Çin ABŞ-a zərbə endirməyə imkan verən raketlərin son sınağını keçirir

6 Aprel 2016 10:05 (UTC+04:00)

Çin artıq Dunfen-41 (DF-41) tipli qitələrarası ballistik raketləri 2016-cı ildə silahlanmaya qəbul edə bilər. Vaşinqtonun "dünyada ən uzaqmənzilli raket" adlandırdığı DF-41 son sınaq mərhələsini keçir.

Movqe.az  RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, atəş uzaqlığı 14,5 min kilometr təşkil edən DF-41 tipli raket Çin ordusunun yeni Strateji Raket Qüvvələrinin Sinyanda yerləşən bazasında dislokasiya olunacaq. Raket həmin nöqtədən Şimal Qütbünü aşaraq və ya Sakit Okeanı keçərək yarım saat ərzində ABŞ ərazisinə çata bilər. O, müstəqil olaraq hədəfə yönələ bilən 10 nüvə başlığı daşıya bilir.


Asiya-Sakit Okean hövzəsində hərbi tematika üzrə ixtisaslaşan "Kanwa Asian Defence" jurnalının məlumatına əsasən, Çin həmin raketlərin atış məsafəsini artırmağı da planlaşdırır. "Business Insider" nəşri isə ballistik raketin silahlanmaya qəbul olunacağı təqdirdə Çinin strateji mövqeyinin dəyişəcəyini yazır. Əvvəlki raket sistemlərindən fərqli olaraq DF-41 mobil platformalardan da buraxıla bilər.


Eyni zamanda, analitiklər qeyd edirlər ki, ABŞ-ın Sakit okean müdafiə strukturu Çindən ABŞ istiqamətində buraxılan bütün ballistik raketləri bir dəqiqə ərzində havada vurmaq imkanına malikdir.