Prezidentə məktublar: "Sizin rəhbərliyinizlə Azərbaycan dövlətinin, Milli Ordumuzun bundan sonra da qüdrətlənəcəyinə inanırıq"

8 Aprel 2016 18:10 (UTC+04:00)

Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində qazandığı uğurlardan ruhlanan Azərbaycan vətəndaşları, eləcə də Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin saytına müxtəlif səpkili məktublar ünvanlamaqda davam edirlər.


X X X


Möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandanımız, xalqımızın igid və mərd oğlu.


Sizi salamlayır, hörmət və ehtiramımızı bildiririk. Son zamanlar Sizin komandanlığınız altında cəbhə bölgələrimizdə ordumuzun apardığı uğurlu əməliyyatlar xalqımız arasında böyük ruh yüksəkliyi yaradaraq bizi tam əmin etdi ki, işğal altında olan torpaqlarımız tezliklə düşmən tapdağından azad ediləcək və biz məcburi köçkünlər öz ata-baba yurdumuza qayıdacağıq.


Möhtərəm Prezidentimiz, biz Sizin apardığınız daxili və xarici siyasəti daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Bu gün hər birimiz Sizin əmrinizi gözləyirik və torpaqlarımızın azadlığı uğrunda silaha sarılaraq döyüşməyə hazırıq.


Cənab Prezident, Sizə uzun ömür, can sağlığı arzu edir, məcburi köçkünlərə göstərdiyiniz diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk.


Dərin hörmətlə,

Gəncə şəhəri, Kəpəz rayonu, Yeni qəsəbə 2-də müvəqqəti məskunlaşmış Xocalı rayon Kosalar kənd əhalisi adından

Rzayev Şahid Şahmar oğlu

Azərbaycan Respublikası, Gəncə şəhəri


X X X


Möhtərəm Prezident, cənab Ali Baş Komandan.


Uzun illərdir ki, həsrətlə bu günü gözləyirdik. Mən çox şadam ki, mənfur düşmənimizə layiqli cavab verildi. Mən birinci Qarabağ müharibəsində iki dəfə yaralanmışam. Ona görə də bu hadisələr mənim üçün on qat mükafat sayılır. Şükürlər olsun ki, bu gün peşəkar ordumuz var. Mən bu günü həsrətlə gözləmişəm. Hazırda 53 yaşım var. Amma indi də məmnuniyyətlə ordu sıralarına qayıdıb Vətən uğrunda döyüşmək arzusundayam. Əminəm ki, Siz Qarabağ məsələsini tezliklə həll edəcəksiniz. Ölkəmizdə hər şey yüksək səviyyədə öz həllini tapacaq. Siz Azərbaycan tarixində unudulmaz bir şəxsiyyət kimi qalacaqsınız. Düşmənimizə gəlincə, çox istərdim ki, onları Ermənistana qədər qovaq. Ondan sonra danışığa başlayaq.


Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür, daha böyük uğurlar arzulayıram. Sağ olun.


Hörmətlə,

Vəkilov Mahir İslam oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.


X X X


Möhtərəm Prezident.


İndi hamı Ordumuzun nailiyyətlərinə sevinir. Sizdən - Ali Baş Komandanımızdan səfərbərlik elan etməyinizi gözləyirik. Hamı kimi mən də döyüşlərdə iştirak etmək arzusundayam.


Qarabağ bizim torpağımızdır və onun uğurunda şəhid olanlar Allah dərgahında ən yüksək zirvəyə çatırlar. Allahdan şəhidlərimizə rəhmət, valideynlərinə səbir, yaralananlara isə şəfqət diləyirəm. Qarabağsız keçirdiyimiz illər zillətdir. Əmr edin, cənab Ali Baş Komandan! Əmr edin, düşmənin ayağını torpaqlarımızdan kəsək.


Hörmətlə,

Cümşüdov Yaşar Nadir oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.


X X X


Cənab Ali Baş Komandan.


Son günlər Ordumuzun cəbhədə qazandığı uğurlar bizi həddən artıq sevindirdi. Biz gənclər Sizə güvənirik və hər zaman Sizi dəstəkləyirik.


Cənab Ali Baş Komandan, ən böyük arzumuz Sizin əmrinizlə üçrəngli bayrağımızı işğal altında olan torpaqlarımızda dalğalandırmaqdır. Sizə bu şərəfli işdə uğurlar arzulayırıq. Biz Sizin müsəlləh əsgərlərinizik.


Hörmətlə,

Bəxtiyarov Ruslan Səxavət oğlu, məcburi köçkün.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.


X X X


Hörmətli cənab Prezident.


İlk növbədə, torpaqlarımızın bir qisminin işğaldan azad edilməsi münasibətilə Sizi təbrik edirəm. Diqqətinizə çatdırmaq istəyirəm ki, minlərlə gənc Vətənimiz uğrunda döyüşməyə hazırdır. Dünən atəşkəs elan edilsə də, silahlar susmur, mənfur düşmən təxribatlarını dayandırmır. Əmr edin, bütün torpaqlarımızı işğaldan azad edək.


Möhtərəm Prezident, inanırıq ki, Siz bizi yeni qələbələrinizlə sevindirəcəksiniz. Nə yaxşı ki, varsınız.


Hörmətlə,

İslamzadə Aygün Eyvaz qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri.


X X X


Cənab Prezident.


Mən Şuşada böyüyən, uşaqlığını orada qoyub 12 yasında Bakıya gələn, hazırda isə ailəm ilə xaricdə yaşayan keçmiş media işçisi və Azərbaycan vətəndaşıyam. Son günlərdə Vətənimdə baş verənlərə bir qarabağlı, bir Azərbaycan vətəndaşı olaraq biganə qala bilmirəm və Sizdən mənim doğma yurdum Şuşanı ermənilərin əlindən almağınızı xahiş edirəm.


Cənab Prezident, Ali Baş Komandan ordumuzun uğurları məni çox sevindirir. Sizin sayənizdə insanlarda indi çox böyük ruh yüksəkliyi var. Mən bu ruh yüksəkliyini saytlardan, sosial mediadan mütəmadi izləyirəm və böyük qələbəmizin sevincini yaşayacağımız günün çox da uzaq olmadığını hiss edirəm. Bütün səmimiyyətimlə deyirəm, səfərbərlik elan etsəniz mən də gəlib ön cəbhədən reportajlar hazırlayacağam, fəaliyyətimlə ordumuzun uğurlarına töhfə verəcəyəm.


Sizə dərin hörmət və inamla,

Abdullazadə Xatirə Sərdar qızı

Niderland Krallığı, Deventer şəhəri


X X X


Hörmətli cənab Prezident.


Aprelin 1-dən 2-nə keçən gecə işğalçı erməni ordusunun cəbhəboyu mövqelərimizə hücumu nəticəsində mülki əhalinin öldürülməsi və hərbi qulluqçularımızın şəhid olması xəbəri bizi sarsıtdı. Lakin qüdrətli Ordumuzun cavab zərbələri nəticəsində düşmənin yüzlərlə əsgər və zabitinin, çox sayda ağır texnikasının və artilleriya qurğusunun məhv edilməsi, strateji əhəmiyyətli yüksəkliklərin və kəndlərin azad edilməsi xəbəri bütün xalqımız kimi bizi də qürurlandırdı. Xüsusilə Sizin xalqımızı qələbə münasibətilə təbrik etməyiniz hamımızı duyğulandırdı, qəlbimizdəki intiqam, qələbə odunu daha da alovlandırdı.


Möhtərəm cənab Prezident, bütün bunlar əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Sizin ləyaqətlə davam etdiyiniz ordu quruculuğu, düzgün nizamlanmış daxili və xarici siyasətinizin nəticəsidir. Sizin ən yüksək tribunalardan dünya ictimaiyyətinə etdiyiniz xəbərdarlıq bütün xalqımız tərəfindən birmənalı dəstəklənir. Xalq Sizin və Ordumuzun arxasındadır.


Möhtərəm cənab Prezident, bütün xalqımız kimi, biz də inanırıq ki, torpaqlarımızın işğaldan azad ediləcəyi gün uzaqda deyil. Torpaqlarımızın azadlığı və ölkəmizin müstəqilliyi uğrunda şəhid olan soydaşlarımızın ruhuna dua oxumaqla bərabər, Sizə və Ordumuza daha böyük uğurlar arzulayırıq. İnanırıq ki, böyük qələbə günü Sizin rəhbərliyiniz altında Şuşada, Xankəndidə qeyd ediləcəkdir.


Masallı rayon Banbaşı ərazisi sakinləri adından hörmətlə,


H.Balakişiyev

P.Əliyev

Ə.Əhmədov

B.Rəhimov və başqaları (cəmi: 74 nəfər)


Azərbaycan Respublikası, Masallı rayonu.


X X X


Cənab Ali Bas Komandan.


Mən Kəlbəcər rayonundan məcburi köçkünəm. Azərbaycan Ordusunun torpaqlarımızı düşməndən azad etmək uğrunda uğurlu əməliyyatlarını diqqətlə izləyirəm və o döyüşlərdə iştirak etmək arzusundayam. Sizdən xahiş edirəm, səfərbərliklə bağlı əmr verin. Mən Qarabağ uğrunda döyüşlərdə iştirak etmək istəyirəm.


Hörmətlə,

Süleymanlı Süleyman Asif oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Qala qəsəbəsi


X X X


Cənab Ali Baş Komandan.


Bu gün Vətənimizin ərazi bütövlüyünün təmin olunmasında yüksək səviyyədə apardığınız daxili və xarici siyasəti dəstəkləyirik. Uzun illərdir erməni işğalı altında qalan Qarabağ torpağının azad olunması uğrunda başlayan hərbi əməliyyatlarda iştirak etməyə hər an hazırıq. Bu gün cəbhədə ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlara biz də bir azərbaycanlı və keçmiş döyüşçülər kimi sevinirik və qürur hissi keçiririk.


Cənab Ali Baş Komandan, 1991-1994-cü illərdə torpaqlarımızın müdafiəsi uğrunda vuruşmuş döyüşçülər kimi səfərbər olunmaq üçün hər an əmrinizi gözləyirik.


Tanrı Sizə və xalqımıza kömək olsun, Allah Sizi qorusun.


Hörmətlə,


Əli Eyvazov, İlham Əliyev, Cəbrayıl Əliyev, Əlövsət Qasımov, Rövşən Vəliyev, Bayram Afurcalı və s.

"Qarabağ həqiqətlərini beynəlxalq aləmə tanıtma" İctimai Birliyinin üzvləri.


Azərbaycan Respublikas, Bakı şəhəri.


X X X


Cənab Ali Baş Komandan.


Sizi və Sizin simanızda Azərbaycan xalqını təbrik edir, firavan həyat arzulayıram. Allah Sizi bu dövlətin başından əskik etməsin. Amin!


Eşq olsun məğrur Azərbaycan əsgərinə ki, o cür hünərlə ermənini çox asanlıqla məyus etdi. Onları böyüdən ana və ataya halal olsun. Ən əsası biz fəxr edirik ki, Sizin kimi çox güclü prezidentimiz və ordumuz var. Allah Azərbaycanı həmişə firəvan yaşatsın! Bu məktubu yazmaqda məqsədim həm də ondan ibarətdi ki, çox istərdim mən də bir vətən oğlu kimi Azərbaycan Respublikasına xidmət edim. Bu sözləri fəxrlə deyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun və biz Azərbaycan xalqına da səbr versin. Bir daha Sizi və xalqımızı təbrik edirəm.


Hörmətlə,

Səfiyev Rasim İsmayıl oğlu.

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Qarabağlar kəndi.


X X X


Salam cənab Prezident!


Mən ABŞ-da yaşayan amma hər zaman qəlbi Azərbaycanla döyünən bir həkiməm. Bu günlərdəki hadisələri yaxından izləyirəm. Bir qadın və ana kimi itirdiyimiz əsgərlərə ürək ağrısı ilə yanaşsam da, bir anlıq aldıqları yüksəkliklər, üstünlük əldə eləməkləri məni bir az daha təskinlik tapmama səbəb olur. Başda Siz olmaqla ordumuzu ürəkdən dəstəkləyir, Sizə yeni uğurlar arzu edirəm. İnsallah növbəti məktubum qələbə munasibətli məktub olar.


Cənab Prezident, sadəcə düşünürəm ki, bu məcburi xidmətlərini ön cəbhədə keçən gənclərimizin aralarında həqiqətən potensiallı cavanlar var və bunlar onlarladır. 700 bal ilə universitetlərin birinə daxil olan və hərbi xidmətini 3 aya bitirəcək bir gəncin şəhid olması xəbəri mənə pis təsir etdi. Şəxsən tanımıram, amma "Allah rəhmət eləsin" deyəndən sonra, içimdən "heyif belə kadrdan" demək keçdi. Allah Sizə güc-güvvət versin. Unutmayın biz hər zaman ətrafınızdayıq.


Hörmətlə,

Məmmədova Aytən Sirac qızı, həkim.

ABŞ, Falls Church Virginia.


X X X


Çox hörmətli cənab Prezident.


Azərbaycan Milli Ordusunun erməni işğalçılarına vurduğu zərbə xalqımızı böyük ruh vermişdir. Xalqımız həsrətində olduğu kəndlərdə, yüksəkliklərdə üçrəngli bayrağımızı görüb sevinir. Düşmənin xeyli canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsi xalqımızın inamını artırmışdır. Bu, qələbəmizin yaxında olduğunu göstərir. Xalqımız Sizin rəhbərliyinizlə öz torpaqlarını işğaldan azad edəcək. Biz Sizin əmrinizə hazırıq. Allah əsgərlərimizə güc-qüvvət versin, şəhidlərimizə rəhmət eləsin.


Hörmətlə,

Qasımov Cabir, ehtiyatda olan hərbiçi.

Azərbaycan Respublikası, Lənkəran şəhəri.


X X X


Hörmətli cənab Prezident.


Son günlər cəbhədə baş verən hadisələrlə əlaqədar həm verdiyimiz şəhidlərə görə dərin kədər hissi keçiririk, həm də qazandığımız qələbələrdən qürur duyuruq. Vətən uğrunda döyüşə getməyə hər an hazırıq. Səbirsizliklə Sizin əmrinizi gözləyirik. Allah sizə cansağlığı, Ordumuza qüvvət versin.


Məmmədov Nicat.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.


X X X


Hörmətli cənab Prezident.


Son günlərdə Milli Ordumuzun düşmənə qətiyyətli cavab verməsi, çox mühüm əhəmiyyətli mövqeləri, yaşayış məntəqələrini düşməndən geri alması xəbərini böyük sevinc və fərəh hissi ilə qarşıladıq. Əsgərlərimiz bu döyüşlərdə əsl qəhrəmanlıq göstərdilər. Düşmənin yüzdən çox hərbçisinin və hərbi texnikasının məhv edilməsi bir daha sübut etdi ki, Milli Ordumuz güclüdür, torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Biz buna çox sevinirik. Cənab Prezident, xalqımızla birlikdə biz də Sizin ətrafınızda sıx birləşirik. Sizin əmrinizlə Vətənimin ərazi bütövlüyünü bərpa etməyə, Vətən uğrunda canımızdan keçməyə hazırıq. Allah Sizi və xalqımızı qorusun.


Hörmətlə,

Rəhimov Təhmiraz

Azərbaycan Respublikası, Lənkəran rayonu, Vilvan kəndi.


X X X


Möhtərəm cənab Prezident! Cənab Ali Baş Komandan.


Azərbaycan ərazilərinin erməni quldurlarından təmizlənməsi istiqamətində apardığınız uğurlu siyasət və erməni təxribatına cavab olaraq aprel ayının 1-dən 5-nə kimi davam edən düyüşlərdə qazandığınız qələbə münasibətilə ürəkdən təbrik edirəm. Cənab Ali Baş Komandan, biz peşəkar Qarabağ döyüşçüləri hər an, hər zaman Sizin yanınızdayıq.


Hörmətlə,

Abbasov Zülfüqar Bəhlul oğlu,

ehtiyatda olan hərbiçi.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.


X X X


Salam cənab Prezident!


1994-cü ildə əsgərliyə getmişəm, 1997-ci ildə hərbi xidmətdən qayıtmışam. Snayperçiyəm. Əgər lazım olsa canla-başla yenidən Vətənə xidmət eləməyə, onun üçün canımı verməyə də hazıram. Başda Siz olmaqla, şəhid ata və analarına baş sağlığı verirəm. Allah rəhmət eləsin, məkanları cənnət olsun.


Hörmətlə,

Musayev Kazım Qurbanəli oğlu.

Azərbaycan Respublikası, Ordubad rayonu, Dəstə kəndi.


X X X


Cənab Prezident.


Sizə müraciət edirəm, razılaşmayın atəşkəsə! Sözünüzü axıra kimi deyin! Axıra kimi gedin! Çünki biz haqq yolundayıq!!! Ay Vətənim, sən qorxma ki, sənin itkilərin çox olacaq. Biz sənin üçün canımızdan keçərik fikirləşmədən!!! Sən təki istə! Yetərincə oğulların var şəhid olmağa, yetərincə oğulların var düşməni məhv etməyə. Biz Sizə, öz dövlətimizə inanırıq və onun arxasında dururuq!!! Amma bu millətə rəhminiz gəlsin! Elan edin müharibəni. Erməniyə gülüş hədəfi olmaqdansa, mən döyüşdə canımı Vətən uğrunda verərəm. İstənilən an döyüşə hazıram. Sözlərimi tam ciddi olaraq deyirəm. Mən Azərbaycan vətəndaşı, Ağdaş şəhər sakini Məcidov Cavid Sahid oğlu istənilən an Vətən uğrunda qan tökməyə və can verməyə hazıram və mən tək deyiləm. Minlərlə gənc oğullarımız var. İrəli addımla ancaq, Azərbaycan. Qurda-quşa yem olma bu dəfə!


Hörmətlə,

Məcidov Cavid Sahid oğlu, ehtiyatda olan hərbiçi.

Azərbaycan Respublikası, Ağdaş rayonu.


X X X


Hörmətli cənab Prezident, Ali Baş Komandan,


Sizə məlum edirəm ki, mən ehtiyatda olan hərbi zabit kimi əmrinizi gözləyirəm. Son damla qanımadək düşmənə qarşı mübarizə aparmağa hazıram və mənim təcrübəm Ordumuza lazım olar.


Hörmətlə,

İbrahimov Vüqar Aslan oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Badamdar qəsəbəsi.


X X X


Möhtərəm Prezident, cənab Ali Baş komandan.


Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmışdır və bu kateqoriyadan olan insanların hüquqlarını müdafiə edir. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax Rayon Filialı da Qarabağ Müharibəsi Əlillərinin Veteranlarının və Şəhid Ailələrinin mənafelərini və hüquqlarını müdafiə edir, sosial ictimai və mənəvi problemlərinin daha səmərəli həll olunmasına köməklik göstərir, onları öz ətrafında sıx birləşdirərək bəzi qüvvələrin təsiri altına düşməsinin qarşısını alır.


Möhtərəm Prezident, 2 aprel 2016-cı ildə Ordumuzun cəbhə bölgəsində uğurları, düşməni məhv etməsi biz Qazax rayonunda yaşayan imtiyazlı təbəqəni çox sevindirir. Bizim sizə və ordumuza olan inamını daha da artırır, bizim sabaha, Azərbaycanımızın ərazi bütövlüyünün qısa müddətdə bərpa olunmasına ümidimizi artırır.


Möhtərəm Prezident, Biz, imtiyazlı təbəqə, şəhidlərimizin ruhu qarşısında baş əyirik, onlara Allahdan rəhmət diləyirik. Biz Azərbaycan ordusuna, onun Ali Baş komandanına eşq olsun deyirik. Hər an silaha sarılaraq Vətənimizin müdafiəsinə qalxmağa hazırıq. Şair demişkən:


Vətən adı uludursa,

Övlad onun quludursa,

Bu yol haqqın yoludursa,

Şəhid olmaq ölmək deyil.


İstefada olan mayor

X.Balayev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri

İctimai Birliyinin Qazax Rayon Filialının sədri, istefada olan mayor.


Azərbaycan Respublikası, Qazax rayonu.


X X X


Hörmətli cənab Prezident!


Son günlərdə cəbhə bölgəsində baş verən hadisələr bizə ruh verir. Nəhayət düşmən Azərbaycan əsgərinin zəhmini, gücünü gördü. Çox sag olun ki, Sizin gündəlik qayğınızla Azərbaycan Ordusu güclənərək düşməni əzdi. Düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Sizin rəhbərliyinizlə Azərbaycan dövlətinin, Milli Ordumuzun bundan sonra da qüdrətlənəcəyinə, torpaqlarımızın işğaldan azad edəcəyinə inanırıq. Lazım gələrsə Sizin əmrinizlə hamımız cəbhəyə getməyə hazırıq. Allah şəhidlərimizə rəhmət eləsin.


Hörmətlə,

Ağayev Əliziya.

Azərbaycan Respublikası, Lənkəran rayonu, Veravul kəndi.


X X X


Hörmətli cənab Prezident.


Milli Ordumuzun erməni faşistləri üzərindəki tarixi qələbəsi münasibətilə Ali Baş Komandan kimi Sizi və ordumuzun bütün əsgərlərini ürəkdən təbrik edirəm. İşğal olunmuş bütün ərazilərimizin tam azad olunmasını Allahdan arzu edirəm. Sərəncam versəniz, bütün ailəmlə birlikdə döyüşən əsgərlərimizin yanında olmağa hazırıq.


Hörmətlə,

İsmayılov İsa Bəbir oğlu.

Azərbaycan Respublikası, Lerik rayonu, Şingədulan kəndi.


X X X


Hörmətli cənab Prezident.


Sizə Azərbaycan övladı kimi çox minnətdaram. Siz öz güclü dövlət idarəçiliyinizlə bir daha bütün dünyaya sübut etdiniz ki, Azərbaycan xalqı həm güclü, həm də fəxr ediləcək bir xalqdır. Bizə neçə illər sonra dövlətimizin nə qədər böyük hərbi gücə malik olduğunu əyani şəkildə göstərdiniz. Amma Sizdən bir vətəndaş kimi xahiş edirəm, əgər ermənilər yenidən hər hansı bir təxribata yol verərsə, onun qarşısını almaq üçün mənim və ətrafımda olan dostlarımın ön cəbhəyə getməsi üçün göstəriş verəsiniz. Bununla ən böyük arzumu həyata keçirmiş olarsınız. Sizdən bir Azərbaycan övladı kimi xahişim budur ki, kiçik yaşlı övladlarımız böyüyənə qədər canımızın bahasına olsa da Qarabağımızı işğaldan azad edək. Sizin rəhbərliyinizlə bu nailiyyətə varmaq üçün hazırıq. Allahdan arzu edirəm ki, Qarabağımızı geri alaq. Sizinlə xalq olaraq qürur duyuruq. Allah Sizi, ailənizi və bütün Azərbaycan xalqını qorusun.


Hörmətlə,

Abdullayev Elnur Abdulhüseyn oğlu,

Sahibkar.

Azərbaycan Respublikası, Xaçmaz rayonu.


X X X


Hörmətli cənab Prezident!


Mənim 16 yaşım var. Doğrudan da savadınıza, bacarığınıza, bir sözlə, Sizə heyranam. Əsgərlərimiz Qarabağımızı almaq üçün canla-başla döyüşürlər. Bilirəm qüdrətli ordumuzun mənə ehtiyacı yoxdur. Lakin, hərbi müəllimimiz bizi o qədər vətənpərvər böyüdüb ki, lazım gəlsə mən də xanımlığımla cəbhədə erməni ilə üz-üzə döyüşərəm. Mən Sizə təşəkkür edirəm həm də ona görə ki, yataq xəstəsi olan anam barədə Sizə yazdığımız məktubu boş qaytarmamısınız, əlinizdən gələni əsirgəməmisiniz. Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqı və öz adımdan böyük həvəslə deyirəm ki, Sizinlə fəxr edirik, əziz Prezidentimiz!


Hörmətlə,

Atamoğlanova Həyanə Akif qızı,

Şagird.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.


X X X


Hörmətli cənab Prezident.


Həyatımda heç vaxt yaşamadığım xoşbəxtliyi son üç gündə yaşadım. Lakin verilən atəşkəs məni çox təəccübləndirdi. Özümü bir qədər məyyus hiss edirəm. Bu səbəbdən sizdən Orduya hücum əmri verməyinizi xahiş edirəm. Məni utandıran qaçqın statusundan xilas edin. Çox xahiş edirəm, Orduya hücum əmri verin. Ümidvaram ki, əhaliyə bu sevincin yaşanmasına səbəb olacaq əmri verəcəksiniz.


Hörmətlə,

Muradov Mehman Şakir oğlu.

Azərbaycan Respublikası, Laçın rayonu.


X X X


Hörmətli cənab Prezident.


Torpaqlarımız uğrunda gedən döyüşlərdə uğurlarımıza görə Sizə öz minnətdarlığımızı bildirirəm. Kəlbəcərdə Murovdağ uğrunda gedən döyüşlərdə II grup əlil olmuşam. Zəngin döyüş təcrübəm var. Ali Baş Komandan! Sizin əmrinizi gözləyirəm. Hər gün, hər an, hər dəqiqə torpaqlarımızı və dövlətimizi qorumağa hazıram. Əsl qisas vaxtı çatıb. Mən qulluq elədiyim dövrdə, 1992-ci illərdə bizə Sizin kimi prezident lazım idi ki, erməniləri məhv edək. Vətən uğrunda şəhid olmağa hazıram. Təki Vətən sağ olsun!


Hörmətlə,

Əzimov Mahir Tərlan oğlu

II qrup Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Şirvan rayonu, Bayramlı qəsəbəsi.


X X X


Hörmətli Ali Baş Komandan.


Biz müharibə iştirakçısı və idmançıları cəbhəyanı rayon olan Ağcabədidə istər əvvələr, istərsədə hal-hazırda Sizin əmrinizə hazır olmuşuq ki, xalqımızın əzəli torpaqlarını erməni faşistlərindən geri alaq. Son döyüşlərdə bizim rayondan da şəhidlər oldu. Allah onlara və bütün şəhidlərimizə rəhmət eləsin! Qardaşlarımızın qanı yerdə qalmayacaq!


Hörmətlə,

Ağalarov Əmir Murtuza oğlu,

Qarabağ Müharibəsi Veteranları Birliyinin Ağcabədi Rayon Şöbəsinin sədri, Azərbaycanın Milli Qəhrəmanı E.İsmayılov adına İdman klubunun təsisçisi, keçmiş hərbi hissə komandiri


Allahverənov Ələsgər Əlican oğlu,

II qrup Qarabağ müharibəsi əlili, keçmiş bölük komandiri.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.


X X X


Hörmətli cənab Prezident!


Azərbaycan xalqı Sizinlədir. Nə vaxt əmr versəniz, Qarabağı azad etməyə hazırıq. Bu sözlər ürəkdən gəlir. O ürəkdən ki, 20 ildən çoxdur Qarabağ həsrəti ilə alışıb-yanır, düşmənin zorakılığına dözə bilmir. Çox sag olun! Allah Sizə kömək olsun!


Hörmətlə,

Bayramov Elxan Ələmdar oğlu, təqaüddə olan baş polis serjantı.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.


X X X


Hörmətli cənab Prezident.


Mən ailənin tək övladı olsam da, Dağliq Qarabağ problemi ilə əlaqədar hansı vaxt əmr versəniz döyüşə getməyə hazıram.


Cənab Prezident, biz hər zaman Sizi dəstəkləyirik. Azərbaycan nə qədər sülhsevərdirsə, bir o qədər də döyüşkən xalqdır. Bütün dünya bunun şahidi oldu.


Hörmətlə,

Əmiraslanov Vüqar Ədalət oğlu.

Azərbaycan Respublikası, Hacıqabul rayonu.


X X X


Möhtərəm Prezident.


Son günlərdə işğalçı Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmiş, təmas xəttində yerləşən mövqelərimizə hücum çəkərək yaşayış məntəqələrini atəşə tutmuş, nəticədə hərbçilərimiz və mülki vətəndaşlarımız həlak olmuşlar. İşğal olunmuş əraziləri hərbi güc yolu ilə azad etmək qüdrətinin olmasına baxmayaraq, hər zaman sülh siyasətini dəstəkləyən Azərbaycan ordusu dinc əhalini qorumaq məqsədilə törədilən bu təxribatlara qarşı zəruri cavab tədbirləri görərək öz hərbi gücünü düşmənə göstərmişdir. Erməni təxribatçılarına layiqli cavab verən qəhrəman ordumuz daha əlverişli hərbi mövqelər tutaraq təmas xəttində Azərbaycanın üstünlüyünü daha möhkəmləndirmişdir. İşğalçı erməni təxribatına cavab olaraq aparılan bu döyüşlər nəticəsində Azərbaycan ordusu böyük hərbi uğurlar qazanmışdır. Biz - Azərbaycan Ağsaqqalları əldə olunan bu nailiyyətlərə görə, ordumuzu və Azərbaycan xalqını təbrik edirik və əminik ki, Sizin - Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuz daha böyük qələbələr qazanacaqdır.


Cənab Ali Baş Komandan, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində törətdiyi təxribatların davam etdiyi və Azərbaycan Silahlı Qüvvələrinin zəruri cavab tədbirlərinin həyata keçirildiyi bu dövrdə Respublika Ağsaqqallar Şurası üzərinə düşən vəzifələri yerinə yetirmək üçün göstərdiyi ictimai-siyasi fəaliyyəti intensivləşdirərək xalqımızın, xüsusilə də gənclərimizin milli həmrəylik və hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinə daha da əzmlə çalışacaqdır. Sizi hər zaman ürəkdən dəstəkləyən, Azərbaycanın gələcək uğurlarının təntənəsinə, Vətənimizin çiçəklənməsinə çalışan Azərbaycan Ağsaqqalları bu gün də Sizin - Respublika Prezidenti cənab İlham Əliyevin yanında olduqlarını bir daha bəyan edir və xalqımızın haqq işinin dəstəklənməsi yolunda bütün vətənpərvərləri Ali Baş Komandanın ətrafında sıx birləşməyə çağırırıq.


Dərin hörmət və səmimiyyətlə,

Heydərov Fəttah,

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili.

Azərbaycan Respublikası, Bakı şəhəri.


X X X


Azərbaycan Respublikasının Prezidenti, Ulu Öndər Heydər Əliyevin uğurlu davamçısı, cənab Ali Baş Komandan.


Biz Sizinlə fəxr edirik və Sizə inanırıq. Sizin bir kəlməniz yetər bizə. Biz çox şadıq ki, Sizin kimi prezidentimiz var. Hər an, hər dəqidə şəxsən mən Sizin yolunuzda və əmrinizlə Vətən uğrunda döyüşməyə, şəhid olmağa hazıram.


Hörmətlə,

Poladov Aqşin Səfərəli oğlu, səhiyyə işçisi.

Azərbaycan Respublikası, Şirvan şəhəri.


X X X


Hörmətli cənab Prezident! Cənab Ali Baş Komandan.


Mən də bir gənc olaraq cəbhədəki gərgin vəziyyətdə bizim qeyrətli hərbçilərimizlə çiyin-çiyinə vuruşmaq istəyirəm. Mən 2007-ci ilin oktyabr ayında hərbiyə çağırıldım. Lakin həmin ərəfələrdə atamı itirdiyim üçün ailə vəziyyətimə görə dövlətim məni nəzərə aldı və hərbidə xidmətimi müvəqqəti təxirə saldı. Lakin, bu gün vətənimin bugünkü gərgin vəziyyətində orada şəhid olmaq istəyirəm. Şəhid Mübariz kimi qeyrətli oğullarımız çoxdur və mən də onlardan biri. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların ailələrinə səbr versin. Cənab Prezident, biz gənclər Vətən eşqiylə alovlanıb yanırıq. Siz yetər ki, əmr verin biz yeri gələrsə, Vətəni qorumaq üçün əliyalın olsa belə düşmənin üzərinə qorxmadan gedərik. Mən özüm ailəliyəm və öz xanımımla hazırıq ki, Vətənin dadına çataq!


Hörmətli Prezident, biz gənclər hər zaman Sizin və üçrəngli bayrağımızın yanındayıq. Vətənə canımız fəda. Biz könüllülərin sayı çoxdur və bir əmrinizi gözləyirik. Allah Sizdən və əsgərlərimizdən muğayat olsun. Amin.


Hörmətlə,

Qasımov Cavid Namizəd oğlu.

Azərbaycan Respublikası, Şirvan şəhəri.


X X X


Çox hörmətli cənab Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyev.


Bir vətəndaş kimi özümə borc büldiyim üçün müraciət edirəm.


Əziz Ali Baş Komandan, bizə məlumdur ki, yerləşdiyimiz coğrafi mövqe bizi daim ədalətsiz təzyiqlərlə qarşı qarşıya qoyur. Mən başa düşürəm ki, bəzi qonşu ölkələr hərbi cəhətdən bizdən üstündür. 02.04.2016-cı il tarixində baş verənlər, ardından bu ölkələrin ədalətsiz təzyiqi göz qabağındadır. Allaha şükür ki, millətimizin vətənpərvərlik ruhu çox yüksəkdir. Baş verən bu son hadisələr daha da yüksək olmasına səbəb oldu. Çox sağ olun, təşəkkür edirəm. Mən də gecə-gündüz düşünürəm həmişə necə çətin durumda tək olduğumuzu başa düşürəm indi. Bu məktubu gözüm dolaraq yazıram, çünki Sizə inanıram. Çingiz Xan balaca bir qəbiləni dünya imperiyasına çevirmişdi. Bizim niyyətimiz dünya imperiyası olmaq deyil, Vətənimizdən zorla qoparılan torpaqları azad etməkdir. Bizim Sizin kimi Ali Baş Komandanımız var. Biz bacaracağıq.


Hörmətlə,

Abdullayev Zamin Əhmədağa oğlu, sahibkar.

Azərbaycan Respublikası, Sabirabad rayonu.


X X X


Salam cənab Prezidentimiz.


Biz bu gün Azərbaycan adlı güclü dövlətdə yaşayırıqsa, buna görə ilk növbədə Ulu Öndərimiz Heydər Əliyevə və onun davamçısı olaraq Sizə borcluyuq. Əmin-amanlığı gördük, müstəqil dövlətdə yaşadıq. Amma içimiz qan ağlayır. Torpaqlarımız erməni işğalçılarının əlindədir. Şükür bu günümüzə ki, yüksəkliklər, yaşayış məntəqələri aldıq. Şəhidlərimizin yeri cənnət olsun. Özüm ehtiyatda olan əsgərəm. Vətən eşqiylə alışıb yanıram. Azərbaycanın igid oğulları hər an hazır və Sizin əmrinizi gözləyir. Biz ermənilərdən heç bir zaman qorxmadıq və qorxmayacağıq da. Allah Sizi başımızın üstündən bir an belə əskik eleməsin. Daima belə hünərli və mərd olun, cənab Prezidentimiz.


Hörmətlə,

Bəşirov Ülvi Fuad oğlu, ehtiyatda olan hərbiçi.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.


X X X


Azərbaycan Respublikasının Ali Baş Komandanı.


Sizi və xalqımızı cəbhədə irəlilədiyimizə görə təbrik edirəm. Mən 11-ci sinif şagirdiyəm. Ürəyi Sizinlə, əsgərlərimizlə və aldığımız yeni torpaqlarla döyünən bir azərbaycanlıyam. Qulağım Sizin "İrəli!" sözünü eşitmək istəyən sadə kəndli övladıyam. Hər gün atəşkəs ermənilər tərəfindən pozulur.


Cənab Ali Baş Komandan! Sizdən çox xahiş edirəm məni də cəbhəyə, igid əsgərlərimizin yanına göndərin. Yaş! Yox, yaşım az olsa da, ürəyim böyükdür. Əlim silah tutur, ürəyim Vətən eşqi ilə döyünür. Sonu ölüm olsa belə, bu yoldan dönmərəm. Düzdür, mən orada doğulmamışam. Amma mənim anam - Ağdam, atam - Şuşa, özüm isə - Xankəndiyəm. Vətən sağ olsun.


Hörmətlə,

İsmayılov Elyar Eldəniz oğlu, 11-ci sinif şagirdi.

Azərbaycan Respublikası, Goranboy rayonu, Nadirkənd kəndi.


X X X


Salam cənab Prezident.


Mən şairtəbiətli insan olaraq son hadisələri poetik tərzdə ifadə etmək istərdim. Vətənimizin bütün igid və qəhrəman oğullarına həsr etdiyim kiçik şeri Ali diqqətinizə təqdim edirəm.


Get Vətənə tez borcunu ver oğlum,

Mən öyünüm səninlə əsgər oğlum.

Bil, sənə haqqımı halal eylədim.

Qoy ellər desin sənə "Əsgər oğlum".


Bu Torpaq, sarıl silaha, bizimdir.

Qarabağ candan da baha, bizimdir.

Sən yadından çıxarma ha bizimdir.

Ağdam, Laçın, Şuşa, Kəlbəcər oğlum!


Qoydum adını Fədai - geri dönməz,

Şəhidlər ölməzdi, Vətən bölünməz,

Qartal uçan yerdə ilan görünməz,

Düşmənin başın əz, cəngavər oğlum!


Hörmətlə,

Həsənov Anar Vahid oğlu

Azərbaycan Respublikası, Ağcabədi rayonu


X X X


Hörmətli cənab Prezident.


Sizin dediyiniz kimi, silahlı qüvvələrimizin əzmkarlıq sayəsində azad etdikləri yüksəkliklər xalqımızın qələbəsidir. Dövlətimizin müstəqilliyinin, suverenliyinin qorunması, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün etdikləriniz bizi çox sevindirir. Allah Sizin köməyiniz olsun! Hər bir azərbaycanlı kimi mən və ailəm də Sizi və siyasətinizi dəstəkləyir, torpağımızı mənfur düşmənlərdən təmizləmək üçün çox səbirsizliklə əmrinizi gözləyirik. Nə xoşbəxt bizlərə ki, Sizin kimi uzaqgörən dövlət başçımız var. Allah Sizi var etsin!


Hörmətlə,

Şirinov Anar Şahmurad oğlu.

Azərbaycan Respublikası, Beyləqan rayonu, Allahyarlı kəndi.


X X X


Cənab Ali Baş Komandan.


Sizin yürütdüyünüz hərbi siyasəti bütün Azərbaycan xalqı alqışlayır. Bizə Dədə Qorquddan, oğuz elindən qalıb Azərbaycan. Əcdadlarımızın məzarı, şəhidlərimizin ruhu Qarabağdadır. Azərbaycan bölünməz, Qarabağ ayrılmaz. Yaşasın Azərbaycan, yaşasın İlham Əliyev!


Hörmətlə,

Pirəliyev Nəriman Pirəli oğlu,

II qrup əlil.

Azərbaycan Respublikası, Qusar rayonu.


X X X


Hörmətli cənab Prezident və Ali Baş Komandan.


Müraciətim Sizə ondan ibarətdir ki, Qarabağ torpağının azad olunması üçün hər an bir müsəlləh əsgər olaraq hazıram və Sizin əmrinizi gözləyirəm. Hərbiyə yararlı olduğum üçün bu gün ehtiyatda qalmaq mənə ağır gəlir. Hər kəs Sizin - cəsarətli Ali Baş Komandanımızın müsəlləh əsgəri olmaq həvəsindədir. Bu milli ruhu yaratdığınız üçün çox sağ olun!


Hörmətlə,

Rüstəmov Allahyar Soltan oğlu, ehtiyatda olan hərbiçi.

Azərbaycan Respublikası, Füzuli rayonu.


X X X


Hörmətli cənab Prezident.


Sizdən xahiş edirəm ki, məni könüllü olaraq cəbhəyə göndərəsiniz. Düşmənləri torpaqlarımızdan çıxarmağın vaxtı çatıb. Mən Qubadlı rayonundanam, iki uşaq atasıyam. Cəbhədə şəhid olanlardan artıq deyiləm. Odur ki, xahişimi cavabsız qoymamağınızı istəyirəm.


Hörmətlə,

Xanlarov Rauf.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.


X X X


Cənab Ali Baş Komandan.


Biz Sizinlə fəxr edirik. Sizi çox sevirik. Qadın olmağıma baxmayaraq, mən də döyüşlərdə iştirak etmək istəyirəm. Siz sərəncam imzalayın, mən Vətən üçün canımı qurban verməyə hazıram. Qarabağ bizimdir, bizim olacaq!


Hörmətlə,

Əlizadə Aytac.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.


X X X


Hörmətli cənab Prezident, Ali Baş Komandan.


Mən Kürdəmir rayonu Köhünlü kəndində doğulub boya başa çatmışam. Ali təhsilimi bitirdikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində 2013-2014-cü illərdə həqiqi hərbi xidmət keçmişəm. Hazırda ailəliyəm. Övladım yoxdur. Mən bu ölkənin gənclərindən biri olaraq, Sizə yazıb xahiş edirəm ki, başladığınız bu uğurlu əməliyyatları 20 ildən çoxdur ki, heç bir səy göstərməyən, hətta gizlində erməni vandallarını dəstəkləyən, ikili mövqe tutan ATƏT-in Minsk qrupu nümayəndələrinin sözlərinə inanaraq kəsməyək, daha da irəliləyək. Başladığımız bu uğurlu əməliyyatları Sizin başçılığınızla davam edək. Hər bir azərbaycanlı, damarlarında Azərbaycan qanı axan qardaşlarımız kimi mən də Sizin əmriniz olduğu dəqiqədə, ümumiyyətlə ehtiyac olan hər an orduya yenidən qayıtmaq və torpaqlarımız uğrunda canımdan, qanımdan, ailəmdən belə keçməyə hazıram. Biz Sizi dəstəkləyir və əmrinizi gözləyirik. Xahiş edirəm biz gənclər də, uşaqlar da, böyüklər də, qocalar da ümumi olaraq respublikanın hər bir yerində yaranmış bu əhval-ruhiyyədən, gücdən, birlikdən maksimum istifadə edək, əzəli torpaqlarımızı, dədə-baba yurdlarımızı erməni vandallarından, başında bir terrorist, uşaq qatili duran şərəfsizlərdən azad edək. Sizi dəstəkləyən Azərbaycan gənci. Canlı yayımda səfərbərlik əmrinizi ən tez müddətdə görmək ümidi ilə. Uğurlar hər birimizə.


Hörmətlə,

Alıyev Sadiq Vaqif oğlu.

Azərbaycan Respublikası, Kürdəmir rayonu.


X X X


Mən hərbi xidmətimi yerinə yetirmişəm, kəşfiyyatçı olmuşam. Hazırda ehtiyatdayam. Ağdamın Yusufcanlı bölgəsində və Beyləqanda təlim keçmiş kəşfiyyatçı kimi Sizin əmrinizi gözləyirəm. Şəhidlərin qanı yerdə qalmayacaq.


Cənab Ali Baş Komandan, döyüşlərdə iştirak etmək istəyirəm.


Hörmətlə,

Əliyev Şöhrət Şikar oğlu, ehtiyatda olan hərbiçi.

Azərbaycan Respublikası, Gəncə şəhəri.


X X X


Cənab Ali Baş Komandan.


Mən əlili Azərbaycan Ordusuna qəbul edərsinizsə canımdan belə keçməyə hazır olduğumu bildirmək istəyirəm. Düzdür, insanlar mənə "Azərbaycan Ordusunun sənin kimi əlil birinə ehtiyacı yoxdur" desə də, mən yenə də Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyev cənablarına inanıram ki, istəyimi yerinə yetirmək üçün lazımi köməkliyi əsirgəmiyəcək. Vətənimə, millətimə, torpağıma, bayrağıma canım fəda olsun! Düşmən əsgərindən özümü daha hünərli və yararlı hesab edirəm.


Hörmətlə,

İsmayılov Adil Mövsüm oğlu.

Azərbaycan Respublikası, Göygöl rayonu, Balçılı kəndi.


X X X


Hörmətli cənab Prezident.


Xahiş edirik, cəbhə fondu yaradılsın və biz sahibkarlar ordumuza dəstək olaq. Vətən uğrunda döyüşə getməyə hazırıq.


Hörmətlə,

Nəzərov Qurban Əminağa oğlu, sahibkar.

Azərbaycan Respublikası, Lerik rayonu, Monidigah kəndi.


X X X


Salam hörmətli Azərbaycan Prezidenti.


Cənab Prezident, ordumuz düşmənə qarşı vuruşaraq əldə etdiyi nailiyyətlərə görə xalqı təbrik etdiniz. Bu nailiyyətlərin səbəbkarı Sizsiniz. Buna görə də mən də Sizi təbrik edirəm. İnsanlarda çox yüksək əhval-ruhiyyə var, hamı döyüşə hazırdır. Cənab hörmətli Prezident, dayanmaq lazım deyil, səfərbərlik elan etmək lazımdır, yalnız irəli addımlayaraq Dərələyəz mahalından keçərək Qarabağı Naxçıvanla əlaqələndirmək lazımdır. Cənab Prezident, gözüm xəstə olmağına baxmayaraq xahiş edirəm ki, məni müharibəyə göndərin. Mən Yeni Azərbaycan Partiyasının üzvü, "Dərələyəz" qəzetinin müxbiri, şair, qızıl qələm mükafatçısı, keçmiş Qarabağ döyüşçüsü kimi Vətən yolunda hər an döyüşməyə hazıram. Mən bir siyasətçi kimi Sizi şücaətinizə görə alqışlayıram və vətənpərvərliyiniz qarşısında baş əyirəm. Şəhid olsaq da təki Vətən sağ olsun, türk dünyası sağ olsun. Hər şey Vətən, millət naminə! Allah bu haqq işdə köməyiniz olsun! Allah Sizi cəmi bəlalardan hifz etsin! Mən vergili insanam, bunu ürəkdən dedim. Qəlbim Sizin üçün dua etdi, qəti qorxmayın, dualarım Sizin köməyinizdir. Belə də davam edin.


Hörmətlə,

Kərimov Habil Şahlar oğlu.

Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır qəsəbəsi.


X X X


Çox hörmətli Prezident.


Sizə Amerika Birləşmiş Ştatlarındakı Nüvə Sammitindəki çıxışınızı böyük qürur hissi ilə dinlədim. Azərbaycan dövlətinin memarı Heydər Əliyev kursunun layiqli davamçısının bu dərəcədə qətiyyətli və xalqına sədaqətli olması bizi son dərəcə qürurlandırır, ruhlandırır, bir millət kimi yaşamağa ümid verir. Sizinlə fəxr edirik, bu çətin və şərəfli xidmətlərinizdə Ulu Tanrı Sizə yar olsun. Dövlətçiliyimizin möhkəmləndirilməsində Sizin sədaqətli əsgərinizəm.


Mən daxili işlər orqanlarında xidmət etmişəm, hazırda təqaüddəyəm, polis veteranı kimi dövlətçilik naminə əlimdən gələni əsirgəmirəm. Mənim kimi minlərlə təqaüddə olan polis əməkdaşları özlərini dövlətin mətin əsgərləri kimi hiss edirlər.


Bu gün Ordumuzun cəbhə xəttindəki uğurları Sizin müdrik siyasətinizin bəhrəsidir. Arzu edirəm ki, Böyük Vətən müharibəsində Qələbə günü Qızıl meydanda alman faşistlərinin bayraqlarını rüsvayçı formada ayaqlar altına atıldığı kimi, Sizin rəhbərlik etdiyiniz dövrdə erməni işğalçılarının bayraqları da ulu öndərimizin abidəsi önündə ayaqlar altına atılsın.


Torpaqlarımızın bütövlüyü uğrunda canını belə əsirgəməyən övladlarımızın vətənpərvər ruhda böyüməsi, qəhrəmanlıq göstərməsi Sizin əməyinizin bəhrəsidir.


Mən qürur hissi ilə bildirir və fəxr edirəm ki, Sizin kimi müdrik, qətiyyətli, xalqını və dövlətini sevən ölkə başçımız, rəhbərimiz var.


Ölkənin çiçəklənməsi və xalqın güzəranının daha da yaxşılaşması uğrundakı xidmətlərinizdə Ulu Tanrı Sizə yar olsun!


Hörmətlə,

Hüseynov Balakişi Abış oğlu, istefada olan polis veteranı.

Azərbaycan Respublikası, Masallı rayonu.


X X X


Möhtərəm cənab Prezident.


Aprelin əvvəlində Sizin rəhbərliyinizlə rəşadətli Azərbaycan Ordusunun erməni birləşmələri tərəfindən işğal olunmuş ərazilərimizin azad olunmasında - Dağlıq Qarabağda göstərdiyi şücaət bütün ölkə vətəndaşları kimi, Avstraliyada yaşayan azərbaycanlıları da qəlbən sevindirdi. İnanırıq ki, qələbəmizin ilk qaranquşu olan bu xəbərlərin ardı tezliklə Şuşadan, Cıdır düzündən gələcəkdir. Azərbaycan əsgərinin son günlərdəki zəfəri bunu bir daha sübut edir.


Cəbhə xəttindən gələn xoş xəbərlər buradakı Azərbaycan eşqi ilə yaşayan Avstraliya vətəndaşlarına bölgə həqiqətlərini ölkə ictimaiyyətinə daha əzmlə çatdırmaq üçün yeni stimul verir. Avstraliya siyasi rəhbərliyinin və Xarici İşlər Nazirliyinin dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar verməsi faktı da bizim respublikamızın haqlı mövqeyini bu ölkədə təbliğ etmək imkanlarımızı qat-qat artırmışdır.


Əziz Prezident, ölkəmizin ərazi bütövlüyünün tezliklə bərpa olunacağı günü səbirsizliklə gözləyən bütün dünya azərbaycanlıları kimi, biz də Ordumuzun bu qələbəsinə ürəkdən sevinir, Sizi və Sizin şəxsinizdə bütün xalqımızı səmimi qəlbdən təbrik edirik.


Hörmətlə,

Rzayeva Aydan,

Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin təsisçisi.

Avstriya İttifaqı.