Rövnəq Abdullayevdən BP-yə xəbərdarlıq

4 Dekabr 2012 07:21 (UTC+04:00)

Gələn il ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ölkənin qiymətli kağızlar bazarında yerləşdirilməsi üçün 500 milyon manata yaxın məbləğdə korporativ istiqrazların buraxılışını planlaşdırır. Bu barədə jurnalistlərə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, ölkə daxilində istiqrazların buraxılışı üzrə planlar avroistiqrazların yerləşdirilməsindən yaxşı nəticələrin əldə olunmasından sonra yaranıb.

"Şirkət Azərbaycan iqtisadiyyatının lokomotividir və istiqrazların buraxılışı ölkənin qiymətli kağızlar bazarının canlanması üçün şərait yaradacaq. Hazırda bu layihələr üzərində işlər gedir", - Abdullayev bildirib.

Onun sözlərinə görə, istiqrazların beş illik müddətə buraxılması planlaşdırılır, yerləşdirmədən əldə olunacaq vəsaitin perspektivli strukturların, o cümlədən "Ümid" qaz kondensat yatağının inkişafına yönəldilməsi planlaşdırılır.

ARDNŞ-nin buraxmağı planlaşdırdığı korporativ istiqrazları hər kəz, o cümlədən ölkə vətəndaşları əldə edə bilərlər. "Mən istyərdim ki, bizim adi vətəndaşlarımız da bu istiqrazları alsınlar", - Abdullayev qeyd edib.

Rövnəq Abdullayev bildirib ki, "TransAnadolu" qaz kəməri layihəsi (TANAP) çərçivəsində yeni qaz kəmərinin keçəcəyi ərazinin müəyyənləşdirilməsi üzrə işlər görülür.

Onun sözlərinə görə, layihənin reallaşdırılması üzrə işlər qrafikə uyğun aparılır və ərazilərin müəyyənləşdirilməsi prosedurunun başa çatmasından sonra topraqların alınması prosesinin təmin olunmasına başlanacaq.

"İşlər normal rejimdə müəyyən olunmuş qrafikə uyğun aparılır", - Abdullayev bildirib.

Onun sözlərinə görə, habelə əvvəllər TANAP layihəsində iştirakda maraqlı olduqlarını bildirən "Şahdəniz" qaz kondensat yatağının işlənməsi üzrə konsorsiumun iştirakçıları ilə də danışqılar aparılır.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev "BP ilə münasibətlərin indiki durumunu necə qiymətləndirirsiniz, "Əsrin müqaviləsi" çərçivəsində neft hasilatı artırılmasa, hökumət BP-ni başqa operatorla əvəz edə bilərmi" sualına belə cavab verib: "Niyə eləmir ki? Əgər bu operator işləmirsə, onda biz nə etməliyik? Bu, normal bir haldır və dünyanın hər bir yerində belədir. Operator ona görə təyin olunur ki, işlərə yaxşı rəhbərlik etsin və işləri yaxşı yönəltsin. Əgər yönəltmirsə, dəyişəcəyik. Belə məsələdə heç bir güzəşt yoxdur. Məsələ budur ki, operator öz işinin öhdəsindən gəlsin. Biz bunun üçün ona kömək edirik və işə nəzarət edirik".

"BP-Azərbaycan" şirkətinin rəhbərliyi yenilənəndən sonra neft hasilatında dəyişiklik olubmu" sualını cavablandıran Rövnəq Abdullayev qeyd edib ki, kadr dəyişikliyi etməklə hasilat artmır: "Biz hazırda işləyirik. Ekspert komissiyaları yaradılıb, onlar fəaliyyət göstərir. 2013-cü ilin büdcəsi və proqramı üzərində iş gedir. İnanırıq ki, nəticələr yaxşı olacaq".