Aprelin 4-də saat 15:00 da ADNSU rəhbərliyi, başda rektor
Mustafa Babanlı olmaqla müəllim və tələbələr Ermənistan silahlı
qüvvələrinin aprelin 2-də cəbhənin təmas xəttində törətdiyi
cinayətlərə qarşı növbəti etiraz aksiyası keçirib. Ermənistanın
Azərbaycana qarşı törətdiyi silahlı təxribatı nəticəsində həlak
olmuş hərbiçilərimizin və mülkü şəxslərin ruhu bir dəqiqəlik
sükutla yad edilib. ADNSU-nun dövlətə, orduya, Ali Baş Komandana
dəstək məqsədilə bir araya gələn aksiya iştirakçıları Azərbaycan
bayrağı və "Qarabağ bizimdir, bizim olacaq", "Şəhidlər ölməz, vətən
bölünməz", "Yaşasın Qarabağ, yaşasın Azərbaycan!" şüarları
səsləndiriblər. Aksiyada tələbə və müəllimlər çıxış edib, erməni
işğalçılarının Azərbaycan torpaqlarında törətdiyi cinayətkar
əməllər pislənib, düşmənin nəhayətdə öz layiqli cavabını aldığı
bildiriib. Aksiyada Dağlıq Qarabağ və ondan kənar 7 rayonun işğal
faktı, BMT-nin 4 qətnaməsində torpaqlarımızın qeyd-şərtsiz işğaldan
azad olunması və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dünya
ictimaiyyəti qarşısında hüquqi sənədlərin olmasına diqqət çəkilib
və Ermənistanın beynəlxal hüquq normalarına məhəl qoymadığı
deyilib. Rektor
M.Babanlı tələbələrin təşəbbüsü ilə səhər saatlarından vüsət alan
"cəbhədə ordumuz tərəfindən erməni təxribatına verilən layiqli
cavaba dəstək" aksiyasını yüksək dəyərləndirib. Bildirib ki,
Azərbaycan dövləti münaqişənin sülh yolu ilə, danışıqlar
müstəvisində həllinə çalışdıqca, erməni işğalçıları bundan
şirniklənərək daha çox işğal etmək niyyətlərini ortaya qoyurlar. Bu
mənada son günlər cəbhədə baş verənlər cəmiyyətin hər bir üzvü kimi
tələbələri də düşündürməkdədir. Azərbaycanda vətənpərvər gənclərin
yetişdiyini qeyd edən rektor hər kəsi işğalçı Ermənistanın məkirli
siyasətinə qarşı birgə olmağa səsləyib.Aksiya iştirakçıları
çıxışlarında dünya ictimaiyyətini Ermənistanın məkirli siyasətinə
qarşı ədalətli olmağa çağırıblar.