Aprelin 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin
(ADNSU) çoxsaylı kollektivi başda rektor Mustafa Babanlı olmaqla,
müəllim və tələbələr aprelin 2-5-də cəbhənin təmas xəttində erməni
təxribatına layiqli cavab verərkən şəhadət qazanan Şəhidlərimizin
ruhunu anıb. Akt zalında baş tutan mərasim öz izdihamı və ürəyi
qələbə ruhu ilə döyünən tələbələrin bu tarixə şərəf, qürur hissi
ilə yanaşmaları ilə diqqət çəkib.Mərasimdə Azərbaycan Dövlət Himni
səslənib, Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Rektor
M.Babanlı erməni təxribatına qarşı layiqli cavab verən Azərbaycan
ordusunun rəşadətindən danışıb və bu tarxi dövlətimizin, xalqımızın
milli-mənəvi qələbəsi kimi dəyərləndirib. Bildirib ki, bu gün hər
bir insanın ürəyi Azərbaycan eşqi ilə döyünür və bu gün heç bir
zaman olmadığı kimi mütəşəkkildir. Dağlıq Qarabağ və ondan kənar 7
rayonun ərazi və əhalisi haqqında, rayonların azad olunması
istiqamətində aparılan danışıqlar prosesindən danışan rektor, eləcə
də beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı mövqeyini vurğulayıb. "Bu gün cənab
Prezidentin də dediyi kimi, Azərbaycanın ərazi bütövlüyü
danışıqların mövzusu deyil"- deyə, M.Babanlı Azərbaycanın güclü,
nizamlı, işğal altında qalan torpaqları daim azad etməyə qadir olan
ordusunun olduğunu bildirib. Rektor beynəlxalq missiyanın
münaqişədə rolu barədə bir sıra nüanslara toxunmaqla, Azərbaycanın
öz siyasətini məhz dünya strategiyasına uyğun qurduğunu qeyd edib:
"Bu gün biz hamımız əsgərik. Canımızı vətən üçün verməyə hazırıq.
Ölkə başçısı bu
qüruru özümüzdə hiss etməyi bizə yaşatdı. Bu qələbə Azərbaycan
ordusunun gücünü, nizam-intizamı nümayiş etdirdi. Biz şəhidlərin
qanları hesabına yaranan bu nizamı qorumalıyıq. Azərbaycan tolerant
ölkədir, xalqımız humanistdir. Biz müharibə istəmirik. Biz erməni
işğalçılarının torpaqlarımızdan çıxmasını istəyirik. Lakin düşmən
öz çirkin niyyətindən əl çəkməyib təxribatlar törətməkdə davam
edəcəksə, bizə başqa yol qalmayacaq. Ali Baş Komandan çağırış
edəcəksə, biz torpaqlarımızın işğaldan azad olunması uğrunda
döyüşməyə hazırıq. Qələbəmiz üçün yalnız yumruq kimi birləşib,
vahid komanda altında mütəşəkkil hərəkət etməliyik".Rektor
tələbələri təhsillərində güclü olmağa səsləyib. Bildirib ki,
universitetdə yetişən insanların yaxşı vətəndaş olduqları sübuta
yetirildi. Vətənin müdafiəsini qurmaq üçün yaxşı mühəndis kimi də
yetişməlidirlər.