Əli Əhmədov: "Çox yaxınlarda hər birimiz qələbəni qeyd edəcəyik"

4 Aprel 2016 16:42 (UTC+04:00)

"Təəssüflə qeyd etmək lazımdır ki, dünya siyasətində baş verən azacıq dəyişikliklər düşmənlərimizin təxribatlar törətməsi üçün əsaslar olub. Bundan əvvəlki təxribatlar zamanı da belə əsaslar mövcud idi. Budəfəki təxribat üçün də dünya siyasətindəki dəyişikliklər ciddi əsaslar olub".

Movqe.az xəbər verir ki,Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov YAP üzvü olan Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun fəal gəncləri ilə görüşündə deyib.

Ə.Əhmədov bildirib ki, dünya və regional siyasətdə baş verən son dəyişikliklər ermənilərin həmin təxribatı törətməsi üçün əsas oldu: "Amma onlar bu təxribatlarının cavablarını aldılar. Yəqin ki, biz bundan sonra ermənilər və onların havadarları tərəfindən belə bir təxribatların təkrarlanmayacağı fikrində ola bilərik".

Ə.Əhmədov qeyd edib ki, bu gün hər bir Azərbaycan vətəndaşı Azərbaycanın torpaqlarının işğaldan azad olunması üçün bir yumruq kimi birləşməyə hazır olduğunu göstərir: "Kişisindən, qadınından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan torpaqlarını azad etmək üçün, hətta qadınlar belə, əllərinə silah almağa hazırdır. Bu, torpağa olan böyük məhəbbətin gücüdür. Bunun qarşısında isə dayana biləcək güc yoxdur. Son hadisələr bir daha onu göstərir ki, Azərbaycan torpaqlarının işğal altında olması uzun sürməyəcək. Çox yaxın zamanlarda bizim hər birimiz indi hər bir Azərbaycan vətəndaşının yaşamağa başladığı qələbə hissini bütövlükdə Azərbaycan torpaqlarının azad olunması, tam qələbə hissləri kimi duyacaq və onu qeyd edəcək".