Röyanın eks ərinin milyonları bank hesabından oğurlandı

7 Aprel 2016 14:30 (UTC+04:00)

Əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilovun "Bank Standart"dakı 

hesabından külli miqdarda pul çıxarılıb.


Mocvqe.az-ın məlumatına görə, bu barədə Anar Cəlilov özü məlumat verib. O, bildirib ki, "Bank Standart"ı məhkəməyə verib:


"Bakı Apellyasiya Məhkəməsinin Bank Standartın mənafeyi çərçivəsində "fəaliyyəti"...

Mən Anar Cəlilov bildirmək istəyirəm ki, "Bank Standart"da mənə və yaxın qohumlarıma məxsus bank hesablarından bizim razılığımız olmadan külli miqdarda (milyonlarla) pul vəsaitinin başqa şəxslərin hesabına köçürülməsi halları baş vermişdir. Bu səbəbdən "Bank Standart"da olan hesablarımızdan bizim razılığımız olmadan kimlərin istifadə etməsi və həmin hesablardan külli miqdarda pul vəsaitlərinin kimlərin hesabına köçürülməsi barədə məsələlərin aydınlaşdırılması üçün "Səbail rayon Məhkəməsinə" iddia ərizəsi ilə müraciət etmişdik və məhkəmənin qətnaməsi ilə bizim iddia tələblərimiz təmin edilib.


Lakin, "Bakı Apellyasiya Məhkəməsi"nin hakimi İlham Əsədovun 02.03.2016-cı il tarixli qərarı ilə, "Səbail rayon Məhkəməsi"nin qətnaməsi əsassız olaraq ləğv edilmiş, "Bank Standart"da mənə və yaxın qohumlarıma məxsus bank hesablarından bizim razılığımız olmadan külli miqdarda (milyonlarla) pul vəsaitunin kimlər tərəfindən çıxarılmasının aydınlaşdırılması barədə iddiamız rədd edilmişdir. Bununla da "Bank Standart"ın əməkdaşlarının bizə məxsus hesablarda olan pul vəsaitlərindən qanunsuz olaraq istifadə etməsi halları ört-basdır edilmişdir.


Bu hərəkətləri ilə Bakı Apellyasiya Məhkəməsi nəinki bizim hüquqlarımızı kobud şəkildə pozmuş, həmçinin aşkar şəkildə "Bank Standart"ın əməkdaşlarının qanunsuz əməllərini gizlətməklə, banka xidmət etdiyini təsdiq etmişdir.


Bakı Apellyasiya Məhkəməsinin rəhbərliyinin (İ.Nağıyev) "Bank Standart"ın himayə etməsi barədə şaiələr yayılmasına baxmayaraq, biz Bakı Apellyasiya Məhkəməsinin rəhbərliyinin belə iş tutmasına inanmırıq".(big.az)