Əli Həsənov: Azərbaycan işğal altındakı torpaqlarını qısa müddətdə azad etmək imkanına malikdir

5 Aprel 2016 13:22 (UTC+04:00)

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış vəziyyətlə bağlı Türkiyənin "TRT World" telekanalına müsahibə verib. Movqe.az  AZƏRTAC-a istinadən xəbər verir ki, Əli Həsənov müsahibəsində aşağıdakıları deyib:


- Azərbaycan torpaqlarını işğal edən Ermənistana həmişə beynəlxalq təzyiq göstərilib. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul edib. Hər dəfə Ermənistan bu qətnamələrin icrasına məcbur edilir. Onlar isə hər dəfə bizə qarşı təxribatlar törədirlər və baş verən hadisələrdə Azərbaycanı suçlayırlar. Aprelin 2-də Ermənistan yenə də təxribat törətdi və layiqli cavabını aldı. Ermənistan bilməli idi ki, biz daha bu təxribatlara dözməyəcəyik. Buna görə də, biz onların təxribatlarına beş qat artıqlaması ilə cavab verdik. Minsk qrupundan və BMT-dən gözləntilərimiz onların çağırışlarına və qərarlarına bizim hörmətlə yanaşdığımız kimi, həmin sənədlərin icrası üçün bu qurumların Ermənistana təzyiq göstərmələri idi. Məhz Ermənistanın cavabdehlik daşımağa məcbur edilməməsi və ona qarşı təzyiqin göstərilməməsi nəticəsində ermənilər 20 ildən artıqdır ki, status-kvonu saxlayırlar və bizim bir milyondan artıq vətəndaşımız qaçqın-köçkün vəziyyətindədir. Azərbaycan bu gün torpaqları təkcə geri almaq iradəsi ilə yaşamır. Sizi əmin edirəm ki, Azərbaycan qısa müddət ərzində torpaqları işğaldan azad etmək imkanına malikdir. Amma bəşəriyyət naminə biz münaqişənin sülh yolu ilə həlli üçün beynəlxalq ictimaiyyətlə birgə səy göstəririk. Lakin əgər ermənilər bunu anlamırlarsa, Azərbaycan torpaqlarını məhz öz bildiyimi kimi azad edəcək.