Möhkəmlənən avro dolları manat qarşısında ucuzlaşdıracaq

9 Aprel 2016 09:50 (UTC+04:00)

Dünya bazarlarında avro bahalaşmağa başlayıb. Buna əsas səbəb kimi ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırmaması göstərilir. Belə ki, aprelin 6-da ABŞ Federal Ehtiyat Sisteminin mart ayında baş tutan iclasının protokolları acıqlanıb.

Protokolları təhlil edən investorlar dollar ehtiyatlarını satmağa başlayıblar. Nəticədə, əsas valyuta cütlüyü sayılan USD/EUR aprelin 6-da 1,1327 səviyyəsinə endikdən sonra 0,9% artaraq 1,1431-ə qədər yüksəlib. Hazırda cütlük 1,1420 USD/EUR-a yaxın səviyyədədir. Ekspertlər avronun möhkəmlənməsinin Azərbaycan milli valyutasına da təsir edəcəyini düşünürlər. Belə ki, avronun möhkəmlənməsi manata da dollar qarşısında dəyər qazandıracaq.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov hesab edir ki, avronun möhkəmlənməsinin əsas səbəbi mart ayında FES-in uçot dərəcəsini artırmaması ilə bağlı qərarı oldu: "Həmçinin FES bundan sonra uçot dərəcəsinin artırılması məsələsində ehtiyatlı olacağı ictimai mesajlarını açıqladı. Bununla da dünya birjalarında dolların mövqeyi zəifləməyə başladı. Amma nəzərə alaq ki, avro daha çox dollar qarşısında möhkəmlənib. Digər valyutalarla mütənasibliyini isə qoruyub saxlayır. Demək olar ki, bu açıqlamadan sonra avro dünya bazarlarında dollara nisbətən 2% -ə qədər möhkəmləndi.

Azərbaycan üçün prosesin əhəmiyyəti ondan ibarətdir ki, milli valyutanın məzənnəsinin müəyyələşdirilməsi bivalyuta əsasında həyata keçirilir. Bu zaman səbətdə təmsil olunan ikinci valyuta avrodur. Avronun həcmi ABŞ dolları ilə müqayisədə az olsa da, dünya bazarlarında avronun mövqeyinin dəyişməsi manatın ümumi məzənnəsinə təsir edir. Beləliklə müşahidə edirik ki, manatın ümumi möhkəmlənməsinin qarşısında ABŞ dollarının zəifləməsi tempi avroya nisbətdə daha sürətli baş verir. Yaxud da əks proses eyni cür gedir. Bunun isə səbəbi odur ki, səbətdə ABŞ dolları daha çox təmsil olunur. Eyni zamanda manatın möhkəmlənməsi fonunda avronun özündə də möhkəmlənmə baş verir. Bu ikisi arasında məzənnə tsiklləri bir-birinə yaxınlaşır.

Digər tərəfdən nəzərə almaq lazımdır ki, Azərbaycanın avro ilə ehtiyatları mövcuddur. Dövlət Neft Fondunun ehtyiatlarının 35%-i avro ilə saxlanılır. Avronun mövqeyinin möhkəmlənməsi növbəti dövrlərdə bizim valyuta ehtiyatlarının qiymətləndirilməsi zamanı məzənnə sədlərinin az və ya əvvəlki ilə müqayisədə daha üstün olmasına gətirib çıxarır. Belə ki, avro ilə olan ehtiyatların ABŞ dolları ilə qiymətləndirilməsi zamanı avronun bahalığı səbəbindən həcm daha artıq olur. Bu da ümumi valyuta ehtiyatlarının həcminə müsbət təsir göstərir".

Digər iqtisadçı-ekspert Cavid Əzimovun sözlərinə görə, maliyyə bazarlarında spekulyativ hərəkətlər onu göstərir ki, USD/EUR məzənnəsi artıma meyillidir: "Artım 1,15 USD/EUR səviyyəsini keçəcəyi təqdirdə çox qısa müddətdə 1,22 USD/EUR səviyyəsinə qədər davam edəcək. Bu durum Azərbaycan manatının da möhkəmlənməsinə və dolların 1,40-1,45 AZN/USD səviyyəsinə qədər geriləməsinə gətirib cıxara bilər".