Avropa Birliyindən önəmli Qarabağ mesajı

4 Dekabr 2012 07:00 (UTC+04:00)

Cənubi Qafqaza, xüsusən də Azərbaycana getdikcə daha çox maraq göstərməyə başalyan Avropa Birliyini narahat edən əsas məqamlardan biri də regionda hələ də həllini tapmayan münaqişələrdir. Çünki bu münaqişələr birliyin regionda maraqlarına, o cümlədən enerji ehtiyatları ilə bağlı planlarına ciddi hədə mənbəyi kimi qiymətləndirilir.

Bu xüsusda Dağılq Qarabağ konflikti Avropa Birliyinin daha çox əndişə etməsinə rəvac verməkdədir. Çünki münaqişə yenidən alovlanarsa, bu, Azərbaycandan, həmçinin, Orta Asiyadan Avropaya fasiləsiz enerji ehtiyatlarının axınına ciddi maneə yarada bilər. Bu da Avropanın daha çox Rusiyadan enerji asılılığına düşməsi deməkdir ki, "köhnə qitə"də Moskvadan asılılıq artıq fəlakət kimi qiymətləndirilir.

İndi qeyd olunan kontekstdə Avropa Birliyi Qarabağ münaqişəsinin həllinin danışıqlar yolu ilə tezləşməsini istəyir. Avropa Komissiyasının sədri Joze Manuel Barrozu bununla bağlı bildirir: "Dağlıq Qarabağ münaqişəsi tərəflərinin razılığı ilə Avropa Birliyi bu problemin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun səylərinə dəstək verməyə davam etməyə hazırdır".

Onun sözlərinə görə, Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyiş Avropa Birliyinin xarici siyasətinin qonşuları ilə bağlı prioritetləri sırasındadır. Qurum rəhbəri münaqişənin tez bir zamanda həllinin labüdlüyünü vurğulayıb: "Belə bir fikir var ki, münaqişə donub və onun həlli yoxdur. Əminəm ki, bu məsələnin çətinliklərinə baxmayaraq, onu sülh yolu ilə həll etmək mümkündür və bunu mütləq etmək lazımdır".

Barrozunun sonrakı açıqlaması isə daha maraqlıdır. O bildirib ki, tərəflərin istəyi olarsa, Avropa Birliyi münaqişə tərəfləri arasında etimadın möhkəmləndirilməsinə yönəlmiş tədbirlərə ciddi dəstək verə bilər. Başqa sözlə Avropa Birliyi bununla münaqişənin həllinə daha yaxından cəlb olunmasını mümkün sayır və tərəflərə açıq mesaj da verir. Ekspertlər isə hesab edir ki, Avropa Birliyinin münaqişənin həllinə cəlb olunması hansısa dəyişikliklərə gətirib çıxara bilər. Ermənistandan fərqli olaraq rəsmi Bakı Avropa Birliyinin münaqişənin həllinə cəlb olunmasını məqbul sayır.

Azərbaycanda belə hesab olunur ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Avropa Birliyinin də səyləri öz nəticəsini verə bilər. Azərbaycan istəyir ki, Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində fəal iştirak etsin və Azərbaycanın ədalətli mövqeyi istiqamətində müəyyən işlər görə bilsin. Xatırladaq ki, bu həftə Avropa Birliyinin Şurası Cənubi Qafqazla bağlı qətnamə qəbul edib. Qətnamədə deyilir ki, Avropa Birliyi Minsk Qrupunun fəaliyyətinə, eləcə də münaqişənin post-konflikt fazasında dəstək verməyə hazırdır.

Qeyd olunduğu kimi isə Avropa Birliyi Qarabağ konfliktinin fəal hərbi fazaya daxil ola biləcəyindən ehtiyatlanır. Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstandakı böhranlar üzrə xüsusi nümayəndəsi Filipp Lefortun açıqlamaları da bunu təsdiq edir: "Dağlıq Qarabağ münaqişəsi "dondurulmuş" münaqişə deyil, barəsində "dondurulmuş" qərar olan bir münaqişədir və yenidən alovlanmaq təhlükəsi var". O bildirib ki, münaqişənin həlli üçün siyasi iradə və hər iki tərəfin kompromis istəyi mövcud olmalıdır: "Status-kvo qəbuledilməzdir. Bu məsələ üzrə irəliləyişə nail olmaq vacibdir".

F. Lefort AB-nin Cənubi Qafqazla bağlı maraqlarını 5 əsas maddə üzrə xarakterizə edib. Bunlardan birincisi bölgədə müharibə və silahlı münaqişələrə yol verilməməsidir: "Avropa Birliyinin təhlükəsizliyi üçün bölgədə sabitliyin və təhlükəsizliyin qorunması, bölgənin inkişafı çox önəmlidir". Digər maddələr enerji sahəsində əməkdaşlıq, Avropanın öz dəyərlərini bölgə ölkələri ilə bölüşməsi, təhlükəsizliyə olan təhdidlərə və terrorçuluğa qarşı birgə mübarizəni əhatə edib.

O da məlumdur ki, Avropa Birliyi Azərbaycan və Ermənistanın rəsmi şəxsləri ilə Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsinə yönəlmiş etimad tədbirlərinə dair yeni təklifləri müzakirə edib. AB-nin ali komissarı Ketrin Eşton Azərbaycana səfəri zamanı AB-nin Dağlıq Qarabağ münaqişəsinin həllində öz səylərini gücləndirəcəyini bildirmişdi. Lakin indiyə qədər bu istiqamətəd qurumun hansı işlər görməsi məlum deyil. Ekspertlər isə hesab edir ki, Azərbaycan və Ermənistan arasında müəyyən razılıq olarsa, bölgəyə həm də Avropa Birliyinin sülhməramlı qüvvələri yeridilə bilər.

Xatırladaq ki, Avropa Birliyi sülhməramlı qüvvələrinin Qarabağda yerləşdirilməsi məsələsi zaman-zaman gündəmə gəlib. Qurum özü isə bununla bağlı qəti mövqe bildirmir. Sadəcə, qeyd edilib ki, münaqişə zonasında təşkilatın sülhməramlı qüvvələrinin yerləşdirilməsi barədə danışmaq hələlik tezdir. Ancaq o da bildirilib ki, belə bir addım zəruri və xeyirli olsa, Avropa Birliyi bu işə öz töhfəsini verməyə hazırdır.