"Əl-Qaidə" Azərbaycandan qisas almağa çalışır?!
20 Aprel 2012 11:54 (UTC+04:00)
Məlumat verildiyi kimi, Milli Təhlükəsizlik Nazirliyi (MTN)
Azərbaycanda həyata keçirilən antiterror əməliyyatları barədə
növbəti məlumatını yayaraq ölkədə terror aksiyalarını planlaşdıran
qrupun arxasında "Əl-Qaidə" təşkilatının dayandığını bildirib.
Qeyd edək ki, bir müddət bundan öncə MTN-in keçirdiyi xüsusi
əməliyyat nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq
məqsədilə təxribat və terrorçuluq aksiyalarını planlaşdıran silahlı
birləşmə zərərsizləşdirilmişdi.
Müəyyən edilib ki, ölkə vətəndaşı Vüqar Padarov Azərbaycanda
təxribat-pozuculuq və terrorçuluq aksiyalarına hazırlıq görülməsi
məqsədilə silahlı birləşmə yaratmış, onun üzvlərini silah, döyüş
sursatı, partlayıcı maddələrlə təchiz edib. Məlum olub ki, silahlı
birləşmənin bəzi üzvləri "Əl-Qaidə" beynəlxalq terror təşkilatı
nümayəndələrinin köməyilə Suriyadakı mədrəsədə cihada hazırlıq
məqsədilə dini-psixoloji təlimə cəlb olunublar. Sonra onlardan
bəziləri Pakistanın Vəziristan əyalətində "Əl-Qaidə"nin
"İslami-cihad" terrorçu qrupunun tərkibində hərbi təlimlər keçib.
Ardınca bu qüvvələr Əfqanıstanın bir sıra əyalətlərində beynəlxalq
antiterror koalisiyası qüvvələrinə qarşı hərbi əməliyyatlara
qoşulublar. Açıqlamadan göründüyü kimi, zərərsizləşdirilən həmin
qrupun "Əl-Qaidə" terrorçuları ilə bağlı olduğu üzə çıxıb. İndiyə
kimi, Azərbaycan ərazisində məhv edilən terrorçu dəstələrin adları
əsasən vəhhabilərlə bağlı olaraq hallanırdı. İndi isə açıqlamadan
da göründüyü kimi, artıq onların yerini deyəsən "Əl-Qaidə"çilər
tutmağa başlayıb. Bu vəziyyət onu göstərir ki, artıq "Əl-Qaidə"
terror şəbəkəsi Azərbaycanı da öz təsir dairəsinə qatmağa
çalışır.
Politoloq Elşən Manafovun fikrincə, ilk əvvəl nəzərə alınmalıdır
ki, "Əl-Qaidə"nin özünün istinad etdiyi təriqət vəhhabilikdir:
"Dünyanın bir nömrəli terrorçusu olan Üsamə Bin Laden də vəhhabi
idi. Azərbaycanda "Əl-Qaidə" ilə bağlı terrorçu qrupların əl-qol
açmasına gəldikdə, ölkəmiz enerji resursları ilə zəngin olduğundan
bura digər dövlətlər kimi həmin terrorçu təşkilatın da maraq
göstərdiyini istisna etmək olmaz. Zamanında Çeçenistan
müharibəsinin arxasında ABŞ və Səudiyyə Ərəbistanının bu və ya
digər mənada barmağı vardı. Məqsəd də o idi ki, Azərbaycan enerji
resurslarını məhz Amerikanın məsləhət bildiyi konkret marşrutlar
üzrə Qərbə çıxarsın. Həmin Çeçen müharibəsi nəticəsində Azərbaycan
iqtidarı haqlı olaraq Rusiyaya bəyan etdi ki, neft kəmərinin Şimali
Qafqaz ərazisilə Avropaya nəqli təhlükəsizlik baxımından mümkün
deyil. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli
rol oynayan dövlətlərdən biridir. Hətta Transxəzər qaz kəməri
məsələsi də gündəmə gəlib. Hərçənd Azərbaycan bəyan edir ki, o bu
kəmərin çəkilişində təşəbbüskar deyil, tranzit ölkə kimi çıxış
edir. Amma bütün bunlarla yanaşı Azərbaycanın enerji resursları və
tranzit ölkə kimi imkanları ölkəmizə təzyiq vasitələrinin
artacağını deməyə əsas verir. İstisna deyil ki, "Əl-Qaidə"
tərəfindən Azərbaycana münasibətdə tətbiq edilən bu əməliyyatlar
məhz Səudiyyə Ərəbistanı və onunla bağlı qruplar tərəfindən həyata
keçirilə bilər. Çünki "Əl-Qaidə"nin arxasında İranın durduğunu
güman etmirəm. İran bu terror təşkilatı ilə bağlı olmadığını
dəfələrlə bəyan edib.
Hər halda güman etmirəm ki, sözügedən terror qrupunun Azərbaycanda
həyata keçirmək istədiyi terror aksiyalarının arxasında regional
ölkələr olan Rusiya və İran faktoru dayansın. Fikrimcə, həmin
hadisələr daha çox Qərbin bölgəmizdə gərginliyi artırmaq
vasitəsidir. Qərb nəyin bahasına olursa-olsun ölkəmizi anti-İran
koalisiyasına cəlb etmək üçün bu kimi addımları ata bilər. Digər
tərəfdən Azərbaycanın Rusiya və İranla münasibətlərində müəyyən
məqamlar Qərbi narahat etdiyindən belə yollarla ölkəmizin Qərbin
təhlükəsizlik sisteminə inteqrasiyasını sürətləndirmək istəyirlər.
Eyni zamanda "Əl-Qaidə"nin ölkəmizdə həyata keçirmək istədiyi
terror aksiyaları həm də Azərbaycana münasibətdə onun qisas
aksiyası kimi də qiymətləndirilə bilər. Çünki Azərbaycan
"Əl-Qaidə"yə qarşı antiterror koalisiyasına qoşulan dövlətlərdən
biridir və Əfqanıstanda məhdud kontingentdə bizim hərbi
qüvvələrimiz yerləşdirilib".
Politoloq İlham Məmmədov məsələ ilə bağlı bildirib: "Əl-Qaidə"
terror şəbəkəsinin Azərbaycana marağı, onun Əfqanıstanda həyata
keçirilən antiterror əməliyyatlarında mühüm rolu ilə bağlı ola
bilər".
Məmmədov deyir ki, həmçinin Rusiya ilə sərhəddə Çeçenistan və
Dağıstanda ara-sıra vəziyyət gərginliyi Azərbaycana da təsirini
göstərə bilər.
Rüfət NADİROĞLU