Ermənistan rəhbərləri çox təhlükəli oyunun "peşka"sına çevriliblər

4 Dekabr 2012 07:15 (UTC+04:00)

Bu gün Ermənistan beynəlxalq sülh və təhlükəsizlik üçün təhdid mənbəyinə çevrilibdir. Ermənistan rəhbərləri çox təhlükəli oyunun "peşka"sına çevriliblər, öz ölkəsinin xarici ölkənin Cənubi Qafqazda forpostu damğasını qəbul ediblər. Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Bakıda bazar ertəsi keçirilən "Azərbaycan 2020: Gələcəyə baxış" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Onlar öz məsuliyyətlərini dərk etməlidirlər və erməni xalqının gələcəyini düşünməlidirlər. Əminəm ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli regionda iqtisadi sabitliyə, təhlükəsizliyə, əməkdaşlığa və inkişafa təkan verəcək", - Mehdiyev əlavə edib.

PA rəhbəri təcavüz anlayışını təsadüfən işlətmədiyini bildirərək qeyd edib ki, beynəlxalq hüququn fundamental prinsip və normaları ilə ziddiyyət təşkil edən bu məfhum dünya birliyi tərəfindən birmənalı şəkildə qınanılmışdır.

"Bu amillərə məhəl qoymayan Ermənistan açıq hərbi təcavüz aktı həyata keçirmiş, Azərbaycanı silahlı münaqişəyə sürükləmiş və 20% ərazilərimizi işğal etmişdir. Vəziyyətin obyektiv dəyərləndirilməsi, Ermənistanın beynəlxalq məsuliyyətini önə çəkir. Buna görə də bu hökumətin rəhbərləri hər zaman hüquqi anlayışlar olan təcavüz və işğal faktını ört-basdır etməyə çalışırlar".

Ramiz Mehdiyev media nümayəndələrinə açıqlamasında deyib: "Milyarderlər İttifaqı"na münasibətim əvvəldən mənfidir".

O qeyd edib ki, hətta, bu təşkilat elan olunmazdan əvvəl onun rəhbərlərindən biri ilə görüşündə də bu təşkilata mənfi münasibətini bildirib: "Rusiyanın regionlarındakı diaspor qurumları da bu təşkilatı tanımır və əhəmiyyət vermirlər".

R. Mehdiyev bildirib ki, təşkilatla bağlı ümumi maraqlardan kənar məsələlər müzakirə olunur: "Bu təşkilatı yaradanlar ancaq öz şəxsi məqsədlərini və mənafelərini güdürlər. Onlar Azərbaycanın Rusiyadakı diasporu ilə heç bir halda bağlı deyillər və bu hərəkətləri ilə əslində Azərbaycan diasporunu parçalamaq niyyətini güdürlər.

Ona görə bu təşkilatı mənfi qiymətləndirirəm. Onun heç bir perspektivi olmayacağını qeyd edirəm".

"Ziyalılar Forumu"na münasibət bildirən R.Mehdiyev qeyd edib ki, bu təşkilat Azərbaycanda heç də adından göründüyü kimi, bütün Azərbaycan ziyalılarını ətrafında birləşdirmir: "Bu gün o təşkilatda cəmi 10-15 nəfər var ki, onlar da öz şəxsi məqsəd və mənafeləri naminə birləşiblər. Təşkilatçıların bu gününü, keçmişini təhlil etsəniz, görərsiniz ki, onların məqsədi nədən ibarətdir. Kimsə deputat seçilməyib, kimisinin biznesi baş tutmayıb, kimsənin bir marağı olub, onu təmin edə bilməyib, kimsə işdən qovulub... Bu tipli insanlar orada yığışıb, deyə bilərəm ki, əylənirlər.

Ona görə də öz narazılıqlarını bu formada çatdırmaq üçün bir araya gəlib, ziyalılar adına iddia edən təşkilat yaradıblar".

R.Mehdiyev vurğulayıb ki, Azərbaycanda ziyalılar 100 minlərlədir:

"Onlar hər zaman öz mövqelərini ortaya qoyurlar. Onlar birmənalı olaraq indiki hakimiyyətin kursunu və mövqeyini dəstəkləyirlər. Azərbaycan prezidentinin ölkənin gələcəyi ilə bağlı geniş planları var. O planların icrası, nailiyyətlərimiz göz qabağındadır. Yəni, bu forumda birləşən azsaylı insanları Azərbaycan ziyalıları adına bir qüvvə hesab etmək olmaz".

Ramiz Mehdiyev Azərbaycan Prezidenti Administrasiyasında həyata keçirilən kadr dəyişikliklərinə münasibət bildirərkən deyib: "Prezident Administrasiyasında işin həcmi o qədər böyükdür ki, Prezident Administrasiyasının şöbə müdirlərinin statusu, səlahiyyətləri artırılıb və onlar Prezident İlham Əliyev tərəfindən Administrasiya rəhbərinin müavinləri təyin olunublar. Heç bir başqa fikir ortalıqda yoxdur, sadəcə işin çoxluğu və vəzifələrin artmasından söhbət gedir".

PA rəhbəri bildirib ki, onlar öz vəzifələrində qalırlar, eyni ilə də Administrasiya rəhbərinin müavinləri kimi də fəaliyyət göstərəcəklər.

2013-cü ildə prezident seçkilərinə hakimiyyət tərəfindən irəli sürülən namizədlə bağlı məsələyə münasibət bildirən PA rəhbəri deyib ki, namizədliklə bağlı müzakirələr ictimaiyyəti çox maraqlandırır, çünki hər kəsə maraqlıdır ki, Azərbaycanın növbəti 5 ildə prezidenti kim olacaq, Azərbaycanın taleyi nədən ibarət olacaq, kimlə bağlı olacaq.

"Bu da məlumdur. 2020-ci ilə qədər Azərbaycanın konsepsiyası var, bu gün də biz bunu müzakirə etdik və hesab edirəm ki, hər bir insan bundan özü üçün nəticə çıxara bilər ki, Azərbaycanın prezidenti kim olacaq", - Mehdiyev əlavə edib.