Azərbaycan-Türkiyə hərbi birləşməsinin yaradılması ləngiyir

4 Dekabr 2012 12:14 (UTC+04:00)

Aydın Mirzəzadə: "Hal-hazırda vahid hərbi birləşmənin yaradılması mümkün deyil"

Ələkbər Məmmədov: "Bu əməkdaşlıq ordumuzun NATO standartlarına uyğun qurulmasında dəstək ola bilər"

Natiq Miri: "Bu gün bunun mümkün olması üçün elə bir ciddi zərurət yoxdur"

Məlumdur ki, sentyabr ayında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Azərbaycan və Türkiyə arasında birgə hərbi birləşmənin yaradılması təklif etmişdi. Deputat qeyd etmişdi ki, bölük, alay və ya digər formada vahid komandanlıq altında yaradılacaq bu hərbi birləşmə birgə döyüş təlimləri keçirə bilər. Deputatın təklifi Təhlükəsizlik və müdafiə komitəsinin üzvləri tərəfindən keçirilən iclas zamanı dəstəkləndi. Amma təklifin üzərindən müəyyən müddət keçməsinə baxmayaraq, tərərflər arasında hələlik bu istiqamətdə hansısa addım atılmayıb.

Komitənin digər üzvü, deputat Aydın Mirzəzadə isə "Mövqe"yə açıqlamasında bildirir ki, ilk növbədə birləşmənin nə üçün yaradılmasını bilmək lazımdır: "O, Azərbaycan və Türkiyə münasibətlərinin hərbi sahədə əməkdaşlığının yeni bir forması kimi təqdim edilir. Ancaq bir - iki məqam var. Birincisi, birgə hərbi birləşmələr ancaq vahid dövlət çərçivəsində yaradıla bilər. Hətta hərbi blok daxilində belə, birgə hərbi birləşmələr yoxdur. Yaradılan hansisa istiqamətdə hər bir üzv dövlət özünün hərbi kontingenti ilə təmsil olunur. Vahid hərbi birləşmələr ancaq və ancaq vahid dövlət, ən azı isə konfederasiya olan yerdə olur. İkincisi, hərbi müttəfiqi olan dövlətlərin vahid istiqamətdə hərbi birliyinin yaradılması fövqəladə hallarda mümkün olur. Digər istənilən bütün variantlarda isə söhbət ancaq hərbi mütəffiqlikdən gedə bilər. Hal - hazırda da Azərbaycan ilə Türkiyə arasında mütəffiqlik və hərbi mütəffiqlik münasibəti var. O baxımdan hal - hazırda vahid hərbi birləşmənin yaradılması mümkün deyil".

Silahlı Qüvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzini direktoru, hərbçi ekspert Ələkbər Məmmədov ilk öncə onu bildirdi ki, Azərbaycan arzuedilməz qonşular ilə əhatə olunub: "Onların hərəsinin Azərbaycana qarşı bir iddiası var. Müstəqilliyimizdən sonra onların qərəzli mövqeləri bu gün daha qabarıq şəkildə ortaya çıxmağa başlayıb. Həmçinin uzun illərdir ki, torpaqlarımız işğal olunub. Belə bir vəziyyətdə Azərbaycan beynəlxalq aləmdə dəstəklənməli və özünə müttəfiq axtarmalıdır. Burada isə Türkiyə böyük bir rol oynayır. Türkiyə ilə əməkdaşlığın ölkəmiz üçün böyük faydası ola bilər. Bu əməkdaşlıq Azərbaycanın Türkiyə vasitəsi ilə beynəlxalq aləmdə dəstək qazanması deməkdir. Çünki, Türkiyə NATO blokunun üzvüdür. Həmçinin, bu əməkdaşlıq ordumuzun NATO standartlarına uyğun qurulmasında dəstək ola bilər. Həm də Azərbaycan ordusunun Türkiyə ordusunun gücünə yaxın güc qazanması imkanı yarana bilər. Əgər biz Türkiyə ilə düzgün siyasət apara bilsək, o zaman orada olan təcrübə, müasir standartlara uyğun texnika ilə ordumuzun təmin olunmasını əldə edə bilərik. O baxımdan mütləq Türkiyə ilə hərbi əməkdaşlığı qurub onu gücləndirməliyik. Bunu tək Türkiyə yox, həm də Qərblə də etməliyik".

Politoloq Natiq Miri isə bildirir ki, indiyə qədər belə bir praktika olmayıb: "Bu gün də bunun mümkün olması üçün elə bir ciddi zərurət yoxdur. Eyni zamanda bunun baş verməsi üçün tərəflərdən birinin təşəbbüsü ortada olmalıdır. Bu gün nə Azərbaycan, nə də Türkiyə tərəfindən belə bir təşəbbüs var. Amma belə bir birliyin yaranmasındansa, Azərbaycan ilə Türkiyə arasında hərbi müqavilə imzalanmalıdır. Düzdür, strateji yöndə bizim müqaviləmiz var. Ancaq bu, hərbi saziş deyil. Bilavasitə o vaxt hərbi sazişdən söhbət gedir ki, tərəflərdən hansısa biri ciddi təcavüzə məruz qalarsa, digər tərəf prosesdə iştirak edir. Belə bir sazişin imzalanmasına ehtiyac var".

Politoloq həmçinin onu əlavə etdi ki, bu gün Naxçıvanda Türkiyənin hərbi hava qüvvələrinin eskadirilyasının yerləşdirilməsi məqsədəuyğun olardı: "Bu, Azərbaycanın təhlükəsizliyini təhdid edən ölkələr üçün caydırıcı xarakter daşıyacaq. Digər tərəfdən Ermənistanla münaqişənin alovlandığı təqdirdə Naxçıvan Azərbaycan ərazisi sayıldığı üçün Türkiyə hava qüvvələrinin Azərbaycanın istənilən ərazisində azad hərəkətetmə hüququ qazanar".

Mübariz BAYRAMOV