Təhsil Nazirliyində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb

4 Aprel 2016 11:35 (UTC+04:00)

Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt" xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində mart ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, mart ayında 12669 müraciət daxil olub.Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 9582 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 22 dəfə çox, 2014-cü il ilə müqayisədə 4,3 dəfə çox, 2015-ci il ilə müqayisədə isə 1,8 dəfə çox) daxil olub.Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3087 vətəndaşa xidmət göstərilib.

 

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1303 sənəd (582 məktub, 378 ərizə, 343 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

 

Daxil olan müraciətlərdən daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu və yerdəyişməsi, ümumi təhsil məktəblərinin 1-ci siniflərinə şagird qəbulu, tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunması ilə bağlı məsələlər əksini tapıb.

 

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə (2369 zəng) və cümə axşamı (2120 zəng) günləri əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (680 müraciət), çərşənbə (688 müraciət) və cümə axşamı (659 müraciət) günləri, əsasən, saat 11:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.