Əlil vətəndaşlar cəmiyyətimizin bərabər hüquqlu üzvləridir

3 Dekabr 2012 19:30 (UTC+04:00)
Əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrinin biri olduğundan onlara qarşı diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Lakin onların çoxunun maddi və ya hər hansı digər yardımdan çox adi mənəvi yardıma ehtiyacı vardır. Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar. Buna görə də əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 Dekabr - Beynəlxalq Əlillər günü Ümummilli Liderimiz Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı hər zaman göz qabağındadır. Ölkə başçısının sərəncamı ilə mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Heydər Əliyev Fondunun rəhbəri, Millət Vəkili Mehriban xanım Əliyevanını səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunmuş, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır. Dövlət səviyyəsində əlil vətəndaşlara olan qayğı ölkəmizin bütün guşələrində də öz əksini tapmaqdadır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, hazırda dünya əhalisinin 10 faizi və ya 650 milyona yaxın insan əlil halda yaşayır. Azərbaycanda bu rəqəm 4,4 % təşkil edir ki, bu da MDB məkanında ən aşağı göstəricilərdən sayılır. Dövlət Statistika Komitəsinin məlumatlarına görə Azərbaycanda 506.127 nəfər əlilliyi olan insan yaşayır. Respublikadakı 2 milyon 200 min uşaqdan 61693 nəfəri müxtəlif problemli əlildir. Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Təkcə son on il ərzində əmək pensiyalarının orta aylıq məbləği 7,6 dəfə, sosial müavinətlərin orta aylıq məbləği isə 4 dəfədən çox yüksəlib. Son illərdə ölkədə əlilliyin artım tempinin qarşısı, demək olar ki, tamamilə alınıb, reabilitasiya göstəricisi isə 6 faizədək yüksəlib. Hazırda ölkədəki 14 bərpa mərkəzində hər il reabilitasiya potensialına malik 8.000 nəfərdən çox fiziki məhdudiyyətli insan bərpa-müalicə xidməti ilə təmin olunur.
3 Dekabr – Beynəlxalq əlillər günü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti tərəfindən rayondakı əlil uşaqlar, Daun Sindromlu Şəxslərin Assosiasiyası və UAFA əlil uşaqlar təşkilatının üzvləri, Saray qəsəbəsindəki uşaq evində tərbiyə alan, həmçinin 219 saylı evdə məktəbdə təhsil alan əlil uşaqlar - ümumilikdə 150-dən çox əlil uşaq üçün "Şərq saray" şadlıq sarayında müsiqili-əyləncəli tədbir keçirilmişdir. Tədbir iştirakçılarını salamlayan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov dövlətimizin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda həyata keçirilən işlərdən danışmışdır. Qeyd olunmuşdur ki, Səbail rayonunda qeydiyyatdan keçmiş 2514 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaş yaşayır. Bunların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar vardır.
A.Əsgərov bildirmişdir ki, əlill vətəndaşla və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Belə ki, bu il ərzində RİH tərəfindən əlillər və xüsusilə də əlil uşaqlarla bağlı xeyli tədbir təşkil olunmuş, 2 nəfərə əlil arabası verilmiş, 10-dan çox əlilin cərrahiyyə əməliyyatı olunmasına köməklik göstərilmiş, uşaqlar üçün təşkil olunan tədbirlərdə əlil uşaqların da iştirakı təmin olunmuş, iyul ayında Səbail rayon İcra Hakimiyyətində Azərbaycan Milli Qeyri Hökumət Təşkilatları Forumunun "Əlillərin və Sağlamlıq İmkanları Məhdud olan İnsanların Hüquqlarının Müdafiəsi və onların cəmiyyətə inteqrasiyası" layihəsinin təqdimat mərasimi keçirilmişdir.
Həmçinin qeyd olunmuşdur ki əlil uşaqların təhsil almalarının təmini üçün yaradılan təhsil müəssisələrindən biri Səbail rayonunda fəaliyyət göstərən 219 saylı Evdə məktəbdir. Hazırda bu məktəbdə müxtəlif dərəcəli əlilliyi olan 695 nəfər uşaq 11 illik təhsil alır. Onlara 260 nəfər müəllim dərs keçir. Burada təhsilin səviyyəsi digər məktəblərdəkindən fərqlənmir, bir çox əlil uşaqların savadı adi məktəblərdəkilərdən də üstün olur. Təkcə 2011-2012-ci təhsil ilinin yekununda məktəbin 102 məzunu (58%) respublikamızın və bir sıra xarici dövlətlərin ali məktəblərinə qəbul olmuşlar.
Digər çıxışçılar əlil vətəndaşlarımıza və xüsusilə də əlil uşaqlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər. Vurğulanmışdır ki, əlillər cəmiyyətin bərabərhüquqlu üzvüdürlər və onlar ölkədə gedən bütün posseslərdə fəal iştirakı təmin olunmalıdır.
RİH tərəfindən 150 nəfər əlil uşağa hədiyyələr təqdim olunmuş və maddi yardım göstərilmişdir. Tədbirdə iştirak edən əməkdar artist Aygün Bəylər, populyar müğənni Aslan Hüseynov, rəqqasə Fatimə, "Vüqar" nəfər qrupu və bir çox gənc incəsənət xadimləri, şən klounlar öz mahnıları və ifaları ilə görüşü uşaqların yaddaşında daha yaddaqalan və mənalı etmişlər.