Yeni il istirahətini xaricdə keçirənlərin sayı yenə çoxluq təşkil edir
3 Dekabr 2012 17:05 (UTC+04:00)
Bir neçə müddətdən sonra Dünya Azərbaycanlılarının Həmrəylik Günü
və Yeni ili qarşılamağa hazırlaşırıq. Yeni ilin gəlişinə isə
hazırlaqlar artıq indidən başlanıb. Şəhərin müxtəlif ticarət
obyektlərinin qarşısından keçərkən bunu görmək mümkündür. Eyni
zamanda vətəndaşlarımız da yeni ili harada keçirməyi
qərarlaşdırırlar. Onlardan bəziləri bu məqsədlə yenə xaricə üz
tutmağı, həm də elə xaricdə bir neçə gün istirahət etməyi
planlaşdırır. Bunu turizm şirkətləriən artıq indidən verilən
çoxsaylı sifarişlərdən də görmək mümkündür. Əvvəlki kimi isə qeyd
olunur ki, yeni il tətilini ölkə daxilində, onun müxtəlfi
rayonlarında qeyd etmək baha başa gəlir.
Bəs Azərbaycanda, onun regionlarında çoxlu sayda istirahət
məkanlarının olmasına baxmayaraq, vətəndaşlarımız niyə hələ də
bayramı xaricdə qeyd etməyə, orada istirahət etməyə
meyillidirlər?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin Rəhbəri Vüqar Bayramov məsələ
ilə bağlı Mövqe.Az-a aşağıdakı açıqlamanı verib: "Ölkə
vətəndaşlarının ölkədən kənarda istirahət etməsinin müxtəlif
səbəbləri var. Birinci səbəb odur ki, Gürcüstanda, qardaş Türkiyədə
bayramları qeyd etmək, eyni zamanda istirahət mərkəzlərinə getmək
daha ucuzdur. Məsələn, Gürcüstanda nəqliyyat xərci daxil olmaqla, 7
gün istirahət etmək, Azərbaycanın Qəbələ rayonunda anoloji
istirahəti kecirtməkdən 2 dəfə ucuz başa gəlir. Gürcüstanla yanaşı
vətəndaşlarımızın ən çox üz tutduqları ölkə olan Türkiyədə də
istirahət etmək ölkəmiz ilə müqayisədə ucuz başa gəlir.
Azərbaycanla müqayisədə qonşu ölkələrdə qiymətlərin ucuz olması
vətəndaşlarımızın istirahətlərini ölkə xaricində etməsinə gətirib
çıxardır. İkinci səbəb odur ki, xarici ölkələrdə xidmət səviyyəsi
Azərbaycanın turizm obyektləri ilə müqayisədə daha yüksəkdir.
Xidmət səviyyəsinin Azərbaycanda çox təəssüf ki, hələ də aşağı
olması vətəndaşları ölkə daxilində istirahət etməkdən uzaqlaşdırır.
Digər səbəb isə onun ilə bağlıdır ki, ölkə vətəndaşlarının
gəlirləri artdıqca, vətəndaşlar öz ölkəsində deyil, digər ölkələrə
getmək və orada istirahət etməkdə maraqlı olurlar. Azərbaycanda
əhalinin gəlirlərinin artması da, Azərbaycan vətəndaşlarının
xaricdə istirahət etməsinə səbəb olan stimullaşdırıcı
faktorlardandır. Digər bir faktor isə psixoloji faktordur.
Vətəndaşlar digər ölkələrə getməkdə, xarici ölkələri görməkdə daha
maraqlıdır".
İqtisadçı ekspert ölkə vətəndaşlarını ölkə daxilində istirahət
etməyə cəlb etməyin yollarından da danışıb: "Birmənalı şəkildə
qiymətlərin aşağı salınması vacibdir. Çünki qiymətlər salınarsa,
vətəndaşların xaricə olan meyli azalar. Xidmət səviyyəsinin
yüksəldilməsi, xidmətdə keyfiyyətin artırılması da vətəndaşları
ölkə daxilində istirahətə cəlb edən mühüm faktorlardan biridir.
Turizm şirkətləri, eləcə də regionlarda yerləşən otellər dövri-
kampaniyalardan istifadə etməlidir. Kampaniyalarda güzəştlər elan
edilməlidir ki, vətəndaşlar rayonlarda istirahət etməkdə maraqlı
olsunlar. Rayonların tarixi ilə bağlı məlumatların hazırlanmasına
və onların turistlərə təqdim edilməsinə ehtiyac var. Bundan başqa
keyfiyyətin yüksəldilməsi lazım olan addımlardandır".