İdxal məhsulları yenidən bahalaşır

4 Dekabr 2012 16:59 (UTC+04:00)
Dünyada ərzaq məhsullarının bahalaşmasının növbəti dalğasının başlanacağına dair yeni həyəcan təbili çalınır. Əsas səbəb kimi isə yeni neftin qiymətinin artması göstərilir. Bu da öz növbəsində idxal məhsullarının qiymətinin artmasını istisna etmir.
İqtisad elmləri doktoru, professsor Zahid Məmmədov neftin bahalaşması və bunun ərzaq qiymtələrinə təsiri barədə Mövqe. Az-a açıqlamasında aşağıdakıları deyib: "Bunu  ilk öncə təhlil etmək lazımdır. Azərbaycana idxal edilən məhsullar niyə bahalaşır? Ərzaq məhsulları əsasən harada tükənir, harada istehlak olunur? İlk öncə buna nəzər yetirmək lazımdır.  Bizdə ərzaq məhsullarının istehlakı daha çox əyləncə mərkəzləri, şadlıq evləri və yas yerlərinin payına düşür. Axı dünyanın heç bir yerində belə deyil. Bu qədər gərəksiz, insanların ehtiyac duymadığı məhsulların masanın üzərinə qoyulmasını heç qəbul edə bilmirəm. İnsan tərəfindən tükədilməyən naringi, mandarin, banana milyonlarla pul verilir. Uzaq məsafədən gətirildiyi halda bunlar gərəksiz yerə masanın üzərinə düzülür. Masanın üzərində də qalır və atılır. Hər şey özümüzlə bağlıdır. Təbii ki, hər seyə, eləcə də ərzaq məhsullarına israfçılıqla yanaşsaq, hətta həndəsi silsilələrlə qiymət artımı müşahidə edilə bilər. Buna görə də özümüzü qorumağımız lazımdır. Artıq bu məsələyə dur deməyin zamanıdır. Gərəksiz, lazımsız, məntiqə sığmayan israfçılığa son qoymaq vaxtı gəlib çatıb. Qiymət bahalaşmasının qarşısını almaq üçün isə özümüz səy göstərməliyik".
İqtisadçı ekspert Nazim Məmmədov də məsələ ilə bağlı Mövqe. Az saytına açıqlama verib: "Azərbaycanın daxilində neft məhsullarının satışı Tarif Şurasının qərarı ilə müəyyən edilir. Neftin qiymətinin dünya bazarında artıb-artmamasından asılı olmayaraq, Azərbaycanda daxili istehlak üçün nəzərdə tutulan neft məhsullarının qiymətini Tarif Şurası müəyyənləşdirir. Dünyada neftin bahalaşmasının birbaşa olaraq Azərbaycana heç bir təsiri yoxdur. Dolayısı təsirlər var. Bu təsirlər belədir ki, Azərbaycana daxil olan bir çox ərzaq məhsullarının qiyməti xarici istehsalçılardan asılıdır. Təbii ki, o ölkələrdə ki, daxili enerji resursları, neftin qiyməti ilə paralel olaraq dəyişir, o ölkələrdə istehsal olunan məhsulların qiymətinə təsir edir. Belə məhsullar da Azərbaycana idxal olunan zaman qiymət bahalaşa bilər. Buna görə Azərbaycan hökuməti daha çox öz daxilində olan istehsalçıları stimullaşdırmalıdır ki, dünyada baş verən qiymət dəyişikliyi bu və ya digər formada ərzaq məhsullarının qiymətinə təsir etməsin".