Sulutəpə hadisələrinin maraqlı təfərrüatları üzə çıxdı

20 Aprel 2012 11:59 (UTC+04:00)
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev aprelin 18-də Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş vermiş insidentin araşdırılmasına göstəriş verib.
R.Abdullayevin əmri ilə neft-qaz əməliyyatları üçün nəzərdə tutulmuş mədən ərazilərində qanunsuz inşa olunan yarımçıq tikililərin qarşısının alınması məqsədilə ARDNŞ-ın Təhlükəsizlik İdarəsinin hüquq-mühafizə orqanları ilə birlikdə keçirdiyi tədbir zamanı baş vermiş hadisələrin, kütləvi informasiya vasitələrində yayımlanmış video və foto görüntülər, eləcə də əldə edilmiş digər materiallar əsasında şirkət əməkdaşlarının və hadisələrin digər iştirakçılarının əməllərinin ətraflı araşdırılması və obyektiv qiymətləndirilməsini təmin etmək məqsədilə komissiya yaradılıb.
Əmrdə deyilir: "Təhlükəsizlik İdarəsi tərəfindən 18.04.2012-ci il tarixində həyata keçirilmiş tədbir barəsində ətraflı məlumat toplanılsın, KİV-də yayımlanmış məlumatlar ətraflı araşdırılsın; tədbir zamanı öz vəzifə funksiyalarını yerinə yetirməmiş və ya lazımi qaydada yerinə yetirməmiş və jurnalistlərə münasibətdə hüquqazidd hərəkətlərə yol vermiş əməkdaşların dairəsi müəyyən edilsin və onlar barəsində lazımi tədbirlər görülməsi barəsində təkliflər versin; son zamanlar mövcud qanunvericiliyin tələblərinə məhəl qoymadan qanunsuz tikililəri inşa etmiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün ətraflı məlumatların toplanılması və mövcud qanunvericiliyə uyğun olaraq aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edilməsi təmin edilsin; komissiya tərəfindən görülmüş tədbirlər barəsində ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılması üçün tədbirlər görülsün; bu əmrdən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi təmin edilsin. Təhlükəsizlik İdarəsinə tapşırılsın ki, özbaşına tikililərin qarşısının alınmasında iştirak edən əməkdaşların konflikt şəraitində qüvvədə olan qanunvericiliyin, ARDNŞ-ın daxili normativ sənədlərinin tələblərinə, vəzifə təlimatlarına ciddi əməl olunmasına, hüquqazidd hərəkətlərə yol verilməməsi üçün zəruri təbliğat, maarifləndirmə tədbirlərini həyata keçirsin, şəxsi heyətin belə tədbirlər zamanı nümunəvi davranış qaydalarına riayət etməsi üçün təbliğat keçirilməsini təşkil etsin".
Daxili İşlər Nazirliyi Sulutəpə qəsəbəsindəki insidentlə bağlı açıqlama yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 18-də Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisindəki qanunsuz tikililər sökülərkən 200-250 nəfər qəsəbə sakini buna etiraz əlaməti olaraq şirkətin əməkdaşları Fəqan Yəhyanı, Hüseyn Əzəmini, Yalçın Məmmədovu, Rəşad Qədimovu, İlham Şahverdiyevi, Musa Abuzərovu və Aqşın Piriyevi döyərək onlara xəsarət yetirib. Bu zaman sakinlərdən İdrak Abbasov və Camal Əliyev də xəsarət alıblar.
İ.Abbasov və C.Əliyev xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri qənaətbəxşdir. Sakinlər Bakı-Şamaxı yolunun 13-cü km-də avtomobil yolunu bağlamağa cəhd göstəriblər. Cəhdin qarşısı alınıb, onlardan 10 nəfəri Binəqədi RPİ 40-cı PB-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi ilə protokol tərtib olunduqdan sonra buraxılıblar.
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Bakının Binəqədi rayonunda Sulutəpə yatağı ərazisində qanunsuz tikililərin sökülməsi ilə əlaqədar baş vermiş insidentin təfərrüatlarını aydınlaşdırır. Bu barədə jurnalistlərə ARDNŞ-nin Hüquq İdarəsinin rəhbəri Elşad Orucov məlumat verib. Onun sözlərinə görə, şirkətin yeddi əməkdaşının və daha iki şəxsin xəsarət aldığı insidentlə əlaqədar şirkətin vitse-prezidenti Mikayıl İsmayılovun başçılığı ilə xüsusi komissiya yaradılıb.
Elşad Orucov bildirib ki, əgər Dövlət Neft Şirkətinin işçilərinin günahı sübuta yetirilərsə, onlar məsuliyyətə cəlb ediləcəklər. Onun sözlərinə görə, Binəqədi rayonu və konkret olaraq Sulutəpə ərazisi qanunsuz binaların fəal şəkildə tikildiyi yerdir. Bu da öz növbəsində neft-qaz əməliyyatlarının və karbohidrogenlərin hasilatının tam şəkildə aparılmasına mane olur. Bu ərazilər "Binagadi oil" əməliyyat şirkətinə məxsusdur və qanunsuz tikililər səbəbindən yatağın işlənməsi layihəsinin iştirakçısı olan xarici tərəfdaş müqavilə çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmir. Elşad Orucov bildirib ki, öz növbəsində ARDNŞ bu müqavilələr üzrə dövlət zəmanətini reallaşdıra bilmir.
O vurğulayıb: "Biz sözügedən ərazidə kütləvi qanunsuz evləri aşkarlamışıq və aprelin 4-dən etibarən bu evlərin sökülməsi işləri başlanılıb".
Onun sözlərinə görə, vətəndaşlar kütləvi şəkildə evlərin sökülməsinə mane olmağa çalışırlar. Naməlum şəxslərin əhalini ARDNŞ nümayəndələri və hüquq-mühafizə orqanı əməkdaşlarına qarşı zor tətbiq etməyə təhrik etməyə çalışdıqlarını vurğulayıb. Nəticədə 7 şirkət əməkdaşı və 2 mülki vətəndaş xəsarət alıb. E.Orucov jurnalist İdrak Abbasovu insanları şirkət əməkdaşlarına daş atmağa təhrik etməkdə ittiham edib. O, "Yeni Müsavat"ın jurnalistinin fotoaparatının ARDNŞ əməkdaşları tərəfindən əlindən almadığını xüsusilə vurğulayıb.
İndiyədək ARDNŞ tərəfindən sənaye təyinatlı torpaq sahələrində və neft quyularının təhlükəsizlik zonasında qanunsuz tikililərə malik şəxslər barəsində 15 min şikayət ərizəsi verilib.