Azərbaycan qeyri-neft sektorunda daha çox gəlir əldə edəcək

12 Aprel 2016 07:00 (UTC+04:00)

Bu gün hökumət qarşısında əsas vəzifələrdən biri də qeyri-neft sektorunun Azərbaycanın ixrac strukturunda daha böyük çəkiyə malik olmasıdır. Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bununla bağlı bildirib: "

Qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir. Biz buna nail olmuşuq və gələcəkdə əlbəttə, çalışmalıyıq ki, qeyri-neft sektoru bizim ixrac strukturumuzda da daha böyük çəkiyə malik olsun".

İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, ixracatda qeyri-neft sektorunun payının artırılması mümkündür və əsasən kənd təsərrüfatı ilə nəqliyyat sahəsinin hesabına həmin vəzifənin icrasına nail olmaq olar: "Ölkə iqtisadiyyatının diversifikasiyasının dəyərləndirilməsilə bağlı müəyyən araşdırmalar aparmışıq. Bu zaman aydınlaşıb ki, xüsusilə ixrac yönümlü müqayisəli üstünlüyə malik olan qeyri-neft sektoru sahəsi kənd təsərrüfatı, nəqliyyat sektorlarıdır. Ölkə daxilində turizmin genişləndirilməsi imkanları vardır. Habelə yüngül, yeyinti sənayesinin ixrac potensialı daha üstün qiymətləndirilir.

Amma prioritet olaraq bu istiqamətdə əsasən kənd təsərrüfatı və nəqliyyat sahəsi gəlir gətirir. Bu istiqamətdə müəyyən təşviqedici addımların atılması, həmçinin istehsal imkanlarının liberallaşdırılması, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması istiqamətlərində prosesi sürətləndirmək gərəkdir. İxracın təşviqi ilə bağlı müəyyən proqramlar hazırlanmalıdır. Bununla bağlı artıq ölkə rəhbərliyi tərəfindən fərman imzalanıb.İxraca görə əlavə dotasiyaların verilməsi mexanizmləri hazırlanır.

Eyni zamanda, burada yüngül və yeyinti, habelə neft-kimya sənayesi də Azərbaycanda nisbətən rəqabət qabiliyyətli sahələrdən hesab olunur. Bu istiqamətlərdə ölkəmizin ixrac imkanları genişdir, müəyyən bazarları var. Əsasən də aqrar sektorda Rusiya kifayət qədər tələb olunan bazardır. Sadaladığım bu qeyri-neft sahələrinə diqqətin artırılması və ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesinin sürətləndirilməsi son nəticədə qısa müddət ərzində qeyri-neft sahələri üzrə ixrac potensialımızın artmasına gətirib çıxaracaqdır".

Müstəqil istisadçı-ekspert Yaşar Əsədov məsələnin həlli üçün ilk növbədə qeyri-neft sektoru olaraq aqrar sahənin daha sürətlə inkişaf etdirilməli olduğunu bildirdi: "Azərbaycan qısa zamanda qeyri-neft sektorunu ciddi şəkildə inkişaf etdirməlidir. Qarşıya qoyulan məqsəd də məhz bundan ibarətdir ki, onun hesabına ölkənin ixracatında qeyri-neft sektorunun çəkisini artırmaq mümkün olsun. Bunun üçün də ilk növbədə kənd təsərrüfatı sahəsinin ciddi inkişafına nail olmaq gərəkdir. Həmçinin, kənd təsərrüfatı məhsullarının emalı, turizm sahəsinin də inkişafına xüsusi önəm verilməlidir.

İndiki şəraitdə karbohidrogen ehtiyatların qiymətinin düşməsi fonunda, neft-qaz sənayesinin büdcədə həcmi təbii ki, azalacaq. Deməli, avtomatik olaraq prosesin gedişində qeyri-neft sektorunun həcmi artacaq. Tikinti, yüngül, ərzaq sənayesinin inkişafı yolu ilə də qeyri-neft sektorunun ixracatda payının çoxalmasına stimul vermək mümkündür. Yəni, bu istiqamətdə ciddi uğurlara imza atmaq üçün ölkəmizin imkanları kifayət qədər böyükdür. Əsas məsələ idxal-ixracatda dəqiq siyasətin qurulmasıdır ki, xaricdən gələn ucuz məhsullar ölkə daxilində istehsalın qarşısını almaq gücündə olmasın".