İntihar ciddi sosial bəlaya çevrilir

4 Dekabr 2012 11:36 (UTC+04:00)

Mətanət Əzizova: "Bir sıra ailələrdə gənclər, xüsusən də qızlar zorakılıqla qarşılaşdığından həyatdan bezib çıxış yolunu intihar etməkdə görür"

Elnur Rüstəmov: "Gənclər arasında intihar hallarının çoxalmasına təsir edən başlıca faktor ailədaxili münaqişə və konfliktlərdir"

Son zamanlar ölkədə intiharlarla bağlı az qala hər gün məlumat yayılır. Bu halın özünü xüsusən də gənclər arasında göstərməyə başlaması isə müəyyən narahatlıq yaradır. Həyatda uğursuzluğa duçar olan bəzi gənclər çıxış yolunu intihara getməkdə görürlər. Özü də son vaxtlar özünü asmaqla intihar hallarının daha çox yayılması aydın müşahidə edilir. Elə son bir həftə ərzində bu xüsusda bir neçə hadisə baş verib. 

İntiharlar  müxtəlif səbəblər üzündən yaranır. İnsanı, xüsusən də gəncləri intihara gətirib çıxaran amillərdən biri heç şübhəsiz TV-lərdə işıqlandırılan intihar dalğasıdır. Elmdə buna "Verter effekti" və ya "Verter sindiromu" deyilir. Belə termin ilk dəfə 1975-ci ildə araşdırılıb. Belə ki, sosioloq Devid Flips alman şairi Hötenin XVIII-ci əsrdə yazılmış və kütləvi intiharlara səbəb olmuş "Gənc Verterin İztirabları" adlı əsərini araşdırdıqdan sonra həmin illər ərzində yeniyetmələr arasında baş vermiş 585 intihar hadisəsi ilə bağlı bütün sənədləri toplayıb. Məlum olub ki, onu oxuyanlar arasında intihara meyl artır. Bu mənada son illər elektron KİV-lərdə gedən bəzi veriliş və filmlər bir çox hallarda gənclərimizi psixologiyasına təsir etdiyindən onlar da çıxış yolunu intiharda axtarmağa başlayırlar.

Özünə qəsd etmiş şəxslərin intihar üsulları arasındakı fərqlər araşdırılarkən onların bir-birinə bənzədiyini görmək mümkündür. Bu cür insanlar ümidlərini itirdikdə, problemlərinə digər həll yolu tapa bilmədikdə çox vaxt kiminsə intihar xəbərini özləri üçün işarə kimi qəbul edir və özlərinə bənzəyən insanın etdiyini təkrar edirlər. Dünya təcrübəsi göstərir ki, televiziyalarda verilən intihar xəbərləri və görüntüləri aradan qalxarsa, bu, intihar hallarının 4-5 dəfəyə qədər azalmasına gətirib çıxara bilər. Digər tərəfdən, yeniyetmə gənclər ailələrində baş verən konfliktlərə, valideynlərinin təzyiqinə dözə bilməyərək bir sıra hallarda evdən qaçırlar. Gənclərin psixologiyası demək olar ki, hər bir şeyə həssas olduğundan  hansı bir uğursuzluq onları çətin duruma salır. Bir çoxları da həmin çətin durumdan çıxmağın yolunu yalnız intihar etməkdə görürlər. Gənclər arasında özünə qəsdlərin sayının artması səbəblərini mütəxəssislərdən də öyrənməyə çalışdıq.

"Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova bu qənaətdədir ki, yeniyetmələr arasında intiharlarının sayının artması birinci növbədə ailədə olan problemlərdən qaynaqlanır: "Gənclərin özünə qəsd etmə hallarının artması heç də yaxşı hal deyil. Hardasa 13-17 yaş arasında olan uşaqlar buna gedirlər. Ailə normal mühitdə yaşayırsa, onu valideynləri sevgilə yanaşırsa, belə bir mühitdə böyüyən gənc heç bir halda özünə qəsd yolunu tutmaz. Belə uşağın psixologiyasında, psixoloji sağlamlığında adətən ciddi problemlər olmur. Yalnız şəxsi dostları ilə hansısa münaqişələrin olması, yeniyetməlik dövrünün sevgi məsələlərilə bağlı müəyyən problemlər ortaya çıxa bilər. Lakin ailədə hər hansı bir problem yaşanırsa, bu istər-istəməz gəncə də mənfi mənada təsir edir. Məsələn, ailə üzvləri arasında özünü göstərən alkoqalizm, narkomaniya, zorakılıq halları varsa, belə vəziyyət son nəticədə uşağın özünə də sirayət edir. Bir sıra aillələrdə gəncin, xüsusən də qızların özü zorakılıqla qarşılaşdığından həyatdan bezib çıxış yolunu intihar etməkdə görür. Bu onların ailədə, cəmiyyətdə olan hansısa bir problemə sanki etiraz formasıdır. Uşaqlar intihara getməklə sanki istəyir ki, cəmiyyət onlara diqqət yetirsin, problemin olmasını nəzərə alsın. Belə demək mümkünsə, intihara getmək uşaqlar üçün hardasa bir etiraz formasıdır. Digər tərəfdən bəzi məqamlarda isə uşağın dözə bilməyərək bu həyatda yaşamaq istəməməsi kimi hallar da baş verib. Xüsusən də küçə uşaqları belə vəziyyətə düşür. Həmin uşaqlardan kimisə dözməyərək intihar edir, kimisi də cinayətkarlara qoşulur, narkoman olur. Bütün halarda uşaq intiharları əsasən ailədə olan problemlərdən qaynaqlanır".

Psixoloq Elnur Rüstəmov da düşünür ki, gənclər arasında özünə qəsd hallarının artmasının kökündə ailədaxili münaqişələr durur: "Gənclər arasında intihar hallarının çoxalmasına təsir edən başlıca faktor ailədaxili münaqişə və ailədaxili konfliktlərdir. Uşaqlar ailə daxilində problemlər yaşananda çıxış yolunu özünə qəsddə görərək belə bir yanlış yolu tutur. Hazırda Azərbaycan da dinamik bir cəmiyyətdə yaşayır, həm ata, həm ana da çalışır. Yəni hər iki valideyn gününün əsas hissəsini işdə keçirməyə məhkum olur. Belədə onların böyüyən gənc nəsil olan övladlarına diqqət yetirmələrinə vaxt qalmır. Uşaqların beləcə diqqətdən kənar qalması ilə onların həll olunmayan problemləri yığılıb qalır, narahatçılığı artır. Bunun da son nəticəsi olaraq onlar intihara meyllənir. Ona görə də düşünürəm ki, uşaqların psixoloji sağlamlığını qorumaq vacib faktordur. Bu istiqamətdə dövlət tərəfindən ciddi addımlar atılmalıdır. Reabilitasiya mərkəzləri açılmalı, təlimlər təşkil olunmalı, treninqlər keçirilməlidir ki, uşaqlar öz psixoloji sağlamlıqlarının qeydinə qala bilsinlər. Əsas problem odur ki, biz fiziki sağlamlığımızın qeydinə psixi sağlamlıqdan daha çox qalırıq. Başımız ağlayan kimi, həkimin yanını qaçırıq, ancaq psixi sağlamlığın qeydinə demək olar ki, qalmırıq. Ailəyə münasibətdə də vəziyyət belədir. Nəticədə də uşaqlar arasında özünə qəsdlə bağlı acı hadisələr baş verir. Özü də intihar hallarının cavanlaşması ağrılı bir prosesdir. Ona görə də valideyn uşaqda hər hansı bir narahatçılıq hiss edən kimi yaxşı olar ki, vaxt itirmədən mütəxəssisə müracət etsin. Digər tərəfdən, bir sıra filmlər var ki, o da uşağı özünə qəsdə sövq edir. Ona görə də düşünürəm ki, uşaqların filmlərə baxması prosesi də tənzimlənməli, hədəf kütləsi bəlli olmalıdır".

Rüfət NADİROĞLU