Sabiq prezidentlər münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır

4 Aprel 2016 18:20 (UTC+04:00)

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.Diasporla İş üzrə Dövlət Komitəsindən TMovqe.az-a verilən məlumata görə, müraciətdə bildirilir ki, Mərkəzin üzvləri Dağlıq Qarabağda dondurulmuş münaqişədə son hərbi gərginlik zamanı həlak olan mülki əhalinin və hərbçilərin həyatlarını itirməsi ilə bağlı kədərlərini bölüşür: "Beynəlxalq cəmiyyətin digər iştirakçıları kimi, biz də 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasının pozulmasından təəssüf hiss keçirir və Azərbaycanı hərbi əməliyyatların gərginləşməsinin qarşısını almaq üçün müvafiq tədbirlər görməyə çağırırıq".


Müraciətdə, həmçinin Azərbaycan ərazisinə gələcək hücumlarının qarşısının alınması məqsədilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə beynəlxalq səviyyədə bütün mümkün diplomatik kanallar vasitəsilə münaqişənin həllinin tərəfdarı olduqları diqqətə çatdırılıb. Eyni zamanda münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh vasitəsilə həll edilməsinin zəruriliyi də vurğulanıb.


Müraciətin sonunda beynəlxalq hüquq normalarının pozulmasına baxmayaraq, Azərbaycanın qarşı tərəfin düşünülmüş provokasiyalarına cavab verməməsinə dair xahiş qeyd edilib.


Müraciəti Latviyanın sabiq Prezidenti, NGBM həmsədri Vayra Vike-Freyberqa, İsgəndəriyyə Kitabxanasının direktoru, NGBM həmsədri İsmayıl Səragəldin, Bolqarıstanın sabiq Prezidenti, NGBM İdarə Heyətinin üzvü Petar Stoyanov, Serbiyanın sabiq Prezidenti, NGBM İdarə Heyətinin üzvü Boris Tadiç, Xorvatiyanın sabiq Prezidenti, NGBM İdarə Heyətinin üzvü Stepan Mesiç, Rumıniyanın sabiq Prezidenti, NGBM İdarə Heyətinin üzvü Emil Konstantinesku, Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko, Albaniyanın sabiq Prezidenti Recep Meydani imzalayıb.