Türkiyə universitetləri erməni təcavüzünə etiraz edir

8 Aprel 2016 21:00 (UTC+04:00)

Türkiyənin bir sıra universitetlərinin professor və müəllim heyəti, həmçinin Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı elm və incəsənət nümayəndələri Ermənistanın hərbi təxribatları ilə əlaqədar bəyanatlarla çıxış ediblər.


Diasporla İş üzrə Dövlət Komitəsindən Movqe.az-a  verilən məlumata görə, bu universitetlərə Qars Qafqaz Unvisersiteti Dövlət Konservatoriyası, Selçuk Univeristeti Konservatoriyası, Atatürk Universiteti, Qaziosmanpaşa Universiteti, Karadeniz Texniki Universiteti, Ağdeniz Universiteti daxildir. Bəyanatlar Teymur Rzayev, Nigar İsmayılqızı, İslam Manafav da daxil olmaqla ümumilikdə 27 nəfər elm və incəsənət adamı tərəfindən imzalanıb.


Bəyanatlarda Ermənistan ordusunun aprelin 1-dən 2-nə keçən gecə cəbhəboyu ərazilərdə atəşkəsi pozaraq yaşayış məntəqələrini atəşə tutması nəticəsində mülki əhalinin öldürülməsi faktı pislənilib.


Həmçinin bildirilir ki, 1988-ci ildən 1994-cü ilə qədər Ermənistan hərbi birləşmələri Dağlıq Qarabağ və ətraf 7 rayonu da daxil olmaqla Azərbaycanın 20 faiz torpağını işğal edib. Nəticədə bir milyondan çox əhali öz doğma yurdlarından didərgin düşüb, 20.000 insan həlak olub, 50. 000 nəfər yaralanıb və ya əlil olub və Azərbaycan Respublikasının təxminən 5 000 vətəndaşı indiyədək itkin düşüb.


1994-cü ilin 12 mayında Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş imzalansa da, son 22 il ərzində Ermənistan dövləti mütəmadi olaraq atəşkəs rejimini pozur, mülki əhalinin və Azərbaycan Silahlı Qüvvələrinin heyəti üzvlərinin həyatlarına təhlükə yaradır.


Türkiyə ziyalıları Ermənistanın son günlər həyata keçirdiyi hərbi təxribatları qınayır, dünya ictimaiyyətini baş verənlərə biganə yanaşmamağa çağırır. Bəyanatlarda, həmçinin Ermənistan dövlətindən Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etmək tələb edilib.