Zəlzələdən əziyyət çəkənlərə yeni evlər

3 Dekabr 2012 10:31 (UTC+04:00)

Qax rayonunun zəlzələdən zərər çəkmiş yaşayış məntəqələrində kompleks tədbirlər davam etdirilir.

Rayon fövqəladə hallar komissiyasından bildiriblər ki, hazırda Fövqəladə Hallar Nazirliyinin podratçı tikinti təşkilatları tərəfindən zəlzələnin ziyan vurduğu kəndlərdə 320 fərdi yaşayış evi tikilir. Bu evlərdən 215-nin tikintisi artıq başa çatmaq üzrədir. Hazırda evlərin daxilində tamamlanma işləri görülür.

Gecələr havaların soyuq keçməsi ilə əlaqədar 200-ə yaxın ailə artıq belə evlərə köçüb. Təbii fəlakətin daha çox ziyan vurduğu Güllük kəndində tikintisi tamamlanmaqda olan 160 evdə, ona bitişik Qapıçay kəndində 7, qonşu Zərnə kəndində isə 35 evdə artıq yaşayış var. Ümumiyyətlə, zəlzələ bölgəsində tikilən fərdi evlərin dekabrın sonunadək tam təhvil verilməsi nəzərdə tutulur.

Eyni zamanda, rayonun zəlzələdən zərər çəkmiş yaşayış məntəqələrində hazırda 9 məktəb binasının tikintisi davam etdirilir. Güllük kəndində ümümi orta məktəb üçün inşa edilən iki əlavə tədris korpusu isə bu ilin sentyabrında istifadəyə verilib.