Valyuta ehtiyatları yenidən artmağa başlayır

6 Aprel 2016 09:45 (UTC+04:00)

Mərkəzi Bank artıq bazarlardan dollar alışına başlayıb. Halbuki, indiyə qədər bunun əksi baş verirdi.

İqtisadçı ekspert Yaşar Əsədovun fikrincə, atılan bu addım dollar kütləsinin azalması ilə müşayət olunacaq: "Mərkəzi Bankın bazardan dollar alışına başlaması valyuta ehtiyatlarını artıracaq. Əslində, Mərkəzi Bankın valyuta bazarına intervensiyası adi haldır. Yəqin ölkəmizdə də üzən məzənnə siyasətilə bağlı olaraq belə intervensiyalar adi hala çevriləcək".

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, Mərkəzi Bankın bazardan dollar alışına başlaması bir zərurətdən yaranıb: "Neft Fondu son aylarda valyuta bazarına təkliflə çıxış edən yeganə mənbə idi. Amma Mərkəzi Bankın rezervləri 4 milyard dollara düşdükdən sonra, qərar belə olmuşdu ki, Neft Fondunun büdcə qarşısında manatla olan öhdəliklərini yerinə yetirmək üçün mütəmadi olaraq hərraclara dollarla valyuta çıxarsın. Banklarda da manat qıtlığını nəzərə alaraq, valyuta alışında axsamalar müşahidə olunurdu. Banklar hərraclara ciddi maraq göstərə bilmirdi. Ona görə də Mərkəzi Bank hərraclara manatla müdaxilə edib dollar almaqda maraqlı idi. Həm öz ehtiyatlarını artırmaq baxımından, həm də Neft Fondunun büdcə qarşısında manatla öhdəliyini yerinə yetirməyə lazımı kömək göstərmək üçün.

Əslində Mərkəzi Bankın valyuta ehtiyatlarının bir qədər artırılmasından söhbət gedə bilər. Bu da əslində, doğru addımdır. Çünki valyuta ehtiyatları kritik həddə çatmışdı. Amma manatla müdaxilə etmək Mərkəzi Bankın manatın gələcək möhkəmlənməsinin qarşısını alan addımlardandır".

İqtisadçı-ekspert Samir Əliyev də bildirir ki, Mərkəzi Bank ehtiyatlarının 4 milyardan aşağı düşməsinə imkan verməyəcək: " Əhali tərəfindən psixoloji təsir altında dollar satışı artsa, bu, Mərkəzi Bankın valyuta ehtiyatlarını artıra bilər. Mart ayında Mərkəzi Bankın valyuta ehtiyatı 9 aylıq fasilədən sonra yenidən artıb. Ötən ay artım 39,5 milyon dollar olub və bununla da baş bank ehtiyatlarını 4 milyard dollarlıq psixoloji həddən bir qədər uzaqlaşdırmağa müvəffəq olub. Hazırda ehtiyatın həcmi 4 milyard 65 milyon 800 min dollardır". Onun sözlərinə görə, Neft Fondunun son aylar valyuta hərraclarında aktiv iştirakı Mərkəzi Banka ehtiyatlarını qorumağa imkan verib: "Hətta ötən ay Mərkəzi Bank ümumiyyətlə satış həyata keçirməyib və valyuta hərraclarında satılmış 482 milyon dolların hamısı Neft Fonduna məxsus olub. Məhz buna görə Mərkəzi Bank ehtiyatlarını qoruya bilib".