İsveç hökuməti qaçqınların qəbul edilməsi qaydalarını sərtləşdirmək niyyətindədir

9 Aprel 2016 13:00 (UTC+04:00)

İsveç hökuməti qaçqınların qəbul edilməsi qaydalarını sərtləşdirmək niyyətindədir. Nazirlər Kabineti yeni qanun layihəsini parlamentin müzakirəsinə təqdim edib. Yeni qanunun bu il iyulun 20-dən başlayaraq üç il müddətində qüvvədə olması nəzərdə tutulur.


Qanun layihəsinə əsasən indi miqrasiya idarəsi qaçqınlara daimi pasport əvəzinə bu ölkədə üç il yaşamaq üçün müvəqqəti sənəd vermək hüququ qazanır. Bundan əlavə, qaçqınların öz doğmalarına qovuşmaq hüququnun məhdudlaşdırılması və ailələrini İsveçə gətirmək istəyən qaçqınların gəlirləri barədə tələblərin sərtləşdirilməsi nəzərdə tutulur.


Qanun layihəsini miqrasiya məsələləri üzrə nazir Morqan Yuxansson təqdim edib. Nazirin sözlərinə görə təklif edilən dəyişikliklər köçkünlərin qəbulu sistemində tam böhrandan yaxa qurtarmaq üçün zəruridir. O deyib: "İndi biz hər həftə 500-600 miqrant qəbul edirik. Bu səviyyənin öhdəsindən gələ bilirik".


Keçən il bu göstərici bəzi hallarda indiki səviyyədən 10-20 dəfə yüksək idi. Lakin yeni qanun birmənalı şəkildə qəbul edilməyib. Belə ki, bəzi ekspert təşkilatları bu qanun layihəsini tənqid ediblər. Nəticədə layihə ona təkrar baxılması üçün göndərilib, hökumət isə güzəşt qismində müvəqqəti pasportun qüvvədə olma müddətini xüsusi hallarda 13 aya qədər artırmağı təklif edir.


Xatırladaq ki, əhalisi 9,8 milyon nəfər olan İsveç 2015-ci ildə 163 mindən çox qaçqın qəbul edib. Bu, Avropa İttifaqında əhalinin hər nəfəri hesabına qaçqınların sayının ən yüksək göstəricisidir. Krallığın miqrasiya idarəsinin proqnozlarına görə, 2016-cı ildə 140 min qaçqın gözlənilir, lakin hökumətin gördüyü tədbirlər, xüsusən sərhəd yoxlamaları tətbiq edilməsi nəticəsində bu ölkədə sığınacaq istəyənlərin axını zəifləyib.(AzərTac)