Yeni əfv gözlənilir

3 Dekabr 2012 17:28 (UTC+04:00)
Dünyadakı hər bir insan azad yaşamaq istəyir və hər bir fərdin azad yaşamağa hüququ var. Lakin bu gün cəmiyyətimizdə törətdikləri naqis, cinayətkar əməllər səbəbi ilə ömrünü həbsxana divarları arasında keçirməyə məhkum edilmiş insanlar da var. Bu insanların çoxunun bir arzusu var, o da azadlıqlarına qovuşmaq. Törətdikləri əməllərdən peşman olan insanların cəzalarının çəkilməmiş hissəsindən azad edilməsi Azərbaycan hökumətinin  həyata keçirmiş olduğu ən gözəl ənənələrdən biridir. Dəmir barmaqlıqlar arasında əfv fərmanını gözləyən neçə-neçə insan var ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün və Yeni ilin yaxınlaşması onların ümidlərini daha da artırır.
Bəs bu il necə əfv gözlənilir? Prezidentə bununla bağlı hər hansısa bir siyahı təqdim edilibmi?
Milli Məclisin Hüquq Siyasəti və dövlət Quruculuğu Komitəsinin  üzvü, millət vəkili  Çingiz Qənizadə məsələ ilə əlaqədar Mövqe. Az saytına açıqlama verib: "İlk əvvəl onu qeyd edim ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində cənab prezident mütəmadi olaraq hər il əfv fərmanı imzalayır. Biz hüquq müdafiəçiləri olaraq bu addımı hər zaman yüksək qiymətləndirmişik və alqışlamışıq. Buna bəzən dırnaqarası baxmaq istəyən insanlar olur ki, niyə az sayda olur, niyə filankəslər olur? Lakin biz heç bir fərq qoymadan neçə nəfərin, kimlərin əfv edilməsindən asılı olmayaraq, bu cür humanist addımı həmişə alqışlamışıq. Çox arzu edirik ki, cənab prezident bu ilin sonunda da  növbəti dəfə belə bir əfv fərmanını imzalasın. Qaldı siyahıların göndərilməsinə, Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvü olaraq bizim siyahıda olan şəxslərin adlarını əfv komissiyası ilə əlaqəli müzakirə edib sənədlərimizi baxılması üçün Prezident Administrasiyasına göndəririk. Hər dəfə cənab prezident bizim siyahılar üzrə 5 nəfər, 10 nəfər, elə vaxt olub ki, 30 nəfərin əfv olunmasına imza atıb. Bu dəfə də biz belə bir müraciət göndərmişik. Ümid edirik ki, cənab prezidentimiz hər zaman olduğu kimi indi də hüquq müdafiəçilərinin göndərdiyi siyahıya laqeyid qalmayacaq. Siyahıda olan şəxslərin əfv olunması üçün sərəncam imzalayacaq. Bu ildə də biz siyahı göndərmişik. Belə hesab edirik ki, bu məsələ müzakirə predmetidir. Əfv gözlənilir".
Göndərilən siyahıda adı mediada və hüquq müdafiəçiləri tərəfindən adlandırılan şəxslərin olmasına gəlincə, Çingiz Qənizadə bildirir: "Biz insanları məşhurluğuna görə seçmirik. Belə hesab edirik ki, məşhur olmaq heç kimə status yaratmır. Onların içərisində əfv olmağa hüququ və haqqı olan insanların adları siyahıda göstərilir. Siyahıda olanların adlarının açıqlanması bəzi şəxslərin ailə üzvləri tərəfindən qısqanclıq ilə qarşılandığına görə ad açıqlamırıq."