Dağlıq Qarabağ münaqişəsi Ukrayna mediasının gündəmində

11 Aprel 2016 17:30 (UTC+04:00)

Ukrayna ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların çatdırılması istiqamətində görülən işlər çərçivəsində Ukrayna Milli Jurnalistlər İttifaqının üzvü Əli Dəmirov tərəfindən aprel ayının 4-də Ukraynanın nüfuzlu "ICTV" televiziya kanalının "Факты" proqramında Dağlıq Qarabağ münaqişəsi barədə reportaj efirə verilib.


Movqe.az trend-ə istinadən bildirir ki, reportaj "ICTV"nin müxbiri Taras Karniyuk tərəfindən hazırlanıb.


T.Karniyuk reportaj zamanı Ermənistan dövlətini sərt tənqid edib. Reportajda Ermənistanın Rusiyanın marionetkası olması qeyd olunub və rəsmi Yerevanın Krım yarımadasının Rusiya tərəfindən işğal olunmasını dəstəkləməsi xüsusilə vurğulanıb.


Bununla yanaşı, televiziya izləyicilərinə Ermənistanın işğalçı dövlət olması faktı çatdırılıb. Ukraynada geniş izləyici kütləsinə malik "Факты" proqramında yayımlanan reportaj vasitəsilə Ermənistanın yürütdüyü çirkin siyasət ifşa edilib.


"ICTV" televiziya kanalının rəhbərliyi yaxın zamanlarda T.Karniyuk daxil olmaqla, respublikamıza çəkiliş qrupunun göndərilməsi barədə qərar qəbul edib. T.Karniyukun Azərbaycanda hazırlayacağı reportajlar respublikamızın haqlı mövqeyinin Ukrayna ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli addım olacaq.