Atəşkəsin pozulması ermənilərə daha baha başa gələcək

7 Aprel 2016 09:50 (UTC+04:00)

Aprelin 5-dən etibarən Azərbaycan-Ermənistan cəbhə xəttində yenidən atəşkəs elan olundu. Lakin məlumdur ki, Ermənistan əldə edilən razılaşmanı həmişə pozub. İndi də elə oldu. Anlaşmaya riayət etmədi. Aprelin 5-dən 6-a keçən gecə erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 115 dəfə pozub.

Bu fonda bir sıra ekspertlər onsuz da kövrək sayılan indiki atəşkəsin yenidən əməliyyatları genişləndirəcəyini deyirlər. Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri hesab edir ki, Ermənistanın atəşkəsi pozması ehtimalı yüksəkdir: "Bu gün Serj Sarkisyan hakimiyyətinin Ermənistanda mövqeyi o qədər də yaxşı deyil. Cəbhədə son hadisələr erməni ictimai fikrinə böyük zərbə sayılır. Bundan sonra hakimiyyəti davam etdirmək Sarkisyan üçün çətin olacaq. O baxımdan Sarkisyan hakimiyyəti qısas arxasınca gedəcək. Amma atəşkəs erməni tərəfindən pozulacaqsa, Azərbaycan dərhal hərəkətə keçəcək.

Digər tərəfdən nəzərə almaq lazımdır ki, Azərbaycan son döyüşlərdə bir çox nailiyyətlər qazandı. Eyni zamanda millət olaraq özümüzü təsdiq etdik. Ermənistan ordusunun pərən-pərən düşmüş vəziyyəti olduğu açıqca göründü".

Politoloq əlavə etdi ki, bütün hallarda Azərbaycanın geosiyasi qazancları artdı: "Bundan sonra problemləri qarşılıqlı güzəştlər çərçivəsində həll etmək istəyən ATƏT-in Minsk qrupu bunu tələb edə bilməyəcək. Əvvəllər qeyri-rəsmi olsa da, bildirirdilər ki, Ermənistan qalib tərəfdir, Azərbaycan güzəştə getmək məcburiyyətindədir. Ancaq bu gün Azərbaycan qalib tərəfdir. Biz göstərdik ki, öz torpaqlarımızı müstəqil qaydada azad edə bilərik. Artıq bundan sonra Azərbaycan ilə danışıq ritorikası tamamilə dəyişməlidir. Azərbaycan da ciddi mənada iddiasını ortaya qoymalıdır. Artıq status-kvo dəyişib. Bundan sonra tələb yalnız bir arqument üzərində qurulmalıdır: Ermənistan ordusu qeyri-şərtsiz işğal zonalarından çıxmalıdır. Əks təqdirdə Azərbaycan BMT nizamnaməsinə uyğun öz torpaqlarını işğaldan azad etmək hüququnu ortaya qoyacaq. Bu cür qələbədən sonra Azərbaycan yalnız bu ritorika ilə çıxış etməlidir".

Digər siyasi şərhçi Razi Nurullayev isə qeyd edir: "Əgər atəşkəs ara-sıra pozularsa və bunun nəticəsində ölüm hadisələri baş verməzsə, ciddi dağıntılar olmazsa, genişmiqyaslı hərbi əməliyyatların başlaması istisna edilir. Yox, əgər erməni tərəfi atəşkəsi pozmaqda davam edərsə və bunun nəticəsində dağıntılar, insan ölümü ilə nəticələnən hadisələr baş verərsə, o zaman Azərabaycan tərəfi sərt addımlar atacaq və atmalıdır. Hadisələrin gedişatı hələlik əsasən bu məsələdən asılıdır".