Abşeron rayonunda baytarlıq nəzarəti həyata keçirilib

6 Aprel 2016 16:50 (UTC+04:00)

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin saxlanması və əhalinin sağlamlığının təhlükəli yoluxucu xəstəliklərdən və qida zəhərlənmələrindən qorunması istiqamətində fəaliyyətini davam etdirir. DBNX-dən movqe.az-a bildirildi ki, aprelin 5-də DBNX-nin Abşeron Rayon Baytarlıq İdarəsi tərəfindən qida təlükəsizliyi ilə əlaqədar rayon ərazisində fəaliyyət göstərən baytarlıq nəzarətində olan obyektdə baytarlıq nəzarəti həyata keçirmişdir. Həyata keçirilmiş nəzarəti tədbir zamanı Masazır kəndinin "Quşçuluq" yaşayış massivinin yaxınlığında yerləşən fiziki şəxs Sahib Böyükağa oğlu Şirinova məxsus kolbasa məmulatları istehsalı sexinin soyuducu kamerasında mənşəyi məlum olmayan, qida üçün yararlığı və orqanoleptik göstəriciləri şübhə doğuran, polietilen torbalarda sümüksüz heyvan ətləri, gigiyenik olmayan plastik vannalarda farş və müxtəlif toyuq əti məhsulları aşkar olunmuşdur.

Aşkar edilmiş heyvan ətlərinin, farşın və toyuq ətlərinin mənşəyinə və sağlamlığına dair heç bir baytarlıq sənədləri (baytarlıq şəhadətnaməsi forma 2 , baytarlıq arayışı) olmamışdır. 1000 kq-a yaxın sümüksüz ətlərin, farşın və toyuq məsullarının qida üçün yararlı olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə baytarlıq qanunvericiliyinə uyğun onlardan nümunələr götürülərək bakterioloji, biokimyəvi müayinələr üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.

Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcəkdir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə baytarlıq nəzarəti tədbirləri ardıcıl olaraq bundan sonra da davam etdiriləcəkdir.