Dünya iqtisadiyyatı artan təhdid qarşısında

9 Aprel 2016 09:45 (UTC+04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard qlobal iqtisadi canlanmanın getdikcə artan risklərlə üzləşdiyini bəyan edib. Gəlirlərin qeyri-bərabər bölüşdürülməsinin yaratdığı pessimizm insanlarda "preventiv". yəni vəsaitlərini qorumaq meylləri gücləndirib. K.Laqard Frankfurtdakı toplantıda çıxışında qlobal iqtisadiyyatın son 6 ayda pisləşdiyini xatırladıb, həmçinin qeyd edib ki, Çindəki yavaşlama, xammal qiymətlərindəki azalma və bəzi ölkələrin sərt maliyyə siyasəti vəziyyəti daha da çıxılmaz edir. BVF rəhbəri iqtisadi artımın inkişaf etmiş ölkələrdən inkişafda olan ölkələrə yayılacağı gözləntilərinin puça çıxdığını bildirib.

Yerli iqtisadçılar qlobal maliyyə böhranın müxtəlif səbəblə izah etməyə çalışılar. Cari ilin ikinci yarısından sonra isə dünya iqtisadiyyatda dirçəlmə proqnozlaşdırılır.

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov hesab edir ki, dünya iqtisadiyyatındakı tənəzzülün kökündə 2007-2008-ci illərdə ABŞ-ın bank sistemində başlamış maliyyə böhranı dayanır: "Getdikcə böyüyən maliyyə böhranı ardınca iqtisadi böhranı da dərinləşdirməyə başladı. İqtisadi böhranı daha da dərinləşdirən bir başqa amil isə neftin qiymətləri ətrafında gedən siyasi oyunlar oldu. Dünyanın böyük gücü tərəfindən əsasən Rusiya iqtisadiyyatının zəifləməsini hədəfləmiş bu addım 2014-cü ilin ortalarından başlayaraq dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi ilə nəticələndi.

Təbii ki, neftin qiymətlərinin aşağı düşməsi tək Rusiyaya deyil, iqtisadiyyatı neftlə bağlı olan bütün ölkələrə təsir etdi. Artıq ikinci aydır ki, bu qiymətlərin 40 dollar ətrafında sabitləşməsi prosesi baş verir. Lakin dünya iqtisadiyyatında ümumi vəziyyət, yəni onun artım templəri hələ ki, bir o qədər ürək açan səviyyədə deyil. Bundan narahat olan beynəlxalq maliyyə institutlarının rəhbərləri hökumətləri iqtisadi aktivliyi artırmağa və bu yolda daha qətiyyətli addımlar atmağa, xüsusilə də neft ölkələrini qeyri-neft sektorunun inkişafını təmin edə biləcək ciddi islahatlar aparmağa səsləyirlər. Yeri gəlmişkən, bu gün bütün neft ölkələri içərisində Azərbaycan yeganə ölkədir ki, yaranmış bu durumda real sektorun inkişafı istiqamətində ən qətiyyətli addımlar atmağa rəvac verib.

Azərbaycan hökumətinin bu addımları artıq adını çəkdiyimiz beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirib və onlar bu islahatların aparılmasında ölkəmizə yaxından kömək etməyə hazır olduqlarını bəyan ediblər. Hesab edirəm ki, cari ilin ortalarından başlayaraq dünya iqtisadiyyatında artım sürəti bir qədər yüksək olacaq. Gözləntilər budur ki, 2016-cı ilin ikinci yarısından etibarən dünya bazarlarında neftin qiymətləri 50-60 dollar səviyyəsində ola biləcək. Bu isə iqtisadi artımın başlanmasının əsas şərtlərindən biridir".

Digər iqtisadçı-ekspert Nicat Hacızadənin sözlərinə görə, dünya iqtisadiyyatında baş verən geriləmələri Çində baş verən durğunluq və o cümlədən neft ixracatçısı ölkələrinin gəlirlərinin azalaması ilə də ifadə etmək olar: "Qiymətli kağızlar bazarında bir sıra böyük ölkələrin səhmlərinin düşməsi və istiqrazlarının kupon dərəcəsinin artması deməyə əsas verir ki, iqtisadi disbalanslıq davam edir. Vəziyyətin çox da belə davam edəcəyi gözlənilmir. 2016-cı ilin 2-ci yarısından etibarən dünya iqtisadiyyatında balansın təmin olunacağı əsas gözləntilərdəndir".