Azərbaycanın diplomatik və hərbi uğurları Ermənistanı sarsıdıb

5 Aprel 2016 09:00 (UTC+04:00)

Prezidentin ABŞ-a keçirdiyi son görüşlərdən belə bəlli oldu ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır. Burada ABŞ rəsmiləri status-kvonun dəyişməsinin tərəfdarı olduqlarını bir daha bəyan etdilər. Politoloqların fikrincə, bu, Ermənistana bir mesaj olmaqla yanaşı, problemin həlli istiqamətibdə ABŞ-ın mövqeyini ifadə edir. Millət vəkili Elman Nəsirli bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun mövqeləri daha çox münaqişənin və status-kvonun bundan sonra da saxlanılması mənafeyinə xidmət göstərir: "Həmsədrlər bir tərəfdən ərazi bütövlüyündən danışır, digər tərəfdən güc tətbiq etməməyi təklif edir, bir yandan da xalqların öz müqəddəratını özləri təyin etməkdən bəhs edirlər. Nəticədə üç müxtəlif prinsipi paket şəklində ortaya qoyurlar və bununla da münaqişənin həlli ilə bağlı anlaşılmaz vəziyyət yaradırlar.

Bu reallıqlar fonunda Prezident İlham Əliyevin Vaşinqtonda apardığı görüşlər, xüsusi ilə də Con Kerri və Co Baydenlə danışıqları diqqəti cəlb edir. Bu danışıqların gedişində Con Kerri münaqişənin həllinin vaxtının çatdığını qeyd etdi. Prosesə ölkəsinin dəstək vediyini və bundan sonra da sülh prosesinə, münaqişənin həllinə dəstək verəcəyini bildirdi. Ən dəqiq ifadəni isə vitse prezident Co Bayden ifadə etdi. O qeyd etdi ki, münaqişə ərazi bütövlüyü və suverenlik prinsipi əsasında həllini tapmalıdır. Yəni, heç bir halda xalqların öz müəqqədəratını təyin etmək prinsipindən söz açılmadı. Bu yanaşmanın mənası o deməkdir ki, işğal altında olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon Azərbaycana qayıtmalıdır. Ərazi bütövlüyümüz bu yolla bərpa oluna bilər. Nəzərə alaq ki, hər iki şəxs ölkə prezidenti Barak Obamanın mövqeyini ifadə edir. Co Bayden ölkənin ikinci şəxsi olaraq ali icra hakimiyyəti mövqeyini də ifadə edir. Həm də ABŞ Konstitusiyasına görə, ölkənin vitse-prezidenti Senata da rəhbərlik edir. Co Baydenin ərazi bütövlüyü və suverenlik prinsiplərini müdafiə etməsi ali icra hakimiyyəti və qanunverici hakimiyyətin mövqeyi kimi dəyərləndirilməlidir. Bütün bunlar Ermənistanda gərginliyə səbəb olub.

Həmsədr dövlətin belə mövqeyi Ermənistanda günün günorta çağı şimşək çaxması effekti yaradıb. Bunun ardınca isə Ermənistanın növbəti hərbi avanturasının və Azərbaycan Ordusunun sarsıdıcı zərbəsinin şahidi olduq. Bu yerdə cənab Prezidentin sözləri yerinə düşür. Ölkə rəhbəri qeyd etdi ki, erməni əsgərinin Azərbaycan torpağında nə işi var?: "Ölmək istəmirsə, torpağımızdan çıxıb getsin". Ancaq Azərbaycan birtərəfli qaydada atəşkəs rejiminə əməl etsə də, Ermənistan əksinə olaraq yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Belə başa düşülür ki, Ermənistanın problemi dinc yolla həll etmək niyyəti yoxdur. Ona görə də yalnız müharibə yolu qalır. Bu halda da bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək ki, həmsədrlər də bundan nəticə çıxarmalıdırlar".

Atlas Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirdi ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: "Dövlət başçısı İlham Əliyevin ABŞ-a səfəri zamanı ABŞ vitse-prezidenti Co Bayden qətiyyətli şəkildə vurğuladı ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Bu, o deməkdir ki, Azərbaycan ərazi bütövlüyünü təmin etmək, işğala son qoymaq istəyirsə, buna nəinki ABŞ, heç bir başqa dövlət də maneə ola bilməz. Hətta Rusiya belə Ermənistanın strateji müttəfiqi olmasına baxmayaraq, son günlər heç bir reaksiya verə bilmir. Çünki, Rusiya Qarabağın yox, Ermənistanın təhlükəsizliyinə cavabdehdir. Azərbaycan Qarabağda özünü möhkəmləndirmək istəyirsə, Rusiya buna mane ola bilməz. Eyni zamanda ABŞ haqqında da bunu deyə bilərik. Yenə də bəyanatlar verildi ki, atəşkəs bərpa olunsun. Amma heç biri demir ki, Azərbaycan ələ keçirdiyi və nəzarət etdiyi məntəqələrdən geri çəkilməlidir. Bu baxımdan hazırda dilomatik cəbhədə də müəyyən qədər Azərbaycanın uğurları var".

Elxan Şahinoğlunun fikrincə, ABŞ status-kvonun dəyişməsində tam da maraqlı deyil: "Cəbhədə isə mövqe döyüşləri davam edir. Azərbaycan bir neçə strateji yüksəklikləri əldə edib. Bu, bizim üçün çox vacibdir. Hələlik böyük dövlətlər, o cümlədən ABŞ prosesə müdaxilə etmirlər. Amma proses irimiqyaslı səviyyə alsa, regional müharibəyə çevrilərsə, Rusiya və Türkiyə də qoşulsalar, o zaman ABŞ da ciddi müdaxilələr edə bilər".