Fəttah Heydərov: "Düşmən gücümüzü hiss etdi, bunu gördü"

6 Aprel 2016 12:31 (UTC+04:00)

Bu gün Azərbaycan Ağsaqqallar Şurası cəbhədə baş verən erməni təxribatı, ordumuzun qazandığı zəfərlə bağlı tədbir keçirib. Movqe.az-ın xəbərinə görə, tədbir cəbhədə şəhid olan Azərbaycan hərbçilərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Tədbiri giriş sözü ilə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov son günlər cəbhədə erməni təxribatına layiqli cavab verərərək Vətən uğrunda canından keçən şəhidlərimizin Azərbaycan xaqlqının qəlbində əbədi yaşayacağı bildirilib.  F. Heydərov deyib ki, cəbhədə son günlər baş verənlərlə bağlı Azərbaycan ağsaqqalları böyük fəxarət hissi keçirir: "Vaxtilə Azərbaycanın səriştəsiz rəhbərlərinin günahı ucbatından torpaqlarımız işğal olunub. Lakin bu gün Azərbaycan xalqı öz prezidentinin ətrafında sıx birləşib. Heç bir qüvvə Azərbaycanın birliyini sarsıda bilməz. Bu gücün, bu siyasətin nəticəsində İlham Əliyevin rəhbərliyi ilə işğal olunmuş torpaqlarımız Azərbaycana qaytarılacaq. Çünki, haqq bizim tərəfimizdədir. Haqq olan tərəf bizik". 

F.Heydərov deyib ki, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün ilk addımlar atılıb: "Ordumuz böyük uğur qazanıb, öz gücünü, öz cəsarətini göstərib. Dünya miqyasında bizim qələbəmiz tanındı. Bütün dünya Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycana məxsus olduğuna bir daha inandı. Azərbaycan istənilən məsələdə öz haqq işini müdafiə etməyə qadir olduğunu göstərdi. Bizim prezidentimiz hər zaman deyir ki, bizim güclü, müasir ordumuz var. Son hadisələr bu fikri həqiqətə çevirdi".

Deputat bildirib ki, Azərbaycan regionda sülh istəyir. Amma erməni tərəf atəşkəsə əməl etməzsə hərb yolu da qaçılmazdır: "Azərbaycan regionda müharibə istəmir. Amma düşmən bizim səbrimizdən istifadə edən yağı düşmən işğal etdikləri ərazilərdə sakit dayanmadı. Bizim cəbhəyanı ərazilərimizə, mülki əhalimizə atəş açdılar. Biz şəhidlər verdik, qələbə olan yerdə şəhidlər də olmalıdır. İnsanlar az qala yaşadıqları evləri tərk etmək məcburiyyətində qaldı. Lakin Azərbaycan prezidenti ABŞ-dan, uğurlu bir səfərdən qayıdan kimi iş yerinə getdi. Təhlükəsizlik Şurasının iclasını keçirib, bu məsələnin həllinə sərəncam verdi. Düşmən gücümüzü hiss etdi, gücümüzü gördü. Azərbaycan ağsaqqalların tərbiyəsinin nəticəsidir ki, Azərbaycan cəmiyyəti, Azərbaycan gəncliyi bu gün birdir. Ağsaqqal yanaşması, ağsaqqal nəsihəti həmişə çox əhəmiyyətlidir. Bu qələbə münasibətilə hər kəsi təbrik edirəm".

F. Heydərov Azərbaycan xalqında döyüş ruhunun, döyüş əzminin olmasının bir daha bizim öz torpaqlarımızı savaşaraq işğaldan azad etməyə qadir xalq olduğumuzdan xəbər verdiyini söylədi. Millət vəkili  bildirdi ki, diplomatiyada qazanarkən də ordumuza arxayın olmalıyıq: "Cəbhədə son hadisələr göstərdi ki, Azərbaycan oğulları Ali Baş Komandanın əmrinə hazırdırlar. Amma cənab Prezident də dəfələrlə qeyd edib ki, biz torpaqlarımızı sülh yolu ilə işğaldan azad etmək istəyirik. Bununla belə düşmən unutmamalıdır ki, bizim güclü, intizamlı ordumuz var. Cəbhədə son qalibiyyətimiz də bunun bariz nümunəsi oldu. Artıq bir neçə yüksəkliyə nəzarəti bərpa etmişik. Bu bizim qələbəmizdir". 

F. Heydərov onu da qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin heç kimin ianəsinə ehtiyacı yoxdur: "Silahlı Qüvvələrimiz dövlətin, prezidentimizin böyük qayğısı ilə əhatə olunub".

Tədbirdə çıxış edən Akademik Teymur Bünyadov qeyd edib ki, cəbhədə son baş verən hadisələrin fonunda insanlar, gənclər ruhlanıb: "Bu gün gənclərin qarşısını almaq mümkün deyil. Bu, böyük başlanğıcdır. Dünya, habelə bizim nankor düşmənlərimiz gördü ki, biz kimik. Onlar bizim gücümüzü gördülər. Çox çəkməz, çox yaxın vaxtlarda daha böyük uğurlar qazanacağıq".

Tədbirdə çıxış edən digər ağsaqqallar da Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə son uğurlarından ruhlandıqlarını, böyük qürur hissi keçirdiklərini qeyd ediblər.