ETSN: Bakıda sürüşmə zonasında gərginlik davam edir, stabilləşmə yoxdur

3 Dekabr 2012 13:32 (UTC+04:00)

Bakının Səbail rayonu ərazisində baş verən sürüşmə zonasında gərginlik hələ də davam edir.

Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov məlumat verib. B. Qaralov bildirib hazırda həmin ərazidə stabilləşmə yoxdur. Onun sözlərinə görə, stabilləşmə olmadığına görə həmin ərazidə hər hansı bir tədbir görülmür: "Sürüşmə zonası çətin və mürəkkəb ərazi olduğuna görə həmin zonaya texnika cəlb etmək mümkün deyil. Hazırda hadisə yerində Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin əməkdaşları müşahidələr aparır. Bu müşahidələr sürüşmə aktivliyi ilə əlaqədar davam etdirilir. Bakı şəhər Dövlət Yol Polisinin əməkdaşları da hadisə yerinə cəlb edilib. Belə ki, sürüşmə zonasına maşınların hərəkəti dayandırılıb. Vacib olan minik avtomobillərindən əlavə digər maşınların həmin əraziyə keçməsinə icazə verilmir. Bakı şəhər Dövlət Yol Polisinin əməkdaşları da əraziyə maşınların keçməməsinə nəzarət edir".

Qeyd edək ki, sürüşmə şənbə günü saat 13:00 radələrində Badamdar qəsəbəsindən 20-ci kilometrə gedən avtomobil yolunun sağ tərəfində, "Bəyoğlu" restoranın qarşısındakı ərazidə baş verib. Badamdar yaylasının şərq yamacında sürüşmə hadisəsi qeydə alınıb. Sürüşmənin eni 180-220 metr, uzunluğu 250 metrə qədər, çatın görünən dərinliyi isə 4-5 metrə qədər olub.