Saxta sementlər ciddi təhdid mənbəyinə çevrilir

2 Dekabr 2012 13:02 (UTC+04:00)

Ölkənin inşaat bazarında bu gün özünü göstərən təhlükəli tendensiyalardan biri də saxta məhsulların satışı ilə bağlıdır. Bu hal sement satışında özünü daha qabarıq büruzə verir. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, eləcə də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən satış bazarlarında bununla əlaqədar çoxsaylı halla aşkar olunub və müvafiq tədbirlər görülüb.

Lakin saxta, mənşəyi məlum olmayan sementin bazarlardan tam yığışdığını demək mümkün deyil. Özü də ən təhlükəlisi odur ki, belə sementin alıcıları da olur. Aydındır ki, elə sementdən istifadə hər an böyük təhlükənin yarana biləcəyi deməkdir.

Memarlıq və İnşaat Universitetinin İnşaat materialları kafedrasının müdiri, texnika elmləri doktoru, professor İradə Şirinzadə bununla bağlı bildirir: "Azərbaycanda portlandsement (vətəndaşlarımız "sement" adlandırdığı yapışdırıcı materialın düzgün adı belədir) istehsal edən bir zavod var. Bu da "Holcim (Azərbaycan)" şirkətidir. Digər adda portlandsementlər və onun digər növləri sexlərdə hazırlanır. Belə ki, bu yapışdırıcı materialları bazara təqdim edənlər portlandsementin əsas tərkib hissəsi olan klinkeri Rusiya, İran və digər ölkələrdən alır, üyüdüb əlavə və gips (3-5%) qataraq satırlar. Əgər alınan klinker keyfiyyətlidirsə və əlavələri standartın normalarına uyğun miqdarda qatıblarsa, alınan portlandsement də keyfiyyətli olacaq.

Bəzən isə klinker daha baha tərkib hissə olduğu üçün portlandsementin tərkibinə əlavələri normadan çox qatırlar. Adətən də belə əlavə kimi vulkan küllərindən istifadə edilir ki, bunlar da rənginə və zahiri əlamətlərinə görə portlandsementə oxşayır. Daha ucuz sement almaq üçün əlavələrin miqdarı çoxaldıqca sementin markası, daha sadə desək, möhkəmliyi aşağı düşür. Əslində isə bəzi sahələrdə bu əlavələrin norma daxilində istifadəsi sementin bir sıra xassələrini yaxşılaşdırır.

Ona görə də qanuni nöqteyi-nəzərdən sertifikatı olmayan sement əgər normalara dəqiq əməl olunubsa, keyfiyyətli ola bilər. Amma adətən, praktikada saxta sement satanlar klinkeri az, əlavəni isə normadan qat-qat çox vururlar. Sementin keyfiyyəti laboratoriyada yoxlanılmalıdır, bu sınaqlardan sonra da onlara sertifikat verilir. Alıcılar isə sementin keyfiyyətli olub - olmamasını bilmək üçün alan zaman mütləq onun sertifikatını tələb etməlidir. Adətən sement kisələrinin üzərində sementin tərkibində nə varsa, hamısı işarələrlə yazılır. Alıcı bir az savadlı olsa, onu oxuyub içərisində nə olub - olmamasını bilə bilər. Ancaq adətən bizdə sement alınan zaman onun üzərinə baxan olmur. Ən azı nə vaxt istehsal olunması bilinməlidir. Əgər istehsalatda digər proseslər qayda-qanunla görülübsə, nəzarət aparılıbsa, alıcının son istehsal vaxtına baxması kifayət edər. Bundan başqa sement altı aydan sonra keyfiyyətini itirməyə başlayır, kisənin içərisində sementləşmiş formada da ola bilər. Standarta uyğun olan kisələr belə ətraf mühitdən sementin nəmi çəkməsinə mane ola bilmir.

Portlandsement standartlarında icazə verilən qatılan əlavələr radioaktiv deyil. Əgər istehsalda standartda göstərilən mineral əlavələr qatılıbsa, sement radioaktiv olmaz. Yəni, sement standartlara uyğun hazırlansa, heç bir təhlükə olmaz. Həmçinin, keyfiyyətin aşağı olması da adətən sexlərdə standartların pozulmasından yaranır. Amma iri zavodlarda elə hallar olmur".

Azad İistehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun da məsələyə münasibəti olduqca maraqlıdır: "Bizim bazarlarda bu problem yaşanmaqdadır. Azad İstehlakçılar Birliyi dəfələrlə bu istiqamətdə monitorinq aparıb. 10-a qədər saxta sement növü aşkar etmişik. Xüsusən, "Qaradağ sementi" mal nişanı altında satılan çoxsaylı sement növləri, sexlər, kisələri hazırlayan müəssisələri biz ifşa etmişik. Lakin bunların hamısı bir müddət öncə olub. Çox təəssüf ki, bu gün ən böyük sement istehsalçısı olan "Qaradağ sement" öz bazarının qorunması sahəsində fəal iş aparmır. Bəzən də işbazlar onların malının bir hissəsi ilə məhsularını qarışdırırlar və bununla da saxta sement hazırlayırlar. Əlbəttə, bunun da nəticələri bir yüksək ballı zəlzələ olanda bilinəcək.

Digər ciddi problem isə qumun standartının olmaması məsələsidir. Qum tikintinin, həm də beton hazırlanmada böyük faizini təşkil edir. Azərbaycanda isə qumun standartı yoxdur. Duzlu qumu sementə qarışdırıb tikinti materialları hazırlayırlar. Əslində, tikinti materialı kimi qum böyük faizə malikdir. Ona görə də gərək bizdə qumun standartları qəbul edilsin. Həm də gərək hər qumu hər sementə qarışdırıb tikinti işləri aparmasınlar. Nə vaxtsa, bunun pis fəsadları ola bilər".