Prezidentə məktublar: Vətənimizi qorumaq hər birimizin müqəddəs borcudur

7 Aprel 2016 12:12 (UTC+04:00)

Son günlər ordumuzun təmas xəttində qazandığı uğurlardan ruhlanan Azərbaycan vətəndaşları, eləcə də Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin saytına müxtəlif səpkili məktublar ünvanlamaqda davam edirlər.


X X X


Hörmətli cənab Prezident!


Bugünkü gün o qədər sevinirik ki, Sizin kimi şəxsiyyətli, müdrik, savadlı rəhbərimiz var. Azərbaycanın haqq səsini dünyaya çatdırır, torpaqlarımızın sülh yolu ilə işğaldan azad edilməsi üçün mühüm işlər görmüsünüz. Bunun tezliklə bəhrə verəcəyinə inanır, beynəlxalq ictimaiyyəti ədalətə çağırış edirik!


Hörmətlə,


Həbilov Elşad Rza oğlu


Azərbaycan Respublikası, Samux rayonu


x x x


Cənab Ali Baş Komandan.


Vətənimizi qorumaq hər birimizin müqəddəs borcudur. Mən 1992-ci ildə könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişəm. İkinci qrup əliləm. Amma buna baxmayaraq, yenidən əlimə silah götürüb cəbhəyə getməyə hazıram.


Möhtərəm Prezident, mən Sizin düşünülmüş və uzaqgörən siyasətinizi dəstəkləyirəm və daim yanınızdayam. Yaşasın Ali Baş Komandan, yaşasın Azərbaycan!


Hörmətlə,


Zöhrabov Fuad Abbas oğlu.


Azərbaycan Respublikası, Beyləqan rayonu


x x x


Cənab Ali Baş Komandan İlham Əliyev.


Biz saatlılar Sizin siyasətinizi daim dəstəkləyirik. Azərbaycan xalqı Sizinlə fəxr edir.


Sizin rəhbərliyinizlə Azərbaycan Ordusu son günlər cəbhədə erməni işğalçılarına sarsıdıcı zərbələr endirir. Bizim nə qədər güclü Ordumuz olduğunu ermənilər artıq dərk və etiraf edirlər. Gün o gün olsun ki, Azərbaycan bayrağı Şuşada dalğalansın. Allah Sizə kömək olsun.


Hörmətlə,


Quliyev Abuzər Novruz oğlu.


Azərbaycan Respublikası, Saatlı rayonu, Qaracalar kəndi


x x x


Azərbaycanımın əziz Prezidenti,


Əvvəlcə sizi çox istədiyimi demək istəyirəm. Mən azərbaycanlı olduğum üçün fəxr edirəm. Sizinlə qürur duyuram. Sizin üçün çoxlu dualar edirəm.


Son günlər cəbhədə erməni təxribatı nəticəsində düşmənə sarsıdıcı zərbələr vuruldu, şəhidlərimiz də oldu. Allah şəhidlərimizi rəhmət eləsin.


Mənim iki məktəbli oğlum var, sizi çox istəyirlər. Hər çıxışınızı izləyirlər. Bu məktubu onların istəyi ilə yazıram. Sizi çox sevdiyimizi bilməyinizi istəyirik. Allaha əmanət olun. İnşallah, Allah bu çətin yolda Sizin yardımçınız olar.


Hörmətlə,


Ağamirova Afaq Meybulla qızı


Azərbaycan Respublikası, Astara rayonu, Təngərüd kəndi


x x x


Hörmətli cənab Prezidentim.


Biz bir millət, iki dövlətik. Azərbaycanlı qardaşlarıma hücum etmək bizə hücum etmək deməkdir. Qardaşlarımızın dərdinə biz də şərikik. Bizim keçmişimiz də, gələcəyimiz də birdir. Bütün dualarımız Sizinlədir. Düşmənlərimiz Azərbaycan tək olmadığını birdəfəlik dərk etməlidir. Biz nə bir qarış torpağımızın itirilməsinə, nə də qardaşlarımızın qanının tökülməsinə göz yuma bilmərik. Təkcə Ermənistan yox, bütün dünya gəlsə türk olaraq can Azərbaycanın yanında olacağıq. Buna hər zaman hazırıq və Sizin əmrinizi gözləyirik.


Hörmətlə,


Barış Halimə Zəki qızı.


Türkiyə Respublikası, İstanbul şəhəri


x x x


Möhtərəm Prezident, cənab Ali Baş Komandan!


Ermənilərin cəbhəboyu ərazilərdə törətdiyi təxribatlar bütün xalqımız kimi məni də hiddətləndirirdi. Son günlər Milli Ordumuzun bu təxribatların qarşısını qətiyyətlə alması isə məni çox sevindirdi. Düşünürəm ki, düşmən layiqli cavabını aldı. İndi mənfur düşmən Azərbaycan Ordusunun gücünə bələddir.


Cənab Ali Baş Komandan, mən də bir Azərbaycan vətəndaşı kimi Ordumuzda xidmət etməyi özümə borc bilirəm. Vətənim üçün son damla qanıma qədər vuruşmağa hazıram. Allah Sizi və Ordumuzu qorusun.


Hörmətlə,


İsmayılov Anar Əhəd oğlu.


Azərbaycan Respublikası, Qusar rayonu, Balaqusar kəndi


x x x


Hörmətli cənab Prezident.


İlk növbədə, Ordumuzun cəbhədə qazandığı uğur münasibətilə Sizi təbrik edirik. Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun. Sizə və xalqımıza dərin hüznlə başsağlığı veririk.


Cəbhədə baş verən son hadisələrlə bağlı onu demək istəyirik ki, mən və dostlarım Azərbaycanımızın ərazi bütövlüyü uğrunda döyüşməyə hər an hazırıq. Bunun üçün Sizin əmrinizi gözləyirik.


Hörmətlə,


İsmayıllı İbrahimxəlil Məhəmmədəli oğlu.


Ukrayna, Dnepropetrovsk şəhəri


x x x


Möhtərəm Ali Baş Komandan,


Mən zabit kimi Fövqəladə Hallar Nazirliyində xidmət edirəm. Vətənim uğrunda döyüşməyə, canımı qurban verməyə hazıram. Sizdən bir zabit kimi xahiş edirəm ki, ön cəbhədə vuruşmağım üçün müvafiq göstəriş verəsiniz.


Hörmətlə,


Abdullayev Elşən Firudin oğlu


Azərbaycan Respublikası, Sumqayıt şəhəri


x x x


Hörmətli Prezident, cənab Ali Baş Komandan!


Rəhbərliyiniz altında, uğurlu siyasətiniz sayəsində müstəqil ölkəmizdə yaşayan bir gənc kimi bu günlərdə cəbhədə qazandığımız qələbə münasibətilə başda Siz olmaqla, bütün xalqımızı təbrik edirəm!


Möhtərəm Prezident, bütün varlığımla, qanımla, canımla Vətənimi qorumağa hər an hazıram və əmrinizi gözləyirəm. Hərbi xidmətimi 2012-2013-cü illərdə Xocavənd rayonunda etmişəm və bu gün də içimdəki böyük qələbə sevinci və qalib gəlmək əzmi ilə yenidən Qarabağa döyüşə getməyə tam haziram! Cənab Ali Baş Komandan, Allahın izni ilə qələbə sevincini Sizə, ailəmə və xalqımıza bəxş etmək üçün canımdan da keçməyi özümə ən şərəfli vəzifə bilirəm.


Cənab Prezident, bütün Azərbaycan gəncləri döyüşə tam hazırdır və əmrinizi gözləyirik.


Hörmətlə,


Heydərli Ehtiram Etibar oğlu


Azərbaycan Respublikası, Siyəzən rayonu


x x x


Möhtərəm Prezident, cənab Ali Baş Komandan.


Biz Sizinlə fəxr edirik və Qarabağımızın tezliklə işğaldan azad ediləcəyinə inanırıq. Əsgərlərimizlə birlikdə cəbhədə gedən döyüşlərdə könüllü iştirak etməyə hazıram. Bunun üçün Sizin əmrinizi səbirsizliklə gözləyirəm. Sizə uğurlar arzulayıram.


Hörmətlə,


Quliyev Məhəmməd Aqil oğlu.


Azərbaycan Respublikası, Zəngilan rayonu, Havalı kəndi