycanın radikal müxalifəti hər addımında ölkənin maraqları çərçivəsindən çıxış etmədiyini ortaya qoyur. Onların ölkə daxilində iqtidarın gördüyü uğurlu işləri görməməzliyə vurmaqları bir yana, həmin nailiyyətləri qəbul belə etmirlər. Ona görə də özlərinə məxsus mətbu orqanlarda hakimiyyətin xalqın marağı naminə gördüyü işləri də tərsinə yozurlar.

Bu azmış kimi, radikal müxalifət beynəlxalq miqyasda Azərbaycanı, onun maraqlarını müdafiə edən şəxslərə qarşı da kəskin mənfi münasibət bəsləyir. Bildiyimiz kimi, Azərbaycanın maraqlarının xaricdə təmin olunması üçün bəzən əcnəbi ölkələrin tanınmış simaları ölkəmizin maraqlarına cavab verən istiqamətdə işlər aparır. Bu da ölkəmizin imicinin qorunması, xaricdə onun müdafiəsinin daha intensiv təşkil edilməsinə yardım edir.

Torpaqlarımızın 20 faizini işğal edən Ermənistan isə daima dünyanın istənilən məkanında Azərbaycana qarşı təbliğat aparır. Belə bir məqamda Azərbaycan xaricdə də özünə dost tapmalıdır ki, maraqlarının təmin olunmasına qarşı çıxan qüvvələri vaxtında neytrallaşdıra bilsin. Belə bir iş uğrunda isə nəinki təkcə Azərbaycan iqtidarı çarpışmalıdır, eyni zamanda kimliyindən, mövqeyindən asılı olmayaraq, ölkənin bütün qüvvələri xaricdə ölkəmizi müdafiə edən qüvvələrə dəstək olmalıdır. Lakin radikal müxalifət nədənsə əks yol tutub. Bu qrup xaricdə dövlətimizin maraqlarına zidd hərəkət edən, onu nüfuzdan salmağa hesablanmış hərəkətlərə yol verən təşkilatlarla hərtərəfli əlaqələr yaradır, onların diqtəsilə oturub durur. Əvəzində isə beynəlxalq arenada ölkəmizi müdafiə edənlərə qarşı çıxır, onların ünvanına lazımsız ifadələr işlədirlər. Radikal müxalifət xaricdə bu və ya digər məsələlərlə bağlı olaraq Azərbaycanın yeri gəldi-gəlmədi tənqid olunmasını böyük pafosla, təmtəraqla təbliğ edir, amma ölkəmizin maraqları uğrunda çalışanları tənqid atəşinə tuturlar. Belə vəziyyət, bir daha onu göstərir ki, Azərbaycandakı radikal müxalifət milli, dövlətçilik maraqlarına xidmət etməkdən qat-qat uzaqdırlar. Üstün tutduqları ambisioz şəxsi və partiya maraqları onlara ümumbəşəri kriteriyalara xidmət etməyə imkan vermir.

DADP-ın sabiq sədri Məmməd Əlizadə bununla bağlı bildirir: "Hansı mövqeyindən asılı olmayaraq, müxalifət və iqtidar, hər kəs Azərbaycanın dövlət maraqları, vətəndaş mövqeyindən çıxış etməlidir. Amma təəssüflə qeyd etməliyəm ki, Azərbaycandakı bir sıra müxalif qüvvələr mübarizələrini qərəzli şəkildə aparır. Azərbaycan böyük problemlərlə üz-üzədir ki, onun da əsas ana xəttində Dağlıq Qarabağ problemi dayanır. Həmin problemin çözülməsi, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində mövcud hakimiyyət öz fəaliyyətilə xaricdə də dəstək qazana bilib. Belə bir ərəfədə Azərbaycanın milli maraqları və dövlətçiliyimizə qarşı qərəzli mövqe sərgiləmək radikal müxalifətin mübarizə formalarının tükəndiyini göstərir. Hazırda hakimiyyət uğrunda yeni təfəkkür, yeni düşüncə tərzilə mübarizə aparmaq lazımdır. Müxalifət xalqın böyük əksəriyyətinin prezident İlham Əliyevi dəstəklədiyi bir ərəfədə guya dövlət başçımızın imicinə mənfi təsir etmək məqsədilə milli maraqlara ziddi addımlar atırlar. Bu isə yolverilməzdir".