Torpaqların istifadəsiz qalmasına son qoyulur

12 Aprel 2016 08:00 (UTC+04:00)

Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Prezident bu dəfə də istifadəsiz qalmış torpaq sahələrinə toxundu. İlham Əliyev bildirdi ki, rayonlarda kifayət qədər istifadəsiz torpaq sahələri var: "Biz bu məsələ ilə də ciddi məşğul olmalıyıq. Burada həm inzibati tədbirlər, eyni zamanda, stimullaşdırıcı tədbirlər görülə bilər. Torpaqları əldə edən, ancaq uzun müddətdir ki, ondan istifadə etməyən şirkətlər, insanlar özlərini daha da məsuliyyətlə aparmalıdırlar. Əgər o torpaqlardan istifadə etmirlərsə, onda müəyyən mexanizmlər tətbiq edilməlidir. Biz imkan verə bilmərik, - hələ ki, özümüzü ərzaq məhsulları ilə tam təmin etməmişik, - bu torpaqlar uzun illər istifadəsiz qalsın. Mən bu vəzifəni də qarşıya qoyuram. Burada həm yerli, həm mərkəzi icra orqanları birgə işləməlidirlər".

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, istifadəsiz və şoranlaşmış torpaqların yenidən dövriyyəyə qaytarılması üçün böyük stimullaşıdırıcı proqram tərtib olunmalıdır: "Fermerlərə uzunmüddətli kreditlərin verilməsi, xarici bazarlara çıxışı üçün onlara imkanların yaradılması, xaricdən gətiriləcək hansısa avadanlığın, toxumun alınmasında dəstək verməklə həmin torpaqları yenidən iqtisadiyyata qazandırmaq olar. Amma bu, yalnız inzibati üsullarla çətin düzələcək məsələdir. Bunun üçün iqtisadi alətlər də işə düşməlidir.

Ölkədə aqrar sənaye ilə məşğul olan ayrıca bank yaradılmalıdır. Hansı ki, dünyada belə prarkika çoxdan tətbiq edilir. O bank uzunmüddətli və aşağı faizlə kreditlərin verilməsi ilə məşğul olur. Bu, kənd təsərrüftı sahəsində ciddi irəliləyişə səbəb ola bilər".

Ekspert əlavə etdi ki, heç bir ölkə ərzaq təhlükəsizliyini özü tam təmin edə bilmir: "Amma ən azından özümü ərzaqla təmin etməyi yüksək səviyyəyə çatdıra, ixracatı artıra bilərik. Kənd təsərrüfatı ixracatı Azərbaycanda prioritet olmalıdır. Çünki, kənd təsərrüfatı məhsullarının ixracı məsələsində yaxşı tarximiz var, həm də bu işi bacarırıq. Ona görə də həm daxili tələbatı ödəmək, həm də ixracat üçün aqrar sahədə potensialımız böyükdür".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirir ki, hazırda bəzi yerlərdə xüsusi ilə pay torpaqları istifadəsiz qalıb: "İnsanların həm pay torpaqları var, həm də sosial müavinət üçün dövlətə müraciət edirlər. Ancaq torpaq varsa, ondan istifadə etmək lazımdır. Nəzərə alaq ki, şoranlaşma nəticəsində torpaq fonudunun yararlığını itirən hissəsi də var. Torpaqlardan istifadə üçşün dövlət tərəfindən dəstək olmalıdır.

Dəstək maliyyə yardımından fermerlərin bilik və bacarığının artırılmasına qədər olmalıdır. Çünki, əkin üçün maliyyə lazımdır. Dünyanın əksər ölkələrində fermerlərə subsidiyalar və ucuz kreditlər verilir. Bizdə də subsidiya verilir. Ancaq onun verilmə mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Eyni zamanda verilən kreditlərin faiz dərəcələri yüksəkdir. Kənd tərəsərrüfatı yüksək riskli sahədir. Ona görə də ucuz kreditlərə əlçatanlıq təmin edilməlidir. Həmçinin satış bazarları yaradılmalıdır.

Məhsul istehsal etmək işin bitməsi demək deyil. Bazarlar yaradılmalıdır ki, fermerlər istehsal etdiyi məhsulu sata bilsinlər. Burada artıq dövlət sifarişi məsələsi gündəmə gəlir ki, dövlət kəndlinin məhsulunu müəyyən razılaşdırılmış qiymətə almalıdır. Fermer də həmin qiymətə uyğun öz işini quracaq. Hazırda bəzən fermerin xərci gəlirindən çox olur. Ona görə də insanlar torpağı əkməkdə maraqlı deyillər. Nəzərə alaq ki, artıq kəndlərə dönüş başlanıb. Bu fonda həmin insanları torpağa istiqamətləndirmək yaxşı olardı".