Manata tələb sürətlə artmağa başlayır

8 Aprel 2016 09:00 (UTC+04:00)

Bankların əhaliyə xarici valyutada istehlak kreditlərinin verməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarı ilə bir ay müddətinə dayandırılıb. Qurumun son iclasında geniş müzakirələr nəticəsində, xarici valyutada verilən istehlak kreditlərinin verilməsi sahəsində dərin və hərtərəfli təhlillərin aparılması, istehlakçıların hüquqlarının müdafiəsinin və maliyyə sabitliyinin təmin olunması üçün 1 ay ərzində yeni tənzimləyici çərçivələrin müəyyən edilməsinə dair də qərar qəbul edilib. Belə vəziyyət maliyyə bazarına, o cümlədən dollara nə vəd edir?

"Kapital Menecment" İnvestisiya Şirkətinin direktoru Cəfər İbrahimli qeyd edir: "Bankların əhaliyə xarici valyutada istehlak kreditlərinin verməsinin dayandırılmasının məhdud müddət üçün nəzərdə tutulması bir ay ərzində məsələ ətrafında yeni bir təklifin olacağı və yaxud yeni bir sənədin hazırlanacağını göstərir. Burada məsələ ondan ibarətdir ki, bankların cəlb etdiyi vəsait öhdəlikləri dollarladır. Yəni əmanətlərin həcminin 85 faizi məhz belədir.

Bankların öhdəlikləri valyuta ilədirsə, krediti də onlar valyuta ilə verməyə cəhd edəcəklər. Bu da risqlərin tənzimləməsi məqsədi daşıyır. Amma prosesə məhdudiyyət qoyulması əhalinin kreditləşməsi prosesində yeni vəziyyət yarada bilər. Digər tərəfdən, bir ay gözləmək lazımdır, ortaya yeni bir sənəd çıxmalıdır.

Bütün halda yeni qərarı gözləyək. Bankların digər valyutalarda kredit verməsini uzun müddətə məhdudlaşdıracaqsa, o zaman cəlb olunacaq vəsaitlərin də xarici valyutada olmasına məhdudiyyət qoymaq lazım olacaq".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov qeyd etdi ki, bu addım vətəndaşları pullarını manatda saxlamağa vadar edəcək: "Atılan bu addımı məqsədəuyğun hesab edirəm. Çünki devalvasiyanın mənfi təsir göstərdiyi insanlar məhz xarici valyutada kredit götürən şəxslərdir. Devalvasiya nəticəsində onların xarici valyuta ilə cəlb etdikləri kreditlərin həcmində manat ekvivalentində artımlar müşahidə olunub. O baxımdan xarici valyutada olan kreditlərin həcminin məhdudlaşdırılmasının həyata keçirilməsi daha məqsədəuyğundur. Bu baxımdan manatla daha çox kreditlərin təklif edilməsinə, bu istiqamətdə təşviqedici tədbirlərin görülməsinə ehtiyac var.

Təşviqedici tədbirlər kimi Mərkəzi Bank tərəfindən manatla təklif edilən mərkəzləşmiş kreditlərin həcminin artırılmasını təklif edirik. Bu gün kommersiya banklarında manat qıtlığı var. Kommersiya banklarının manat təminatı artarsa, bu hal həmin banklara imkan verəcək ki, daha çox kredit təklif edə bilsinlər. Bu addım həmçinin imkan verəcək ki, vətəndaşlar pullarını manatda saxlamağa, banklar da manatla kredit verməyə meylli olsun. Eyni zamanda dollarla kreditlərin məhdudlaşdırılması, manatla daha çox kreditin təklif edilməsi üçün bankların dəstəklənməsi vacibdir.

Ən çox müzakirə olunan məsələlərdən biri də atılan addımın kredit faizlərinə necə təsir edəcəyi ehtimalı ilə bağlıdır. Düşünmürəm ki, bu fonda kredit fazilərində artımlar olsun. Çünki kredit faizləri Mərkəzi Bank tərəfindən tənzimlənir və praktik olaraq, MB istehlak kreditləri üçün 29 faiz, mikrokreditləri isə 25 faizlik limit müəyyənləşdirib. Komisyon haqları da maksimum 1 faizlik həddə müəyyənləşib. Bu fonda faiz artımları gözlənilmir. Maliyyə Bazarlarına Nəzarət Palatasının əsas məqsədi o olmalıdır ki, gələcəkdə manatla verilən kreditlərin həcmində artımlar müşahidə olunsun və vətəndaşın dollar öhdəliyi yaranmasın. Belədə kredit götürənlər bütün valyuta risqlərindən sığortalanmış olacaqlar".