Jurnalistlərin atıcılıq yarışının vaxtı dəyişdirildi

9 Aprel 2016 21:00 (UTC+04:00)

KİV nümayəndələri arasında keçiriləcək III atıcılıq turnirinin vaxtı dəyişdirilib.SHXÇDX-dən Movqe.az-a bildiriblər ki, bu qərar jurnalistlərin çoxsaylı müraciəti əsasında qəbul olunub. Təşkilatçılar turniri əvvəlcədən elan edildiyi kimi mayın 6-da yox, 7-də keçirməyi qərara alıblar.


Belə ki, turnirdə iştirak etmək istəyən jurnalistlərin bir qismi bildirib ki, mayın 6-sı cümə gününə, yəni iş gününə təsadüf etdiyindən onların iştirakına mane olur. Mayın 7-si isə şənbə gününə düşdüyündən bununla bağlı çoxları üçün ciddi problem yaranmayacaq.


Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş III atıcılıq turnirinə start verir. Turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində KİV-in rolunun artırılmasıdır.


Turnir may ayının 7-də "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin Sabunçu rayon filialında keçiriləcəkdir. Yarışda 3 nəfərdən təşkil olunmuş KİV nümayəndələrindən ibarət komandalar iştirak edə bilər.


İki mərhələdə keçiriləcək turnirdə I, II və III yerlərin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.


Turnirdə iştirak etmək istəyən hər bir KİV-dən komandanın tərkibi haqqında məlumatı aprel ayının 20-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına və yaxud [email protected] elektron ünvanına göndərmək xahiş olunur. Məlumata aşağıda qeyd olunanlar daxil edilməlidir: komanda üzvlərinin soyadı, adı, atasının adı, təvəllüdü, vəzifəsi.