`Azərbaycan ordusu ilə hesablaşmamaq olmaz` - Rusiyalı jurnalist

6 Aprel 2016 21:30 (UTC+04:00)

"Rusiya Federasiyası həm Azərbaycan xalqı ilə, həm də erməni xalqı ilə sıx bağlıdır və biz qan tökülməsini istəməzdik. Hərçənd, cəmiyyətimiz parçalanıb – hər birimizin azərbaycanlılar arasında da dostumuz var, ermənilər arasında da. Mənim dostlarım arasında azərbaycanlılar da var, ermənilər də. İstəyirəm ki, bütün siyasi məsələlər sülh yolu ilə həll edilsin".

Rusiyalı məşhur jurnalist, Rusiya Federasiyası Prezidenti yanında Vətəndaş cəmiyyətinin inkişafı və insan hüquqları şurasının üzvü Maksim Şevçenko bu sözləri AZƏRTAC-a müsahibəsində deyib.

O xatırladıb ki, belə məsələlərin dinc yolla həllinin təməli Minsk deklarasiyası ilə qoyulub. Bu deklarasiyanın əsas bəndləri belədir: erməni qoşunlarının Dağlıq Qarabağ hüdudlarından çıxarılması, qaçqınların qaytarılması və Dağlıq Qarabağın statusu haqqında referendumun keçirilməsi. Mənim fikrimcə, bu, çox ağlabatan platformadır. Bütövlükdə həmin platformanı Bakı da qəbul etmişdi, Yerevan da, lakin sonradan erməni tərəfin təqsiri üzündən bu məsələ pozuldu. Son hadisələrdən sonra mənə belə gəlir ki, Minsk platformasının sadəcə alternativi yoxdur".

M.Şevçenko vurğulayıb ki, Qarabağda döyüşlər gedən bu günlər ərzində Rusiya göstərdi ki, uğurla başa çatacaq sülh prosesini ən yüksək səviyyədə təşkil etməyə qabil olan yeganə dövlət Rusiyadır. M.Şevçenkonun fikrincə, Azərbaycan ordusu ən müasir silahlardan istifadə etməklə ən mürəkkəb məsələləri həll etməyi bacarar. Rusiyalı jurnalist deyib: "Pilotsuz uçan zərbə qurğuları Rusiya Federasiyasının silahları arasında da çox deyil. İsraildə istehsal edilmiş pilotsuz uçuş qurğuları çox müasir və yüksək texnologiyalara əsaslanan silahdır. Onların tətbiq edilməsi göstərdi ki, Azərbaycan ciddi hərbi məsələləri həll edə bilir, Azərbaycan qoşunları onilliklər boyu möhkəmlənmiş müdafiə xətti boyunca mövqelər tuta bildilər. Bu ordu ilə hesablaşmamaq olmaz".

Lakin rusiyalı jurnalistin fikrincə, müasir şəraitdə uzun sürən müharibədə hərbi uğurlar qazanmaq mümkün deyil. M.Şevçenko deyib: "Dağlarda müharibə isə həmişə uzun sürür. Mənim fikrimcə, bir-birini əldən salmaq məqsədi güdən müharibə nə Azərbaycanın xeyrinədir, nə də Ermənistanın. İndi diplomatiya dövrüdür və əminəm ki, Rusiya Qarabağ məsələsinin tənzimlənməsində mühüm rol oynayacaq".

Jurnalist son hadisələrin Rusiya KİV-lərində qərəzli şəkildə işıqlandırılması barədə sualın cavabında deyib: "Rusiyada müxtəlif KİV-lər var. Jurnalistlər arasında ermənilər də var, məşhur azərbaycanlılar da. Bəzi insanlar bu və ya digər səbəblər üzündən bu və ya digər tərəfə rəğbət bəsləyir. Etnik azərbaycanlılardan və ya ermənilərdən öz tarixi vətənlərini dəstəkləməmələrini tələb etmək çətindir. Təəssüf ki, beynəlmiləlçilik dövrü keçmişdə qalıb, bu gün siyasətin trendləri başqadır. Ümid edirəm ki, həm Azərbaycanda, həm də Ermənistanda bu hadisələri məhdud perspektivli etnik təbliğat baxımından deyil, qlobal proseslər baxımından qiymətləndirən insanlar tapılacaq. Bu, asan məsələ deyil, lakin bunu kim edə bilsə, gələcək onundur".