İsrailin London və Paris səfirlərinə xəbərdarlıq

3 Dekabr 2012 16:00 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, London və Parisdəki İsrail səfirləri bu ölkələrin xarici işlər nazirliklərinə çağırılıb.

İngiltərə Xarici İşlər Nazirliyindən əldə edilən məlumata görə, Yaxın Şərqə məsul xarici işlər nazirinin müavini Elisteyr Bort İsrail səfiri Daniel Taub ilə görüşüb. Səfirə İngiltərə hökumətinin İsrailin Fələstin torpaqlarında yeni qanunsuz yaşayış məskənləri inşa etmə qərarına etirazının çatdırılması gözlənilir.

Ancaq İngiltərənin əsas reaksiyasının İsrail, ABŞ və AB arasındakı müzakirələrdən sonra konkretləşəcəyi bildirilir.

Şərqi Qüds və Qərbi Şəriada qanunsuz yaşayış məskənlərinin inşa edilməsində israr edəcəyi təqdirdə İsrailə ən sərt reaksiyanı verəcəyini açıqlayan İngiltərənin Təl-Əvivdəki səfirini geri çağıra biləcəyi və ikitərəfli ticarət sazişlərini ləğv edə biləcəyi bildirilir.

Fransa da İngiltərə ilə eyni mövqedədir. Təl-Əvivin Parisdəki səfiri Yossi Qal Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Fransanın İsrainin qərarından narahatlığı çatdırılıb. FransaXİN-in eyni zamanda İsrailə qarşı mümkün sanksiyaların forması ilə bağlı da məşvərətlərə başladığı bildirilir.